Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1591/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X17 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Qarayeva Türfə Gülmirzə qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə Ərizəçi nikahından doğulmuş xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 və Ərizəçi xx.xx.1988-ci ildə Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, G.T.Bİlalovun ailəsi ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev küçəsi, ev 26, mənzil 24-də yaşamışlar. Bu nikahdan xx.xx.1989-cu il təvəllüdlü X5, xx.xx.1990-cı il təvəllüdlü X4 və xx.xx.1993-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Lakin xx.xx.1990-cı il təvəllüdlü Esmira doğumundan 3 ay sonra, hər hansı ciddi xəstəliyi və ya narahatlığı olmadan vəfat etmişdir. Hüquqi savadsızlıqdan gənc ailə ölüm haqqında şəhadətnamənin alınması tələbindən xəbərləri olmamış və uşağın ölməsi barədə qeydiyyat şöbəsinə müraciət etməmişdirlər. Uşağı dədə-baba yurdları olan Şamaxı rayonu, Avaxıl kənd qəbirsanlığında dəfn etmişlər. xx.xx.2018-ci ildə ərizəçinin atası ölmüş, vərəsəliklə bağlı Asan xidmət mərkəzində notariat ofisinə müraciət olunan zaman notariat hərəkətlərinin aparılması zamanı sistemdə Esmira adlı övladının olduğunu, Esmiranın da vərəsəliyə çağrılmalı olması onlara bildirilmişdir. Uşağın 3 aylıqkən öldüyünü bildirilsə də, notariat ofisinə bunu təsdiq edə biləcək sənəd təqdim edə bilmədiyindən bu günədək vərəsəliklə bağlı məsələləri 6 il keçsə də həllini tapa bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2191/2024 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X1 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricində olduğu bildirilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2191/2024 nömrəli arayışdan görünür ki, 30 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına X1 qəbir daşının fotoşəkili əlavə olunmuşdur. İş materiallarına əlavə olunan АЗ seriyalı 416194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1963-cü il tarixdə Şamaxı rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 arasında xx.xx.1988-ci ildə 704 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Bilalov, arvada Bilalova soyadı verilmişdir. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 11 ayının 24 günündə 2234 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunan XV-ЖГ seriyalı 463984 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunan XVİİ-ЖГ seriyalı 358779 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində ərizəçinin onun qardaşının yoldaşı olduğunu, uşaq doğulduqdan bir müddət sonra vəfat etdiyini, həmin müddət qardaşıgillə birgə yaşadıqlarını, X1 Şamaxı rayonu, Avaxıl kənd qəbirsanlığında dəfn edildiyini və dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində ərizəçinin onun qardaşının yoldaşı olduğunu, uşaq 3 aylıq olanda evdə vəfat etdiyini və ailəsi tərəfindən Şamaxıda dəfn etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1591/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1591/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver