Məhkəmə qərarları › İş №2(008)-1586/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1586/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1586/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu **********00012) əsassız olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyan kimi hesablanmış 7344 (yeddi min üç yüz qırx dörd) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun adınadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00012 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Əvvəlki sayğacı da smart tipli qaz sayğacı idi. Təxminən 2 il əvvəl onun istifadəsində olan smart tipli sayğacı Cavabdeh əməkdaşları dəyişdirərək, yerinə mexaniki tipli sayğac quraşdırdılar. Təxminən 2022-ci ilin iyul ayında yenə də onun istifadəsində olan mexaniki tipli sayğacı Cavabdeh əməkdaşları dəyişdirərək, yerinə smart tipli sayğac quraşdırdılar. Bu yaxınlarda smart kart vasitəsi ilə qaz sayğacına pul yükləmək istəyərkən ödədiyi məbləğin yarısının borca çıxıldığını görmüşdür. Borcunun haradan yarandığını bilmək və öyrənmək üçün Cavabdehnə müraciət etmişdir. Oradan bildirmişlər ki, guya sayğacdan kənar qanunsuz olaraq təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də onun istifadəsində olan sayğaca xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək 7344 (yeddi min üç yüz qırx dörd) manat dəymiş ziyan hesablanmışdır. O, Cavabdeh əməkdaşına bildirmişdir ki, sayğaca və qaz xəttinə heç vaxt müdaxilə etməmişdir. Evinin sayğacı küçədə quraşdırılıb. Qaz xətttinə müdaxilə etmək qeyri-mümkündür. O, həmin sayğaca ancaq smart kartla qaz yükləmək üçün yaxınlaşır. Cavabdeh əməkdaşları da onun aylıq ödənişlərinə baxaraq, ona inandığını, lakin çox adama cərimə yazıldığını bildirmişdir. O, barəsində qərəzli və haqsız yazılan xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında yazılan dəymiş ziyan kimi hesablanan 7344 (yeddi min üç yüz qırx dörd) manat pulun silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinmədi. Ona borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Düşünür ki, qaz sayğacına və qaz xəttinə qanunsuz müdaxilə etmədiyi üçün xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edərək, 7344 (yeddi min üç yüz qırx dörd) manat pulun tələb olunması ona qarşı haqsızlıqdır. O, xəstədir, ayağında problem var və ayaq üstə dayanmaqda çətinlik çəkir. Bu səbəbdən də qaz xəttinə və yaxud qaz sayğacına müdaxilə etmək onun fiziki imkanları xaricindədir. O, evdə özünü çox çətinliklə idarə edir. Bu səbəbdən də sayğaca və ya qaz xəttinə müdaxilə etməsi qeyri-mümkündür. Ona Cavabdeh əməkdaşları tərəfindən təqdim edilən fotoşəkillər onun evinə aid deyil. Darvaza və sayğacın şəkilləri ona aid olsa da digər şəkillər harada və necə çəkilib bilmir. Bundan əlavə, Cavabdeh əməkdaşları tərəfindən ona təqdim olunan ödəniş cədvəlindən görünür ki, o, hər ay stabil olaraq ödənişlər etmişdir. Əgər qanunsuz müdaxilə etmiş olsa idi ödəniş cədvəlində ödənişlər görünməzdi. Cavabdeh qaz xəttinə qanunsuz müdaxilə adı ilə dəymiş ziyan kimi ondan 7344 (yeddi min üç yüz qırx dörd) manat tələb etməsi gülünc haldır. O, heç hazırkı mənzildə yaşadığı gündən bugünə kimi 7344 (yeddi min üç yüz qırx dörd) manat dəyərində qaz işlətməmişdir, o ki qaldı yalançı bir akt əsasında ona bu qədər yüksək məbləğdə dəymiş ziyan hesablayaraq borc yazsınlar. O, qaz sayğacına, qaz xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, barəsində tərtib olunan xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsassızdır və həmin akt əsasında ona yazılmış 7344 (yeddi min üç yüz qırx dörd) manat cərimə borcu silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu **********00012) əsassız olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyan kimi hesablanmış 8812.80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə etdi və izahatında cəmi bir dəfə, 2022-ci ilin noyabr ayında 14 gün müddətində qaz sayğacına qeyri-qanuni qoşulduğunu etiraf etdi. O, həmçinin bildirdi ki, qaz sayğacına onun oğlu qeyri-qanuni qoşulmuş, lakin Cavabdeh tərəfindən aşkar edilən zaman dəymiş ziyan həddən artıq çox hesablanmışdır. Odur ki, əsassız yerə yüksək məbləğdə hesablanmış borcun silinməsini və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə “elektron kabinet” vasitəsi ilə iddia ərizəsinə etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. Qeyd olunan fakt barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Tərtib olunmuş akta əsasən dəymiş ziyan hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 8812.80 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə tərəfindən iddiaçıya məxsus qaz sayğacının quraşdırıldığı əraziyə baxış keçirilmiş, yerli baxış zamanı iş materiallarında olan fotoşəkillərin həqiqətən də həmin evə aid olduğu müəyyən edilmiş və fərdi yaşayış evinin həyətinə daxil olarkən Cavabdeh tərəfindən sayğaca qanunsuz qoşulma aşkar edilən hissədə daş hasarın üzünün içəri hissədən (həyətin daxilindən) yeni malalandığı aşkarlanmışdır (divarın alt və üst (sayğaca yaxın) hissəsinin malalanmasında gözlə görüləcək qədər fərq vardır və Cavabdeh tərəfindən əvvəl divar çapılmış, sonradan sayğaca qanunsuz qoşulma aşkar edilən hissədə divar yenidən malalanmışdır). İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 73440 kub metr qaz sərfinə görə 8812.80 manat (73440 x 0.12 manat) məbləğində zərər hesablanmışdır. Tələbnamədən görünür ki, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi və hesabat müddəti reallığı əks etdirmədiyindən, orta günlük iş rejimi 24 saat deyil, 12 saat, Cavabdeh əməkdaşları tərəfindən hər ay əraziyə baxış keçirilməsi və evə qaz sərfiyyatı ilə bağlı bildiriş təqdim edilməsi nəzərə alınaraq hesabat müddəti etiraf olunan qanunsuz qoşulma müddəti qədər, yəni 360 gün deyil, 14 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x14=201.6 kubmetr, 3x12x14=504 kubmetr, 2x1.4x12x14=470.4 kubmetr və 1.5x12x14=252 kubmetr olmaqla, cəmi 1428 kubmetr hesablanmalıdır və həmin rəqəm 0.12 manata vurulmalıdır. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə dəymiş zərərin 171.36 manat məbələğində olması müəyyən edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında iddiaçıya hesablanmış 8812.80 manat borcdan qanunsuz qoşulma nəticəsində cavabdehə vurulmuş 171.36 manat məbləğində ziyan çıxılmalı, cavabdeh tərəfindən iddiaçının abonent koduna hesablanmış 8641.44 (8812.80-171.36) manat məbləğində borc isə əsassız hesab edilərək silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 106.41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00012 saylı abunə koduna hesablanmış 8641.44 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 106.41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar