Məhkəmə qərarları › İş №2(008)-1627/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1627/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1627/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 xx.xx.1975-ci il tarixdə Naxçıvan MR Culfa şəhərində doğulmuşdur. X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Koroğlu metro stansiyasında kəskin miokard infarktdan qəflətən vəfat etmişdir. Həyat yoldaşını Maştağa qəsəbəsi Keçənlər qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, mərhum Saleh müəllim ilə bir yerdə işləmişdir. O, Bakı Metropoliteni QSC-nin tunel qurğuları xidmətində işləyir. Mərhum ölən günü bir yerdə olmuşlar, səhər saat 6-nın yarısında ayrılmışlar. Səhər saat 8-də ona zəng edərək “Koroğlu” stansiyasında olduğunu, halının pis olduğunu, uşaqlara təcili yardım çağırmalarını demişdir. O, qurğu-yol baxıcısıdır, onunla bir otaqda işləmişdir, münasibətləri çox yaxşı olmuşdur. Təcili yardım əməkdaşı “Koroğlu” stansiyasının növbətçi otağında Salehə sistem qoşmuşdur. Sistemin getmədiyini, oksigen balonu lazım olduğunu dedilər. Daha sonra xəstə üçün xərək gətirilməsini dedilər, amma artıq Saleh vəfat etmişdi. Mərhum öləndən sonra təcili yardım əməkdaşları Nizami Rayon Prokurorluğuna məlumat vermişdilər, oradan da əməkdaşlar gələrək ekspertizanın keçirilməli olduğunu dedilər. Mərhumun qardaşı orada idi, o, etiraz edərək, mərhumun iki dəfə əməliyyat olduğunu, ürəyində stend oduğunu dedi. Şahid kimi o, orada olmuşdur, hadisə onun yanında olmuşdur. Hadisə, səhv xatırlamırsa, 2024-cü ilin 14 dekabrında baş verib, onlar məzuniyyətə çıxmalı idilər. Həmin gün onlar Metropolitenin xidmət rəisinə də məlumat verdilər. Bunun üçün maşın da ayırdılar, mərhumu Maştağa qəsəbəsində məscidə apardılar. Mərhum məsciddə yuyulandan sonra onu evinə apardılar, sonra mərhumu dəfn etdilər. Mərhumun dəfn, yas mərasimlərində iştirak etmişdir. Yas məclisi Maştağa qəsəbəsində “Görüş” mərasim evində keçirilmişdir. Həkim ölüm səbəbi kimi tromb demişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, 1999-cu ildə Bakı Metropoliteni QSC-də işə qəbul olmuşdur. Mərhum Salehlə iş yoldaşı olmuşlar. O, sahə rəisi, Saleh isə köməkçisi işləyirdi. Onunla daimi olaraq bir otaqda işləmişlər. Mərhumun ən yaxın münasibətdə olduqları o və zalda əyləşən Rafayıl Məmmədov idi. İş yerində texniki təcili yardım otağı var, səhər saatlarında, saat 9-a işləmiş oradan ona zəng vuruldu ki, Salehin vəziyyəti pisdir, təcili ora getsin. Onlar ora çatanda Saleh artıq dünyasını dəyişmişdi. Ora gedənə kimi artıq təcili yardım çağrılmışdı. Ölüm səbəbinin ürəyi ilə bağlı olduğunu dedilər. Hansı ki mərhum bir neçə dəfə infarkt keçirmişdi, ürəyində stend var idi. Mərhumu Maştağa qəbirstanlığında dəfn etdilər, dəfndə o da iştirak etmişdir. Yas mərasimlərində də iştirak etmişdir. Mərhum 14 dekabr 2024-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, mərhum Saleh Məmmədov bibisi oğludur, ərizəçi bibisinin gəlinidir. Mərhum 2024-cü ilin sonlarında, bir-iki ay əvvəl ölüb. Ona səhər saatlarında bir qızdan zəng gəldi ki, Saleh ölüb. O da qardaşını, anasını bibisigilə apardı. O, qardaşı ilə “Koroğlu” metro stansiyasına eskalator tərəfə getdilər və mərhumun qardaşı Bəxtiyarı, yoldaşını və oğlu Fərəməzi orada gördülər. Orada da təxminən yarım saat, bir saat sonra polis mərhumun meyitini götürə biləcəklərini dedi. Onlar da meyiti yuyulmağa, sonra evə və ən sonda dəfn etməyə apardılar. Mərhumu Maştağa qəbirstanlığında dəfn etdilər. O, bütün yas mərasimlərində iştirak etmişdir. Ölüm səbəbi kimi ürək tutmasını dedilər. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, mərhum Salehlə bir yerdə Bakı Metropoliteni QSC-də işləmişlər. Ailəvi münasibətləri olub. Həmin gün xəbər gəldi ki, “Koroğlu” metro stansiyasında halı pisləşib. Ora gedəndə təcili yardımın gəlib Salehə sistem qoşduğunu görmüşdür. Ora çatanda mərhum hələ sağ idi. Mərhumun ölüm tarixini dəqiq bilmir, amma hava soyuq idi. Mərhumun qırxı təzə çıxıb. Mərhum infarkt keçirmişdi, ürəyindən də şikayəti vardı. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Saleh Maştağa qəsəbəsində dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 08256541 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1975-ci il tarixdə Naxçıvan MR Culfa şəhərində doğulmuşdur. - Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 TTTY gələnə qədər ölmüşdür. - İİ-AZ seriyalı 048150 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 514 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi Keçənlər qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-15-1060/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - X11 PHŞ Maştağa xəstəxanası tərəfindən verilmiş 123 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində Koroğlu metro stansiyasında vəfat etmişdir. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin (Forma AZS106) poliklinika tərəfindən yazılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar