Məhkəmə qərarları › İş №2(008)-1479/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1479/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1479/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "adına olan **********20046 nömrəli abonent koduna xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında hesablanmış 151,20 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "adına olan **********20046 nömrəli abonent koduna xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında hesablanmış 151,20 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə "Azəriqaz" İBnin nümayəndələri tərəfindən ona məxsus evin qaz sayğacı istismar müddəti bitdiyi üçün dəyişdirilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra istehlak etdiyi qaz borcuna dair bildirişdə sərfiyyat borcundan əlavə borcun olduğunu görmüş, məsələni aydınlaşdırmaq üçün cavabdeh idarəyə müraciət etmişdir. Ona sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etdiyi üçün xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 151,20 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat məbləğində ziyan hesablandığı bildirilmişdir. O, sayğaca və qaz xəttinə müdaxilə etməmiş, bu səbəbdən hesablanan borcun silinməsini tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmiş və izahatında əlavə olaraq bildirmişdir ki, o, həmin evdə daimi olaraq yaşamır, arabir oraya gedir və qazdan az istifadə edir. O, kənar xəttdən heç vaxt istifadə etməmiş və buna ehtiyacı da olmamışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddianı etiraf etməmiş, həmçinin izahatında bildirmişdir ki, İddiaçı törətdiyi pozuntu ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən evə **********20046 abonent kodu verilmişdir. Cavabdeh işçiləri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən 151,20 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən 4147,20 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20046) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, daşıyıcı qaz xəttinin dayağının içində sayğacdan kənar xətt aşkar edilmişdir və abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20046) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə edir. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2016-cı ilin may ayına 1512 kub.m qaza görə borcu 151,20 manat, 2023-cü ilin may ayına 34560 kub.m qaza görə borcu 4147,20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iddiada silinməsi tələb olunan borcun bir hissəsi xx.xx.2016-cı il tarixli, digər hissəsi isə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmışdır. Qeyd olunan tarixlərdə müxtəlif maddi-hüquq normaları qüvvədə olduğuna görə məhkəmə onların hər birinə ayrılıqda münasibət bildirməyi zəruri hesab edir. Birinci aktın tərtib olunduğu (xx.xx.2016-cı il) zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. ("Qaz təchizatı haqqında" Qanunun 6-cı maddəsinin 2-ci hissəsi) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. ("Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndi) İddiaçının barəsində tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilmişdir ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İddiaçı qaz xəttinə qanunsuz qoşulduğunu inkar etsə də, həmin aktı təkzib edən dəlil irəli sürməmiş, onun qeyri-qanuniliyini təsdiq edən sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə qeyd olunan aktın qanuniliyini və həmin akt əsasında hesablanmış 151,20 manat borcun əsaslılığını şübhə altına almaq üçün əsas müəyyən etmədi. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. İddiaçıya xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4147,20 manat borcu isə məhkəmə əsassız hesab edir. Belə ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: "Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş Qazdan istifadə qaydaları ilə tənzimlənir." Qeyd olunan maddə xx.xx.2022-ci ildən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istahlakçıdan tələb etməlidir. Sonradan analoji norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndində də müəyyən edilmiş və həmin norma yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi akta əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci ildən etibarən istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olubolmamasına qiymət verilməsi üçün kifayət edir. Lakin əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Bununla yanaşı, tələb bir neçə akt üzrə borcun silinməsinə və ya tutulmasına yönəlmişsə, qətnamənin nəticə hissəsində hər bir akt üzrə silinməli və ya tutulmalı olan məbləğlər ayrıca göstərilməlidir. Bu hal hüquqi müəyyənlik baxımından xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli akt "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin artıq qüvvədə olduğu zaman tərtib edilmişdir. Belə olan halda, İddiaçı qazdan istifadə qaydalarını pozmasında təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməlidir. Lakin "Azəriqaz" İB məhkəməyə belə bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, İddiaçı qaz xəttinə qanunsuz qoşulmasını etiraf etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt İddiaçı 4147,20 manat məbləğində pulun tutulmasına əsas vermir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ″Dövlət rüsumu haqqında″ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddianın qiyməti 4298,40 manatdır, 62,98 manatdır. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 4298,40 manat məbləğində iddianın 4147,20 manat hissəsi (96,48 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 96,48 faizi, yəni 60,76 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 2,22 manat ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında İddiaçı adına olan **********20046 nömrəli abonent koduna hesablanmış 4147,20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 60,76 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar