Məhkəmə qərarları › İş №2(008)-1516/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1516/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1516/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı barəsində tərtib edilmiş cərimə aktı, borclar, müqavilə və digər sənədlərin etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcların əsassız olduğu üçün, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun istifadəmdədir. Həmin ünvanda elektrik enerjisindən, təbii qazdan və digər kommunal xidmətlərdən o və ailəsi istifadə etməkdədir. O birinci qrup əlildir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tərəfimdən istifadə olunan elektrik enerjisinin ölçülməsi üçün olan işıq sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, ictimai istifadə ərazisi olan küçədə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Bir müddət əvvəl, xx.xx.2023- cü il tarixdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları tərəfindən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış işıq sayğacına güya müdaxilə olunduğu üçün, ona 1426 manat cərimə yazılmışdır. Sonradan ona təqdim olunan aktdan da göründüyü kimi, onun adı, aktda yoxdur. Halbuki, həmin işıq sayğacına heç bir kənar müdaxilə olmamışdır. “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları sayğaca kənar müdaxiləyə dair hər hansı bir sübutu ona təqdim etməmişlərdir. Belə ki, onun Vətəndaşlıq hüquqları pozularaq, iştirakı olmadan əsassız olaraq akt tərtib edilmişdir. Hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin hərəkətləri və onların tərtib etdikləri "Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında" aktı və digər sənədlər etibarsız hesab edilməli, həmin aktın əsasında hesablanmış borclar silinməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, yazılmış borc məbləğinin sayğaca müdaxilə nəticəsində tərtib edilmiş olduğunu, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********50004 nömrəli İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə akt üzrə cəmi 1399.66 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 033983 nömrəli 05 avqust 2023-cü il tarixli aktdan görünür ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. Sayğacın faza yuvasına “0” xətti “0” yuvasina isə faza xətti daxil olmuşdur və kənar mənbədən “0” xətti götürülərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı elektrikdən istifadəyə görə xx.xx.2023-cü il tarixə 1543,46 manat borcu yaranmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı elektrikdən istifadəyə görə xx.xx.2023-cü il tarixə 61,99 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13- cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə ilk növbədə iddia tələbinin ilkin-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 033983 nömrəli akt əsasında hesablanmış 1399.66 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktdan məlum olur ki, borc akt sayğacda yaranmış nasazlıq səbəbindən tərtib edilərək abonentə borc hesablanmışdır. Lakin sayğacda yaranmış nasazlıqın səbəbi məhz istehlakçı olan iddiaçının təqsiri ilə olduğu sübut olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin ediləməli, xx.xx.2023-cü il tarixli 033983 nömrəli akt əsasında iddiaçıya hesablanmış 1399.66 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon RETSİ əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı barəsində müqavilə və digər sənədlərin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə aydın olmadığından yəni iddiaçının hansı aktların və hansı müqavilənin etibarsız hesab edilməsini və hansı əsaslarla bunu tələb etməsi məlum olmadığından iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********50004 saylı abonent İddiaçı Azərişıq ASC tərəfindən xx.xx.2023-cü il tarixli 033983 nömrəli akta əsasən hesablanmış 1399.66 (bir min üç yüz doxsan doqquz manat altmış altı qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar