Məhkəmə qərarları › İş №2(008)-1655/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1655/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1655/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 54 saylı evindən olan istifadə hüquqlarının itirlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçının yoladaşı X1 adın vərəsəlik əsasında xx.xx.2013-cü il tarixdə adına rəsmiləşmişdir. Evi yoldaşı dünyasını dəyişdikdən sonra xx.xx.2022-ci il tarixdə iddiaçı öz adına rəsmiləşdirmişdir. Mənzilə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən iddiaçı adına çıxarış almışdır. İddiaçının qaynı arvadı və iki övladları ilə birlikdə iyirmi beş ildən çox olaraq iddiaçının xususi mülkiyyətində yaşamırlar. Cavabdehlərə aid mənzildə heç bir əmlak yoxdur. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzilin qeydiyyatında olmağı düzgün deyildir. Cavabdehlər iddiaçının şəxsi mülkiyyətində olan evdə müəyyən sənədləşmələr aparılmasında çətinliklər törədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirdi ki, 1990-cı ildə həmin mənzilə gəlin getmişdir. İki oğlu orada anadan olub və xəstəliyi ilə əlaqədar əməliyyata gedib qayıtdıqdan sonra isə onu evdən qovublar. 1997-ci ildən orada yaşamır. Gələcəkdə həmin evdə onların da payının olduğunu hesab edir və buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia ərizəsinə etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 54 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 54 saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildə İddiaçı adına qeydə alınmışdır. - X6, X2 və X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 54 ünvanında yaşamadıqlarını təsdiq edirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaaşayış evi İddiaçı yoldaşı X1 adına vərəsəlik hüququ əsasında keçmişdir. İddiaçı evi yoldaşı dünyasını dəyişdikdən sonra xx.xx.2022-ci il tarixdə iddiaçı öz adına rəsmiləşdirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin ünvanda qeydiyyatda olmuş, lakin 1997-ci ildən başqa ünvana köçmüş, hazırda onlara məxsus hər hansı əmlak mübahisəli ünvanda qalmamışdır. Cavabdehlərin sözügedən ünvanda yaşamamaları işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı cavabdehlərin həmin evə istifadə hüquqularının olubolmaması məsələsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli evə 90-ci illərdə gəlin köçmüşdür buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddəyə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı 4 qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdehlər 1997-ci il tarixdən mübahisə predmeti olan mənzildə yaşamamış, daimi yaşamaq üçün başqa ünvana getməklə mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Buna görə də, cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Digər tərəfdən isə hətta iddiaçının sözügedən evə dair mülkiyyət hüququnun qeydə alındığı tarixdə qüvvədə olan qanunvericiliyə istinad edərək məsələ digər aspektdən yanaşsaq da belə, yenə də qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi cavabdehlər iddiaçının yaxın ailə üzvləri sayılmırlar və onların mülkiyyətçiyə məxsus evə istifadə hüquqları saxlanılmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 54 saylı evin daimi istifadəçisi olan hazırki iş üzrə iddiaçı həmin evdə faktiki yaşamayan cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 54 saylı evin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar