Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1431/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "əsassız borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən ona məxsus ünvan 2ndə yerləşən 172 nömrəli evin hesab koduna əsassız hesablanmış 3110,40 manat məbləğin silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən ona məxsus evin qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmiş, nəticədə cavabdehin əməkdaşları tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünə vurulan plombun rənginin fərqlənməsi barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında **********70935 nömrəli hesab koduna əsassız olaraq 3110,40 manat məbləğində maddi ziyan hesablanmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin işçiləri sayğacı dəyişdirmiş və məhz bundan sonra borc yazılmışdır. O, kart vasitəsi ilə ödəniş etdikdən sonra borcun yazıldığını müəyyən etmişdir. Aktda sayğacın rənginin dəyişdiyi qeyd olunmuşdur. O hesab edir ki, sayğacın rənginin dəyişməsi normal haldır, çünki sayğac küçədə yerləşir və günəşin, yağışın təsirinə məruz qalır. Cavabdehin nümayəndəsi X5 isə iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, İddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə ilə bağlı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib olunmuşdur. Müdaxilə bundan ibarət olmuşdur ki, sayğacın quraşdırıldığı zaman ona vurulmuş qırmızı rəngli plombun baxış zamanı rənginin fərqli olduğu aşkar edilmişdir. Sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama nəticəsində sayğaca müdaxil olunması barədə rəy verilmiş və bundan sonra xx.xx.2023-cü ildə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib olunmuşdur. Lakin akt tərtib olunduğu zaman sayğacın nömrəsi ilə bağlı səhvə yol verilərək akt səhvən X4 adlı şəxsin adına tərtib olunmuşdur. Bundan sonra həmin yanlışlıq aşkar edilmiş və xx.xx.2023-cü ildə yenidən iddiaçının adına akt tərtib olunmuşdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsi 172 nömrəli evdə yaşayır. Həmin evə **********70935 abonent kodu verilmişdir. Cavabdeh işçiləri tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmiş, lakin aktda "Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd" qrafası boş saxlanmış, "Tələb" qrafasında isə "Dəymiş ziyan hesablansın" yazılmışdır. Akt İddiaçı tərəfindən imzalanmamış, hətta aktda onun aktı imzalamaqdan imtina etməsi də yazılmamışdır. İddiaçının adına olan Abonentin saldosuna 2023-cü ilin iyun ayında cavabdeh tərəfindən 25920 kub.m qaz sərfiyyatı və bunun üçün 3110,40 manat borc daxil edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü ildə 04/7288 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" bağlanmışdır. Müqavilədə istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 markalı **********302 nömrəli qaz sayğacının xx.xx.2023-cü ildə quraşdırıldığı göstərilmişdir. İddiaçının adına olan Abonentin saldosunda isə "Zenner GT4 smart" markalı **********302 nömrəli qaz sayğacının quraşdırılma tarixi kimi xx.xx.2022-ci il göstərilmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı X3 (abonentin kodu: **********10000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, 1802AZ**********57 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünə vurulan plombdan rəngi fərqlidir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, həmin akt ünvan 2 ünvanında istehlakçı İddiaçı (abonentin kodu: **********70935) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş, aktda "Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd" qrafası boş saxlanmış, "Tələb" qrafasında isə "Dəymiş ziyan hesablansın" yazılmışdır. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə xx.xx.2023-cü il tarixə 25920 kub.m qaza görə borcu 3110,40 manat təşkil edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlərin xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiyası). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat borcun hesablanmasına əsas verən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da İddiaçı qazdan istifadə ilə bağlı hər hansı pozuntuya yol verməsi qeyd olunmamış və heç bir səbəb göstərilmədən "Dəymiş ziyan hesablansın" yazılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" isə iddiaçı barəsində deyil, X4 adlı başqa bir şəxs barəsində tərtib olunmuş, eyni zamanda, həmin aktda iddiaçının deyil, başqa şəxsin ünvanı, sayğac nömrəsi və abonent kodu yazılmışdır. Qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın İddiaçı aidiyyəti müəyyən olunmur. Göründüyü kimi, təqdim olunmuş sübutlar İddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə olunmasını təsdiq etmək üçün əsas vermir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, "Qazdan istifadə Qaydaları"nın tələbinə uyğun olaraq, qaz paylayıcısı qazın verilməsinin dayandırılmasını və bərpa edilməsini istehlakçının iştirakı ilə həyata keçirməli olduğu və aktın bir nüsxəsini istehlakçıya təqdim etməli olduğu halda, bunu etməmiş və aktı iddiaçının iştirakı olmadan tərtib etmişdir. Sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli, yaxud xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında iddiaçıya 3110,40 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək həmin borc silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına ünvan 2ndə yerləşən 172 nömrəli evin hesab koduna hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1431/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1431/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver