Məhkəmə qərarları › İş №2(008)-1509/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1509/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1509/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 saylı evə qaz istehlakı ilə əlaqədar adına əsassız yazılmış 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanına mexaniki qaz sayğacı quraşdırılmışdır. Sonradan onun müraciəti əsasında mexaniki qaz sayğacı “Smart” tipli qaz sayğacı əvəzləşdirilmişdir. Həmin sayğacdan artıq bir ildən çoxdur ki, heç bir problem olmadan və qaz sayğacı üzrə əvvəlcədən ödəniş etməklə istifadə etmişdir. Daha doğrusu, əvvəlcədən ödəniş etməklə qazdan istifadə etmişdir. Lakin onun məlumatı olmadan cavabdehin nümayəndələri xx.xx.2023-cü il tarixdə guya onun istifadə etdiyi sayğaca baxış keçirmiş və “sayğacın qoruyucu şüşəsinin üzərinə vurulan zavod plombu ətrafına əzik -cızıq izləri var ” yazılmışdır. Dəymiş ziyanın hesablanması və ödənilməsi“ barədə ******* saylı akt tərtib edilmişdir. O zaman həmin sayğac çıxarılmış və başqası ilə əvəz edilmiş, çıxarılmış sayğac yoxlanılması üçün Metrologiya Departamentinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MSK-29/1710-04627-1 saylı aktın 5-ci qrafasında qeyd edilmişdir ki, guya “qaz itkisi” müdaxiləsi qeydi olmuşdur. Sayğacın çıxarılmasından və başqası ilə əvəz edilməsindən və qaz sayğacına müdaxilə adı ilə sənədləşdirilməsindən xəbəri olmamışdır. Övladı Asan Kommunal-a getmiş və orada borcunun olub-olmamasını öyrənmək istəmiş və həmin xidmətin əməkdaşları guya qaz sayğacına müdaxilə etmələri ilə əlaqədar 1555.20 (bir min beş yüz əlli beş) manat 20 qəpik borc yazıldığını bildirmişlər. Ona görə o, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Sabnçu rayon Departamentinə müraciət etmiş və əməkdaşları ilə söhbət edən zamanı ona bildirilmişdir ki, 2023-cü ilin mart ayında guya onun sayğacına müdaxilə olduğundan akt yazılmışdır. Onlara izah etmişdir ki, sayğacın yoxlanılmasından, dəyişdirilməsindən heç bir məlumatı olmamış və bu vaxta kimi ona heç bir məlumat verilməmişdir. Necə ola bilər ki, onun qaz sayğacına baxış keçirilir, lakin onu, nə də ailə üzvlərindən heç kimi dəvət etmirlər. Eyni zamanda, quraşdırılmış qaz sayğacı evindən çox uzaqdır və küçədən onun həyətinə giriş qapısının sol tərəfində yerləşir və həmin sayğaca departamentin əməkdaşları tərəfindən nəzarət edilir. Həmin vaxt bildirmişdir ki, onun aylar üzrə qaz sərfiyyatı barədə arayışa baxılsın və məlum olmuşdur ki, evində qaz sərfiyyatı aylar üzrə stabildir və hər hansı müdaxilədən söhbət gedə bilməz. Lakin buna baxmayaraq, yazılmış cəriməni silə bilməyəcəklərini bildirmişlər. Ona görə hesab edir ki, ona yazılmış cərimə əsassızdır və o, heç vaxt və hər hansı bir formada qaz sayğacına müdaxilə etməmişdir. Ona qaz sayğacına görə yazılmış cərimə əsassızdır və silinməlidir. Həmin müqaviləyə əsasən inspektorlar hər rübdə 1 dəfə sayğaca nəzarət etməlidir. Bu vaxta kimi bir dəfə də olsun qaz sayğaclarının yoxlanmasını həyata keçirən inspektorlar tərəfindən sayğaca baxış keçirilməsinə dəvət edilməmişdir. Ona görə cavabdehin hərəkətləri qanunsuzdur. İstehlakçı ilə qaz paylayıcısı arasında bağlanmış müqaviləyə əsasən qaz paylayıcısının inspektorları hər rübdə 1 dəfə sayğaca nəzarət etməlidir. O, bu vaxta kimi bir dəfə də olsun qaz sayğaclarının yoxlanmasını həyata keçirən inspektorlara sayğaca keçirilən baxışı qadağa etməmişdir. Ona görədə hesab edir ki, qaz idarəsinin göstərdiyi hal əsassız olduğundan onun ünvanına yazılmış 1555.20 (bir min beş yüz əlli beş) manat 20 qəpik pul silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın qoruyucu şüşəsinin üzərinə vurulan zavod plombunun ətrafında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı əvəzlənmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 29/1710- 04627-1 nömrəli aktına əsasən G-4 markalı **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun və plomb yuvasının ətrafında əzik-cızıq izləri var. Qaz sayğacının maksimal qaz sərfi 6 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın həcmi 12960 kubmetr hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555.20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın qoruyucu şüşəsinin üzərinə vurulan zavod plombunun ətrafında əzikcızıq izlərinin olduğu aşkar edilmişdir. Buna görə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555.20 manat vurulmuş ziyan tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********50000 saylı abunə koduna hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 35.55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********50000 saylı abunə koduna hesablanmış 1555.20 manat məbləğində borc silinsin. Cavabdehndən 35.55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar