Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1636/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh ASC-nin X2, mühəndis-mexanik vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günlərində əmək haqqının və məhkəmə xərclərini təşkil edən 183 manatın Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2015-d il tarixli 101K nömrəli əmrlə "xxxx" ASC-nin X4 3 (üç) ay sınaq müddəti ilə baş mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixli 78 k nömrəli əmrlə isə X4 baş mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-a hissəsinə əsasən kənd təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin X5 mühəndis-mexanik vəzifəsinə təyin edilmişdir. "xxxx"ASC-yə qeyd edilən müvafiq əmrlə, daha sonra isi "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qeyd edilən müvafiq əmrlə işi qəbul edilmişdir. Lakin, iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022 ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinir 2-ci hissəsinin "b" bəndinə əsasən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçının işə qəbul edilməyi İdarə Heyətinin sədri tərəfindən imzalansa da, əmrdə heç bir imza yoxdur, yalnız "X9" tərəfindən möhürlənmişdir. İddiaçı qeyd edilən əmri qanunsuz və əsassız hesab edir. Hazırkı iddia tələbi cavabdeh "xxxx"ASC-yə qarşı əvvəlki işinə bərpa edilməyi, məcburi iş buraxma günlərində əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlıdır. İddiaçı müvafiq əmrlə (xx.xx.2015-ci il tarixdə) işə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda, iddiaçının icra etdiyi vəzifə daimi xarakter daşıyır. Hərgah, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdırsa da, bu tam olaraq qərəzli və iddiaçını işdən azad edilməyi üçün qabaqcadan düşünülmüş bir addımdır. Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı Aqroservis ASC-yə qarşı qaldırdığı iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı 2015ci il 09 aprel tarixdən Cəmiyyətin X4 mühəndis-mexanik vəzifəsinə qəbul olunmuş və 2017-ci il 10 mart tarixindən həmin nümayəndəliyin baş mühəndisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının tələblərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və fəaliyyət istiqaməti dəyişdirilərək yeni nizamnaməsi təsdiq edilmiş və mövcud dəyişikliklərə uyğun olaraq müvafiq struktur dəyişiklikləri həyata keçirilmişdir. Fərmanın tələblərinin icrasını təmin etmək məqsədilə müvafiq struktur dəyişiklikləri təsdiq edildikdən sonra Cəmiyyətin bütün işçiləri ilə, o cümlədən İddiaçı ilə 2021-ci il 9 aprel tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Bundan başqa əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı nəzərdə tutulmuş qaydada qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmışdır. Cavabdeh ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2022-ci il 11 oktyabr tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin şərtlərinə uyğun olaraq iddiaçının ərizəsində göstərdiyi məsələlər fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəninə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cəmiyyətin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2022-ci il 11 oktyabr tarixdən xitam verilərək işdən azad edilmişdir. "xxxx" ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli işdən azad olunma barədə əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və İddiaçı əmri qəbul etsə də, qəbul etməsinə dair sənədi imzalamaqdan imtina etmiş və bu barədə X2 imtina aktı tərtib edilmişdir. Göründüyü kimi iddiaçıya işdən azad olunması 2022-ci il 10 oktyabr tarixdə məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İddiaçı iddia tələbi ilə 2022-ci ilin dekabr ayında məhkəməyə müraciət etmişdir (imtina aktı əlavə olunur). Beləliklə, İddiaçı tərəfindən əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırıldığı üçün məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanıb və müqavilənin müddəti bitdiyi üçün işdən çıxarılıb. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Azqazservis MMC-nin Yevlax Rayon İdarəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilib. xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) bağlanmış əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixdə xx.xx.2011-ci il tarixdən müqavilə ilə yol ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz ərizəsinə) əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinin müddəti başa çatdığından tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yevlax Rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmişdir. xx.xx.2014cü ildə İşsizlik müavinətinin ödənişi başa çatmışdır. 09.4.2015-ci il tarixdə Aqrolizinq ASCnin X4 3 ay sınaq müddətilə baş mühəndis mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə X3 mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Regional Nümayəndəliyinə mühəndis-mexanik vəzifəsinə təyin edilib. xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. - MİHO/1.2.4-3.1-2022-1652 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı - X3 mühəndis-mexaniki 2022-ci il 11 oktyabr tarixindən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, - MİHO/1.2.4-3.1-2022-1652 saylı, xx.xx.2022-ci il tarixli xitam əmri İddiaçı təqdim edilərkən həmin əmri qəbul etmiş, lakin qəbul etməsi barədə imza atmaqdan imtina etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2015-ci il 09 aprel tarixdən Cəmiyyətin X4 mühəndis-mexanik vəzifəsinə qəbul olunmuş və 2017-ci il 10 mart tarixindən həmin nümayəndəliyin baş mühəndisi vəzifəsində çalışmışdır. Sonradan Aqrolizinq ASC-nin adı dəyişdirilərək Cavabdeh ASC-yə çevrildikdən sonra iddiaçı ilə cavabdeh arasında yeni, xx.xx.2021-ci il il tarixli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 6 ay göstərilmişdir. Müqavilədə qeyd olunan müddət bitdikdə Cavabdeh ASC-nin 2022-ci il 10 oktyabr tarixli MİHO/1.2.4-3.1-2022 1652 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2022-ci il 11 oktyabr tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd olunan maddənin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması
2. müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Göstərilən qanunvericilik aktı normalarından göründüyü kimi, zəruri hər iki şərt mövcud olmuş və əmək müqaviləsinin müddəti bitdiyinə görə cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. Həmçinin iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrində imzanın olmadığına istinad edərək əmrin qanunsuzluğuna iddia etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, iddiaçının bu dəlili də əsaslı deyil, çünki qanunvericiliyin tələbinə görə də Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əmək müqaviləsi ləğv olunan zaman işəgötürənin əmri imzalanmalı və möhürlənməlidir və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əmr “Elektron imza və elektron sənəd haqqında Qanun”un 3-cü maddəsinə əsasən elektron imza ilə imzalanmışdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə istinad edərək əmrin qanunsuz olduğuna iddia etsə də, qeyd olunmalıdır ki, həmin müqavilədən sonra iddiaçı ilə Cavabdeh arasında yeni müqavilə bağlanaraq tərəflər yeni əmək münasibətlərinə daxil olmuşlar və əvvəl bağlanmış müqavilənin şərtləri hazırki mübahisəyə şamil oluna bilməz. Məhkəmə cavabdehin iddia ərizəsinə yazılı etirazında iddia müddətinin tətbiq olunması məsələsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı izahatında bildirmişdir ki, mübahisələndirdiyi əmrin surətini xx.xx.2022-ci il tarixdə almış və dərhal mediasiya prosesinin tətbiqi üçün müraciət etmişdir. Lakin, sonradan Nərimanov Rayon Məhkəməsi aidiyyat qaydalarının pozulmasına görə onun iddiasını geri qaytarıb. Bundan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu məsələyə qiymət verərək qeyd edir ki, sözügedən xx.xx.2022-ci il tarixli əmrin alınmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə verilən həmin əmrdə iddiaçının əmri almasından imtina etdiyi qeyd olunur. Belə olan halda məhkəmə iddiaçının dediyinə görə həmin əmri xx.xx.2022-ci il də aldığını əsas götürsə, onun əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş bir ayı ötürmədən mediasiya prosesi üçün müraciət etdiyini müəyyən etmək olur. Belə ki, 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflərə barışıq təklifi artıq göndərilmiş, beləliklə də iddiaçının artıq həmin əmrin mübahisələndirilməsi addımları atılmışdır. Yuxarıda göstərilənlərə əsasən iddia müddətinin tətbiqinə əsas yoxdur. Məhkəmə iddianın məhkəmə xərclərini təşkil edən 183 manatın cavabdeh Aqroservis ASC-dən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh ASC-nin X2, mühəndis-mexanik vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günlərində əmək haqqının və məhkəmə xərclərini təşkil edən 183 manatın Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməsi barədə ərizəsi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva