Məhkəmə qərarları › İş №2(008)-1625/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1625/2021

23.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1625/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bakı şəhri İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ərazidəki tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı şəhri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən cavabdeh tərəfindən zəbt olunmuş 1600 kv m. torpaq sahəsinin boşaldılması və ərazidəki tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mümui sahəsi 1600 kv m. olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməklə daş hasara almışdır. Ona həmin torpaq sahəsini dəfələrlə boşaltmaq barəıdə xəbərdarlıq edilməsinə baxmayaraq o buna məhəl qoymamışdır. Qeyd olunan torpaq sahəsinə dair cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Həmin topaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla olmaqla dövlət mülkiyyətində olan ərazidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 22 №-li xəbərdarıl məktubundan görünür ki, Cavabdeh heç bir hüquqi sənədi olmadan zəbt etdiyi torpaq sahəsinin üzərində apardığı tikilinin sökülüb torpağın azad edilməsi barədə xəbərdarlıq edilmişdir Hazırda iddiaçı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ərazidəki tikililərin cavabdehin hesabına sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənt təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar aiddir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına), əkin, çoxillik əkmlərin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otaqlar aid edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən müvafiq olaraq torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, iddia olunan torpaq sahəsi topaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətində olan ərazidir, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdehin heç bir hüquqi sənədi olmadan zəbt etdiyi torpaq sahəsinin üzərində inşa etdiyi tikinti özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə 135,90 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən Cavabdeh tərəfindən zəbt olunmuş 1600 kv m. torpaq sahəsi boşaldılmalı və ərazidəki tikililər cavabdehin hesabına sökülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən Cavabdeh tərəfindən zəbt olunmuş 1600 kv m. torpaq sahəsi boşaldılsın və ərazidəki tikililər cavabdehin hesabına sökülsün. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar