Məhkəmə qərarları › İş №2(008)-1475/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1475/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1475/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 Saylı ASAN xidmət tərəfindən 24.10.2020-ci il tarixdə qeydə alınmış (nikahın bağlanması haqqında akt qeydləri kitabında 1440 № ilə qeyd edilmişdir) iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh arasında 24.10.2020-ci il tarixində 4 saylı ASAN xidmət mərkəzində nikahı qeydə alınmışdır. Bildirmək istəyir ki, aralarında rəsmi nikah bağlansa da heç bir ailə münasibəti, nə kommersiya, nə də ki hər hansı bir əmək fəaliyyəti sahəsində münasibət olmamışdır. Onu tanıdığı dövrdə ona özünü alicənab bir adam kimi göstərmişdir. Gerçək xasiyyətini isə nikahı qeydə alınandan sonra görmüşdür. Nikahı qeydə alındıqdan sonra ona qarşı davranışları dəyişməyə başlamışdır. Onunla yad bir insan kimi rəftar etməyə başlamışdır. Yekunda isə ona yəqin oldu ki, cavabdeh onu aldadıb və o, hislərində yanılmışdır. O, sadəcə olaraq Azərbaycan Respublikasında rəsmi olaraq qalması üçün əsaslar yaratmağa çalışmışdır. Uzun müddətdir onunla heç bir əlaqə qura bilməmişdir. Sonuncu qeydiyyat yeri ilə bağlı məlumatı isə Dövlət Miqrasiya Xidmətinə sorğu verərək almışdır. Bilsəydi ki, cavabdeh ondan sui-istifadə edərək formal olaraq ailə qurmaq istəyir, buna qətiyyən razı olmazdı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X1 AZ-İİ 419127 nömrəli, 24.10.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Riaz X4 ilə İddiaçı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 24.10.2020-ci il tarixdə, 1440 nömrə ilə qeyd olunaraq rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Riaz, arvada Riaz soyadı verilmişdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Göründüyü kimi qanunvericlikdə nikahın etibarsız sayılmasının əsaslarının dairəsi qanunvericliklə konkret müəyyən edilməklə məhdudlaşdırılmışdır. Mülki işin hallarından görünür ki, iddiaçı ilə cavbadeh birgə nikaha girən zaman iddiaçı öz əməlinin hüquqi nəticələri dərk edərək nikaha girmişdir, yalnız tərəflər arasında fikir uyğunsuzluğu olduğundan hal-hazırda iddiaçı nikahın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi hallar tərəflər arasında bağlanmış nikahın etibarsız olmasına əsas ola bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Riaz X3 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar