Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-167/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində yaşayan iki övladı ilə bərabər cavabdehin adına dövlət reyestrində qeydə alınmış Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində 0,02 ha torpaq sahəsində inşa edilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cu il təvəllüdlü X11 adında iki övladları doğulmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin son zamanlar onun ailəsinə olan münasibəti dəyişmiş, aralarında tez-tez sözsöhbətlər, narazılıqlar baş verməyə başlamış və onlar ayrılmaq məcburiyyətində qalmışlar. Hazırda ayrı yaşayırlar, hər iki övladı onun himayəsində yaşayır və cavabdeh nə onu, nə də ki, himayəsində yaşayan iki övladını birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş və cavabdehin adına dövlət reyestrində qeydə alınmış Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindəki evə buraxmır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********03 saylı məktubundan görünür ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən cavabdehin adına qeydiyyata alınmışdır. Birgə nikah dövründə həmin torpaq sahəsində ferdi yaşayış yaşayış evi inşa etməklə köçüb yaşamışlar və onlara məxsus bütün əmlaklar və əşyalar həmin evdə yerləşir. Hesab edir ki, cavabdeh qeyd edilmiş hərəkətləri ilə AR Torpaq Məcəlləsinin 58.1, 80 və 81-ci maddələri ilə qorunan hüquqlarını pozmuşdur. Həmin maddələrin tələblərinə görə qanunvericikdə torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 80-ci maddənin tələblərinə görə isə hər bir torpaq mülkiyyətçisinin mülkiyyətində olan torpaq sahəsinin üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. Həyat yoldaşı olan cavabdehlə adına alınmış və dövlət reyestrində qeydə alınmış torpaq sahəsində birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evindən iki övladı ilə bərabər onun da cavabdehin ailəsinin üzvü olaraq köçüb yaşamaq və istifadə etmək hüququ vardır. Cavabdehin onu və himayəsində yaşayan iki övladını həmin evə köçməsinə dair məhdudiyyətlərin yaratması kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun xx.xx.2014-cü il təvəllüdlü oğlu X11 ilə birlikdə Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmış ünvandakı evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun deyil, torpaq icarədədir. O, iddiaçı ilə mübahisəli evdə 7 ay müddətində yaşamışdır. Daha sonra o, onkoloji xəstə olduğundan həmin torpağı Tərlan adlı şəxsə satmışdır. Ev özbaşına tikilidir, orda heç kim yaşamır. Satandan sonra onlar Sabunçu qəsəbəsində yaşamışlar. Evdən iddiaçı ilə birlikdə 2012-ci ildən çıxmışlar. Ev bir mərtəbəli və bir otaqlı idi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, o, Pərvinin əmisinin baldızıdır. 2012-ci ildə Pərvin ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. O, evə gedəndə ev bir mərtəbəli olmuş, sonrada evi iki mərtəbə etmişlər. O, həmin evdə bir dəfə olmuşdur. Pərvinin cehizləri hazırda həmin evdədir. X14 sovxozu ərazisində yerləşir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisi qızı, cavabdeh isə əmisi oğludur. Onlar 2012-ci ildə evlənən zaman Pərvinin cehizləri hazırda mübahisələndirdiyi evə aparılmış, ailə kimi orada yaşamışlar. O, dəfələrlə həmin evdə olmuşdur, evin bəzədilməsinə bacıları, Pərvinin bibiləri getmişdir. O, gedəndə ev iki otaqlı idi, sonradan evin otaqlarını böyütmüşlər. Hazırda Pərvinin cehizləri həmin evdədir. X14 sovxozu ərazisində yerləşir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Pərvin onun bacısı qızı, Rauf isə bacısı oğludur. Onların toyu 2012-ci ildə olmuş, 2019-cu ilə kimi mübahisəli evdə yaşamışlar. Sonradan Raufun işləri ilə əlaqədar Sabunçuya köçmüşlər. Toy zamanı cehizləri bəzəməyə getmişdir. Ev Ramana qəsəbəsində yerləşir. Pərvinin uşaqları da həmin evdə doğulmuşlar. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1600-05/15 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahı haqqında xx.xx.2011-ci il tarixdə 84 nömrəli akt qeydi tərtib olunmuşdur. - AZ-İİİ seriyalı 812439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ seriyalı 117585 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh adına Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu RİHB-nın Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 39 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qonşuların aktına əsasən İddiaçı 2011-ci ildən h/y Cavabdeh ilə Ramana qəsəbəsi Südçülük sovxozunda inşa edilmiş fərdi yaşayış evində birlikdə yaşayıb. - 68 nömrəli tam orta məktəb tərəfindən verilmiş 398 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, məktəbin şagirdi X11 2019-2020-ci tədris ilində Bakı şəhəri 68 nömrəli tam orta məktəbin hazırlıq qrupuna daxil olmuş, hal-hazırda həmin məktəbin rus bölməsinin İ sinfində oxuyur. - 68 nömrəli tam orta məktəb tərəfindən verilmiş 399 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, məktəbin şagirdi X8 2017-2018-ci tədris ilində Bakı şəhəri 68 nömrəli tam orta məktəbin hazırlıq qrupuna daxil olmuş, hal-hazırda həmin məktəbin rus bölməsinin İİİ sinfində oxuyur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1185/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X7 anasının himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay sabit pul məbləğində 170 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2012-ci il təvəllüdlü X6 atasının himayəsində saxlanılması, xx.xx.2020-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində onun saxlanılmasına sərf edilmiş hər ay 120 manat vəsait olmaqla, cəmi 1120 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun 1/2 hissəsinin İddiaçı adına qeydə alınması, TOFAŞ ŞAHİN MİNİK markalı ** ZD *** dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı ** VL *** dövlət nömrə nişanlı, OPEL ASTRA minik markalı ** MK *** dövlət nömrə nişanlı avtomaşınların 1/2 hissəsinə iddiaçının mülkiyyət payının müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2205/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(008)-1185/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X7 anası İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü X8 atası Cavabdeh yanında saxlanılması, X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlanaraq ay sabit pul məbləğində 130 manat alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2020-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində X1 sərf edilmiş hər ay 120 manat vəsait olmaqla, cəmi 1120 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, “Tofaş Şahin minik” markalı ** ZD *** dövlət nömrə nişanlı, “VAZ 21214” minik markalı ** VL *** dövlət nömrə nişanlı, “Opel Astra” minik markalı ** MK *** dövlət nömrə nişanlı avtomaşınların 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4219/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2205/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - AZ-İ seriyalı 442504 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahına xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququ İddiaçı və Cavabdeh xeyrinə yüklü edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlə birlikdə Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşamışdır. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olsa da, tikinin yerləşdiyi torpaq sahəsinə dair tərəflərin icarə hüquqları mövcuddur, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmış ünvandakı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmış ünvandakı Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-167/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-167/2023
05.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver