Məhkəmə qərarları › İş №2(008)-1490/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1490/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1490/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı X1 cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1555,20 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evinə quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü ildə dəyişdirildi və bu barədə ******* nömrəli akt tərtib edildi. Bir müddət əvvəl müəyyən etmişdir ki, adına olan **********00000 nömrəli abonent hesabında 1555,20 manat borc yazılmışdır. Cavabdehə müraciət edəndə xx.xx.2023-cü il tarixli MSK -14-2-2/3-5- 4074-1 nömrəli akt təqdim edilmişdir. Akta əsasən sayğac yoxlamadan keçmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik cızıq izlərinin olduğu və s. qeyd edilmişdir. Cavabdeh əməkdaşları qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması səbəbinə görə 12960 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Cavabdeh heç bir məlumat vermədən, qaz sayğcını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 12960 kubmetr qaz itkisi hesablamış və hesabına 1555,20 manat borc yazmışlar. Qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Sayğac yoxlamaya aparılarkən də müəyyən zədələr ala bilər. Sayğacda olan qüsurlara görə məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X3 iddia tələbini müdafiə edərək, borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, X2 məxsus sayğacın daxilinə baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 12960 m³ hesablanmışdır. - 11.04.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan X1 2023-cü il üçün aktlar üzrə 1555,20 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmasi əsası ilə akt tərtib edilmiş, akta əsasən 12960 m³ qaza görə 1555,20 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanıməhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X2 (abonent kodu **********00000) əsassız hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar