Məhkəmə qərarları › İş №2(008)-1658/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1658/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1658/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə yaranmış 1081.2 (min səksən bir manat, iyirmi qəpik) manat məbləğində dəymiş ziyanın, 734.40 (yeddi yüzotuz dörd manat, qırx qəpik) manat cari borc, 130.80 (yüz otuz manat, səksən qəpik) manat qalıq və 256.86 (iki yüz əlli altı manat, səksən altı qəpik) manat debitor borcla birlikdə 2203.26 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 42.04 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2545.30 (iki min beş yüz qırx beş manat, otuz qəpik) manat borcun (pulun) İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti iyirmi min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1–284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədər məhkəməyə daxil olmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı Sabunçu X4 arasında bağlanmış 25.03.2020-ci il tarixli, 04-563 saylı qazın alqı-satqısı müqaviləsindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən istehlakçı hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür; - Abonentin saldosundan görünür ki, abonent kodu **********30000 olan abonentə 2010-cu ilin iyun ayından 2021-ci ilin iyun ayınadək qazdan istifadə nəticəsində 2203.26 manat məbləğində borc hesablanmışdır. - İş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, 16.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat, 25.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 246 manat olmaqla, cəmi 1081.2 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. - İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 28.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə 5400,2952,2460 m3 olmaqla, cəmi 10812 m 3 hesablanmışdır. İşin materiallarından məlum olur ki, tərəflər arasında yaranmış mübahisəli mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Lakin cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 540 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat, 28.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 246 manat olmaqla, cəmi 1081.2 manat dəymiş zərər hesablanmalıdır. Bundan başqa məhkəmə idddia tələbinin 734.4 manat məbləğində cari borcu və 130.80 manat qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş saldodan da görünür ki, iddiakının 2020-ci ilin sonu üçün 32.20 manat, 2021-ci ilin sonu üçün isə 432.20 manat, cəmi 734.4 məbləğində istfadə edilmiş lakin dəyəri ödənilməmiş carı borcu mövcuddur. Eyni zamanda 2020-ci ilin dekabr ayı üçün istifadəminin 82.2 manat, 2021-ci ilin mart ayında isə 48.6 qəpik yəni cəmi 130.8 manat məbləğində yeni tarif keçidi ilə əlaqədar borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bundan başqa məhkəmə iddia tələbinin 256.86 manat məbləğində debitor borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə müanibət bildirərək qeyd edir ki, həmin borc məbləğinin yaranması əsasları mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. sayğac üzrə 12.2020-06.2021-ci il üçün 865.2 manat borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən borcların yaranma tarixi və əsasları mülki işin materiallarına əlavə edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 42.04 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 100 ( bir yüz) manat vəkil xərci və 25 (iyirmi beş) manat isə dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1946.4 (bir min doqquz yüz qırx altı manat, qırx qəpik) manat məbləğində dəymiş zərər və 25 (iyirmi beş) manat dövlət rüsumu, 100 (bir yüz) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar