Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1578/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ilə 25 dekabr 2023-cü il tarixdə 4 saylı Bakı "Asan Xidmət Mərkəzi" Qeydiyyat Şöbəsində 2256 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 dekabr 2023-cü il tarixdə 4 saylı Bakı “Asan Xidmət Mərkəzi" Qeydiyyat Şöbəsində 2256 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olsa da, ailə kimi yaşamamışlar. Bu nikah valideynlərinin təkidi ilə bağlanmışdır. Nikah bağlandıqdan bir neçə saat sonra iddiaçı cavabdehlə səmimi söhbət etdikdə, cavabdehlə birgə yaşamağı, birgə təsərrüfat aparmağı mümkün olmayacaq. Bu səbəbdən hər ikisi ailə qurmadan ayrılmaq qərarına gəlmişlər. Cavabdeh özü də 25 dekabr 2023-cü il tarixdə 4 saylı Bakı “Asan Xidmət Mərkəzi" Qeydiyyat Şöbəsində 2256 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmədiyini, iddiaçının fikri onun üçün önəmli olduğunu, iddiaçını gördüyünü bir müddət bir-birlərini tanıdıqdan sonra nikaha daxil olduqlarını, əgər cavabdeh istəmirsə onun da nikahın etibarsız hesab edilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X1 AZ-İİ 603676 nömrəli, xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2023-cü il tarixdə, 2256 nömrə ilə qeyd olunaraq rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Göründüyü kimi qanunvericlikdə nikahın etibarsız sayılmasının əsaslarının dairəsi qanunvericliklə konkret müəyyən edilməklə məhdudlaşdırılmışdır. Mülki işin hallarından görünür ki, iddiaçı ilə cavbadeh birgə nikaha girən zaman iddiaçı öz əməlinin hüquqi nəticələri dərk edərək nikaha girmişdir, yalnız tərəflər arasında fikir uyğunsuzluğu olduğundan hal-hazırda iddiaçı nikahın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi hallar tərəflər arasında bağlanmış nikahın etibarsız olmasına əsas ola bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1578/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1578/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver