Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1573/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 saylı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********3 saylı Çıxarış əsasında iddiaçıya məxsusdur. Cavabdeh onun doğma oğludur. Lakin cavabdeh ona hədə-qorxu gələrək xüsusi mülkiyyət hüququ əsasında, ona məxsus evi zəbt edərək orada yaşamağına icazə vermir. Dəfələrlə cavabdehin mənzildən çıxmasını tələb etsə də, hər dəfə iddiaçını təhqir edərək, hədə qorxu gələrək mənzilə daxil olmağına problemlər yaradır. İddiaçı tərəfindən mübahisə ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/16/2024- 01846 saylı arayış verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası təmamilə əsassız və qanunsuzdur. İddia ərizəsi iddiaçı tərəfindən belə əsaslandırılıb ki; guya cavabdeh iddiaçıya hədə qorxu gələrək, onu təhqir edərək mənzilə buraxmamış və nəticədə onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh aşağıda qeyd edilənlərə əsasən iddianı əsassız və qanunsuz hesab edir. Belə ki; 1. İlkin olaraq nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbi onun mənzilə buraxılmamağı ilə bağlıdırsa o zaman mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. 2. İddiaçı cavabdehin anasıdır. X1 ilə onun birgə nikahından cavabdeh və qardaşı dünyaya gəlmişdir. Onların arasında bağlanılmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra faktiki olaraq onlar arasında razılıq əldə edilmiş və qardaşı atasının yanında, cavabdeh isə anasının yanında qalmaqla yaşamışdır. Bütün öhdəliklərini anası öz üzərinə götürmüşdür. Hazırda isə əsassız iddialarla cavabdehi evdən çıxarmaq istəyir. 3. Mübahisəli mənzilin alınması bu ardıcıllıqla olmuşdur ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi, 24 saylı evin 2 saylı mənzili bölgü olunmuş və mənzilin bir hissəsi atasının xeyrinə bölünmüşdür. Bundan sonra iddiaçı ilə atası arasındaki nikah pozulduqdan sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atası tərəfindən təklif edilib ki, ona düşən pay satılsın. xx.xx.2006-cı il tarixində həmin ev 55.000 manata satılıb. Həmin vəsaitdən atasının təşəbbüsü ilə dəyəri 27000 manat olan mənzil alınaraq iddiaçıya verilib ki, yaşayış şəraitləri olsun. 2018-ci il tarixində həmin evə Dövlət Lahiyəsinə əsasən söküntüyə gedib və yerində 16 mərtəbəli ev tikilib, 2 otaqlı mənzil iddiaçıya verilib. Bütün bu gedişatlar zamanı cavabdeh iddiaçı ilə birlikdə fasiləsiz şəkildə evdə yaşamışdır. 2022-ci il tarixində iddiaçı həmin evi sataraq mövcud mübahisəli mənzili alıb. Göründüyü kimi bu evin alınmasının mənbəyi cavabdehin atası tərəfindən onların yaşayış şəraiti üçün verilən ev olmuşdur ki, iddiaçı onu sataraq vəsait əldə edib və evi dəyişib. Hal-hazırda mənzildə cavabdehin hüquqları olduğu nəzərə alınaraq, bundan əvvəlki mənzillərdə qeydiyyatda olmağı, atası və anası boşandıqdan sonra fasiləsiz şəkildə həmin evdə iddiaçı ilə birlikdə yaşamağı və sair hallar məhkəmə tərəfindən nəzərə alınmalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Xüsusilə qeyd edilməsi zəruridir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar əsassız və qanunsuzdur. Heç bir sübutu yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 50 saylı evin, 3 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. XVİİ-ЖГ seriyalı, 266352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X3r. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 50 saylı evin, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu olmaqla 2006-cı ildən iddiaçı ilə birlikdə yaşayır, 2022-ci ildə iddiaçı yaşadıqları evi sataraq mübahisəli mənzili almışdır və cavabdeh həmin mənzildə yaşayır və istifadə edir. İddiaçı mülkiyyət hüququndan istifadə edərək cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. 01 okytabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə işin hallarına şərh olunan hüquq normasına istinadən qiymət verərək hesab edir ki, cavabdeh 2006-cı il tarixdən (14 yaşından) mülkiyyətçinin ailə üzvü kimi onunla birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır. 2018-ci il tarixində həmin ev Dövlət Lahiyəsinə əsasən sökülmüş və yerində 16 mərtəbəli ev tikilərək, 2 otaqlı mənzil iddiaçıya verilmişdir. 2022-ci il tarixində iddiaçı həmin evi sataraq mövcud mübahisəli mənzili alıb. Göründüyü kimi bütün bu proseslər zamanı cavabdeh fasiləsiz şəkildə iddiaçı ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qərara gəlir ki, cavabdeh mülkiyyətçinin ailə üzvü kimi onunla birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazandığından, onun iradəsinə zidd olaraq istifadə hüququndan məhrum olunması cavabdehin mənzildən istifadə hüququna ziddir və bu əsasla iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1573/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1573/2025
25.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver