Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-153/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "649,41 manat son haqq-hesabın, 1066,34 manat əmək haqqının ödənişlərində artıq ödəmənin, 5077,71 manat əmək haqqının ödənilməsində gecikdirilmələr üzrə hesablanmış 1% cərimənin və 60 manat mediasiya rüsmunun cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarkən 3000 manat ödənilməmiş əmək haqqının, məzuniyyətə görə pul əvəzinin, son haqq-hesabın, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində 1800 manat ödəncin və ödənilmiş 60 manat mediasiya rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra o, iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, ekspert rəyinə görə (nömrəsi 9/9614) "xxxx" MMC-də işlədiyi dövrdə ödəniləcək son haqq-hesabın məbləğinin 649,41 manat, əmək haqqının ödənişlərində artıq ödəmə məbləğinin 1066,34 manat və əmək haqqının ödənilməsində gecikdirmələr üzrə 1% cərimə məbləğinin 5077,71 manat təşkil etdiyini nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata götürülmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də xx.xx.2023-cü ildən inşaat mühəndisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən işdən azad olunmuşdur. Lakin işdən çıxarkən ona 1500 manat ödənilməmiş əmək haqları, məzuniyyətə görə pul əvəzi ödənilməmişdir və son haqq-hesab verilməmişdir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində ödənc verilməlidir, bu da 1800 manat təşkil edir. Hesab edir ki, məhkəmə tərəfində cavabdehdən işdən çıxarkən ona 3000 manat ödənilməmiş əmək haqqının, məzuniyyətə görə pul əvəzinin, son haqqhesabın, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində 1800 manat ödəncin və ödənilmiş 60 manat mediasiya rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, ekspert rəyinə uyğun olaraq artırılmış iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı 3000 manat ödəniş edildiyini, lakin əmək haqqının gecikdirilməsinə görə 1800 manat ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əlbəəl pul verilib və o, cəmi 6 ay işləyib, lakin 471 gün gecikmə olması mümkün deyildir. Ödənişlər işdən çıxdıqdan 3 ay sonra edildiyi, yekun olaraq nə qədər ödənildiyi isə yadında deyil. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 1440 nömrəli əmrə əsasən xx.xx.2023-cü ildən "xxxx" MMC-yə “inşaat mühəndisi” vəzifəsinə işə qəbul edilmiş, 145 nömrəli əmrə əsasən isə o, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən işdən azad olunmuşdur. - xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 1500 manat məbləğində ödəniş edilmişdir. - "Əmək müqaviləsinə xitam verilməsi barədə" 145Ç/23 nömrəli xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-də "inşaat mühəndisi" vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2 "a" – tərəflərdən birinin təşəbbüsü" maddəsinə əsasən xx.xx.2023-cü ildə xitam verilmişdir. İşçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 10 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin 2023-cü il üzrə ümumi əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, iddiaçıya olan qalığın məbləği 2933,65 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023cü ildə 792,75 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2024-cü ildə 2933,65 manat, xx.xx.2023-cü ildə 1500 manat, cəmi 7726,40 manat əmək haqqı köçürülmüşdür. - "xxxx" MMC-nin 2023-cü ilin iyul ayı üçün ümumi hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı təyin olunmuş əmək haqqı 792,75 manat təşkil edir. - "xxxx" MMC-nin 2023-cü ilin avqust ayı üçün ümumi əmək haqqı cədvəlindən görünür ki, İddiaçı təyin olunmuş əmək haqqı 1500 manat təşkil edir. - "xxxx" MMC-nin 2023-cü ilin sentyabr ayı üçün ümumi hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı təyin olunmuş əmək haqqı 1500 manat təşkil edir. - "xxxx" MMC-nin 2023-cü ilin oktyabr ayı üçün ümumi hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı təyin olunmuş əmək haqqı 1500 manat təşkil edir. - "xxxx" MMC-nin 2023-cü ilin noyabr ayı üçün ümumi hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı təyin olunmuş əmək haqqı 717,90 manat təşkil edir. - "xxxx" MMC-nin 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı əmək haqqısı 1698,29 manatdır, dekabr ayı üzrə faktiki iş günləri “0”dır, məzuniyyət və ya son haqq-hesaba görə 726,18 manat hesablanmış, tutulmalardan sonra ona ödənilməli olan məbləğ 649,41 manat təşkil edir. - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə “inşaat mühəndisi” vəzifəsinə təyin edilmişdir, əmək haqqısı 1698,29 manatdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9614 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə ödəniləcək son haqq-hesabın məbləğinin 649,41 manat, əmək haqqının ödənişlərində artıq ödəmə məbləğinin 1066,34 manat və əmək haqqının ödənilməsində gecikdirilmələr üzrə hesablanmış 1% cərimə məbləğinin 5077,71 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsinə müddətsiz olaraq işə qəbul olunmuş, xx.xx.2023-cü ildə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ″a″ bəndinə əsasən işdən azad edilmişdir. İşçinin əmək haqqı əmək müqaviləsinə görə 1698,29 manat təşkil etsə də, vergilər çıxıldıqdan sonra ələ çatacaq məbləğ 1500 manat təşkil edirdi. İddiaçı işlədiyi dövrdə (xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək) məzuniyyətdən istifadə etməmişdir. Hal-hazırda iddiaçı cavabdehdən 649,41 manat son haqq-hesabın, 1066,34 manat əmək haqqının ödənişlərində artıq ödəmə məbləğinin və 5077,71 manat əmək haqqının ödənilməsində gecikdirmələr üzrə 1% ödəncin tutulmasını tələb edir, bu tələbin əsaslı olub-olmamasıda iddianın mübahisəli halıdır. Hazırki işdə iddiaçı cavabdehdən aşağıdakı məbləğlərin tutulmasını tələb edir:
1. 649,41 manat son haqq-hesabın;
2. 1066,34 manat əmək haqqının ödənilməyən hissəsi;
3. 5077,71 manat əmək haqqının ödənilməsində gecikdirmələr üzrə 1% ödəncin. Məhkəmə hazırki mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69 (6-cı hissə). İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Maddə 83 (1-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83 (3-cü hissə). Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. İlk öncə məhkəmə iddianın son haqq-hesabın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş "Əmək müqaviləsinə xitam verilməsi barədə" 145Ç/23 nömrəli xx.xx.2023-cü il tarixli əmrdə İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 10 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Təqdim edilmiş bir başqa sənəddən, yəni "xxxx" MMC-nin 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, iddiaçıya məzuniyyət və ya son haqq-hesaba görə 726,18 manat hesablanmış, tutulmalardan sonra ona ödənilməli olan məbləğ 649,41 manat təşkil edir. Lakin həmin məbləğin ödənilməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Göstərilən xüsusat ekspert tərəfindən də müəyyən olunmuş və rəyin nəticə hissəsində iddiaçıya ″Conrad″ MMC-də işlədiyi dövrdə ödəniləcək son haqq-hesabın məbləğinin 649,41 manat olduğu qeyd edilmişdir. İddiaçı həmçinin 1066,34 manat əmək haqqının ödənilməyən hissəsini də tələb edir. İş materiallarında olan əmək haqqı cədvəllərindən, ödəniş sənədlərindən və ekspertin rəyindən görünür ki, iddiaçıya 7726,40 manat əmək haqqı ödənilməli olduğu halda 6660,06 manat ödənilmiş, arasında 1066,34 manat artıq ödəmə kimi fərq yarandığı müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Bundan başqa İddiaçı əmək haqqının ödənilməsində gecikdirmələr olduğuna görə qanunla nəzərdə tutulmuş 1% ödənci tələb edir. Məhkəmə ″Conrad″ MMC-nin iddiaçıya edilmiş əmək haqqı ödənişlərin cədvəlini əks edən məktubunun və ödəniş tapşırıqların təhlilindən belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən əmək haqqı gecikdirilmələrlə ödənilmişdir. Həmin gecikdirmələrin ümumi sayı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində 421 gün, bu gecikdirmələrə görə 1% ödəncin isə 5077,71 manat olduğu müəyyən edilmişdir. Beləliklə, iddianın bu hissədə də əsaslığı toplanmış sübutların məcmusu ilə təsdiq olunur. Ona görə də, yekun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 649,41 manat son haqq-hesab, 1066,34 manat əmək haqqının ödənişlərində artıq ödəmə və 5077,71 manat əmək haqqının ödənilməsində gecikdirmələr üzrə 1% ödənc tutulmalıdır. Bundan başqa işdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 60 manat Bakı 3 saylı Mediasiya Təşkilatına rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddianın qiyməti 6793,46 manat təşkil edir və ödənilməli olan dövlət rüsumunun məbləği 87,93 manatdır. İddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 649,41 manat son haqq-hesab, 1066,34 manat əmək haqqının ödənilməyən hissəsi, 5077,71 manat əmək haqqının ödənilməsində gecikdirmələr üzrə 1% ödənc, 60 manat ödənilmiş mediasiya rüsumu, cəmi 6853,46 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 87,93 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Adilə Paşayeva.