Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1577/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Bağırov Mirhikmət İsa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2-dan Cavabdeh, ona məxsus cehiz əşyalarının çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 09 fevral 2018-ci il tarixdə onun oğlu X1 ilə rəsmi nikaha daxil olaraq, mülkiyyətində olan ünvan 2-ya gəlin gəlmişdir. Bir müddət keçdikdən sonra xasiyyətlərində uyğunsuzluq yaranmış, Cavabdeh anası ilə süni hadisə törətmək yolu ilə şərlə oğlu Rəşadı tutdurmaqla hədələmiş, onu evdən çıxmağa məcbur etmişlər. Belə ki, 2021-ci ildən oğlu Rəşad evdən çıxmış, Cavabdeh ilə faktiki olaraq ayrılmışdır. Birgə yaşamaları, ailənin saxlanması qeyri-mümkün olduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 183293 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 xüsusi mülkiyyət kimi 1/2 payda İddiaçı və 1/2 payda X2 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Onun payına düşən hissə üç otaqdan ibarətdir. Cavabdeh evdən çıxmır, əksinə, evdən onun və ailə üzvlərinin istifadə edə bilməməsi üçün evinin açarlarını dəyişmiş, anası, dayısı vasitəsilə ondan hədə-qorxu ilə pul tələb etməkdən belə çəkinməmişdir. Cavabdeh istədiyi vaxt anası ilə iddiaçıya məxsus evdə eyni zamanda valideynlərinə məxsus olan qeydiyyatda olduğu ünvan 1-də qalır. Cavabdeh ilə evindən istifadə qaydalarını tənzimləyən hər hası bir formada razılaşma bağlamamışdır. Onun qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindəki evə ailə üzvləri ilə sahib ola, evindən istifadə edə və öz mülkiyyəti barədə sərəncam verə bilmir. Cavabdehə evindən çıxmasını, evini boşaltmasını şifahi olaraq dəfələrlə, iki dəfə isə poçt göndərişi ilə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə ederək, iddiaçının oğlunun cavabdeh ilə 09 fevral 2018-ci il tarixində rəsmi nikaha daxil olduqlarını, həmin vaxtdan oğlu və gəlini ünvan 2-da yaşadığını, sonradan münasibətləri pisləşdiyindən, Mənsimov Rəşadın 2022ci ildə evi tərk etdiyini, 2024-cü ilin 16 avqust tarixində aralarında olan nikahın pozulduğunu, sonradan həmin mənzilə cavabdeh və anasının gedib-gəlməyə dəvam etdiyini, mənzili tam tərk etməmələrinin səbəbi isə oğlundan pul tələb etməsi olduğunu, İddiaçı 2018-ci ildən mübahisəli mənzildə yaşamasa da, mənzilin bütün kommunal xərclərinin onun tərəfindən ödənildiyini və hazırda iddiaçının öz mülkiyyətindən istifadə edə bilmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 183293 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət kimi 1/2 payda İddiaçı adına və 1/2 payda X2 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 496575 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 11 ayının 02 günündə 372 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli bildirişin (xəbərdarlıq) surətindən görünür ki, iddiaçı Cavabdeh evdən çıxmasını və mənzilin boşaldılmasını tələb etmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun maddəsindən və işin araşdırılan hallarından göründüyü kimi İddiaçı ünvan 2 ünvanında yerləşən 1/2 hissədə mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından göründüyü kimi mənzilin mülkiyyətçisi ilə cavabdeh arasında hər hansı yazılı razılaşma olmamışdır. Həmin Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi və digər ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh mübahisəli mənzilə 2018-ci il tarixdə iddiaçının oğlu Rəşad Mənsimovla nikaha girərək köçmüş və tərəflər arasında olan nikah Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamasına heç bir qanuni əsas yoxdur, onun mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirməsinə mane olduğundan, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmuş olduğundan tələb təmin edilməli, Cavabdeh ona məxsus çehiz əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 2-dan çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ona məxsus çehiz əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 2-dan çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1577/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1577/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver