Məhkəmə qərarları › İş №2(008)-1677/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1677/2023

04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1677/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisinə qarşı “mirasın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisinə qarşı “mirasın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 vərəsəliyini qəbul etmək üçün qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddətin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, XX.XX.1946-cı ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olmuşdur. xx.xx.1972-ci il tarixdə mərhum həyat yoldaşı X3 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, həmin nikahdan beş övladları - xx.xx.1972-ci il təvəllüdlü X7, xx.xx.1973-ci il təvəllüdlü X4, xx.xx.1975-ci il təvəllüdlü X8, xx.xx.1978-ci il təvəllüdlü X9 və xx.xx.1983ci il təvəllüdlü X5 doğulmuşdur. Həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə “Covid-19” xəstəliyi səbəbindən vəfat etmişdir. Həyat yoldaşının qəfil vəfatı onu uzun müddət depressiyaya saldığından, ondan miras qalmış əmlakın qəbulu üçün vaxtında müraciət edə bilməmişdir. Həmçinin həyat yoldaşının vəfatından sonra kiçik nəvəsi də avtomobil qəzası nəticəsində vəfat etmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün xx.xx.2022ci il tarixdə 4 saylı Bakı Cavabdehotariat ofisinə müraciət edərək, X1 ona miras qalmış ünvan 1 ünvanındakı evin ona düşən pay hissəsini öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin həmin qurumdan ona müddəti ötürməsi səbəbindən bunun mümkün olmadığı, ötürülmüş müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı yaxınlarının qəfil vəfatı ilə əlaqədar dərin sarsıntı keçirməsinin, eləcə də, yaşlılığı səbəbindən müvafiq notariat ofisinə vaxtında müraciət edə bilməməsinin üzrlü hallar kimi qəbul edilərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, İddiaçı və X3 xx.xx.1972-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadıətnamənin təsdiqlənmiş suətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2020-ci il tarixli, 2015 nömrəli akt qeydi tərtib edilmişdir. İşə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəyanı küçəsində istifadədə olan 0.02 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 38 kv.m ümumi, 30 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan 4 saylı Bakı Cavabdehotariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, iddiaçıya X1 miras qalmış əmlaka dair vərəsəlik müddətinin buraxılması ilə əlaqədar müddətin bərpa edilməsi ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci və 1153-cü maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Normaların məzmunundan göründüyü kimi, vərəsəlik hüququ şəxsin ölümündən sonra onun əmlakının vəziyyətini və bununla bağlı yaranan münasibətləri tənzimləyir. Qanunda miras əmlak kimi, miras qoyandan qalmış və başqalarına özgəninkiləşdirilə bilən miras kütləsi (əmlakın aktivi və passivi) nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsəlikdə miras qoyana məxsus əmlak xələfiyyət (varislik) qaydasında onun vərəsələrinə keçir və sonuncular həmin əmlak üzərində mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı, mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verməsinin səbəbi kimi, əvvəlcə arvadının, sonra isə nəvəsinin qəfil ölümü ilə əlaqədar dərindən sartıntı keçirməsi, eləcə də, yaşlı olması ilə izah edir. Məhkəmə hesab edir ki, həmin hallar mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin iddiaçı tərəfindən ötürülməsinin üzrlü səbəbləri kimi qəbul edilməli və həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüş X2 mirasının İddiaçı tərəfindən qəbulu müddəti uzadılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar