Məhkəmə qərarları › İş №2(008)-1679/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1679/2023

11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1679/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X18 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı, X17 və X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunduğu “mirasın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış əmlakın əldə edilməsi müddətinin bərpa edilməsi, vərəsəlik şəhadətnaməsi alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixində ünvan 1 ünvanında anadan olmuşdur. 1997-ci ilə qədər ata-anası ilə orada yaşamışdır. 1997-ci ildə X7 ailə həyatı qurub, evinə qeydiyyata düşmüşdür. İki övladı var: oğlu X15 və qızı X11. X2 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Atasının sağlığında, yəni 2007-ci ildə o, qızı Minayeva Səbinəni onların himayəsinə vermiş, səbəb isə həyat yoldaşının spirtli içki aludəçisi olması olmuşdur. Qızı 1-ci sinfə valideynlərinin yanında - Maştağa qəsəbəsi, B.Bağırov küçəsi 9-da yerləşən C.Cabbarlı adına 187 №li tam orta məktəbə getmiş və orada 11-ci sinfi bitirmişdir. O isə vaxtaşırı gedib ata-anasına baş çəkib qızına analıq etmişdir. Atasının ölümündən sonra anası və qızı həmin ünvanda yaşamağa davam etmişlər. Həyat yoldaşı X12 xx.xx.2021-ci il, anası xx.xx.2021-ci il, qaynanası X8 xx.xx.2021-ci il tarixlərində vəfat etmişlər. Doğmalarının ölümü onu çox sarsıtmış, yadına heç nə düşməmişdir. Müəyyən vaxtdan sonra nəhayət evi sənədləşdirmək qərarına gəldikdə, ona məlum olmuşdur ki, anası, atasının ölümündən sonra vərəsə kimi rəsmi sənədləşdirmə aparmayıb. Təqribən bir ay bundan əvvəl o, vərəsə kimi atasının adına olan əmlakına vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etdikdə, ona bildirilmişdir ki, qanunla müəyyən olunmuş müddəti buraxdığı üçün sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. Hal-hazırda qızı onunla həmin ünvanda - ünvan 2rlər. Odur ki, iddiaçı göstərilənləri, savadsızlığını, doğmalarının ölümünü nəzərə alıb ötürülmüş müddətin üzrlü hesab edilməsini və atasından miras qalmış əmlakının əldə edilməsi müddətinin bərpa edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, ərizəsində göstərilənləri təsdiq etmiş, həmçinin bildirmişdir ki, qızı Səbinə hazırda mübahisəli ünvanda yaşayır, özü də həmin ünvana daimi gedib-gəlir. Lakin o və oğlu Ruslan ünvan 3 ünvanında yaşayır. Atasından miras qalmış qalmış əmlakda hazırda qardaşı Baba ailəsi ilə qalır. Həmin ev üzrə o da vərəsə kimi tanınmaq istəyir. Odur ki, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X19, iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baləmi Dadaşov küçəsi ünvanındakı 54 saylı evdə o, ailəsi ilə birlikdə yaşayır. Bacısı 1997-ci ildən həmin evdən gəlin köçmüş və ünvan 3 ünvanında yaşamağa başlamışdır. Bacısının öz yaşayış yeri vardır, Maştağa qəsəbəsindəki əmlak isə ona atasından miras qalmış və həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Həmçinin sözügedən ev onun və ailəsinin yeganə yaşayış yeridir. Göstərilənlərə əsasən, o, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X21, iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən ünvanda qardaşı Baba ailəsi ilə yaşayır. Atasının vəfatəndan sonra həmin miras əmlakı o, faktiki qəbul etmişdir. Həmin evdə özü yaşamasa da, mütəmadi oraya gedib-gəlir. Göstərilənlərə əsasən, üçüncü şəxs iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin həmin ofisin notariusu Süleyman Məmmədov məhkəməyə müraciət ünvanlayaraq, iddiaya nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X16 və X4 xx.xx.1966-cı il tarixdə nikaha daxil olmuş, nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. -Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən məlum olur ki, Mineyeva (Hacıyeva) Tamara Vaqif qızının X2, anası isə X1. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixlərdə verilmiş ölüm haqqında şəhadətnamələrə əsasən, X16 xx.xx.2017-ci il tarixdə, X5 isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixlərdə verilmiş ölüm haqqında şəhadətnamələrə əsasən, X9 xx.xx.2021-ci il tarixdə, X13 isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. - Bakı şəhəri Nizami rayonu MKTB-nin 84 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı, X15 və qızı X14 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, iddiaçıya X6 miras qalmış əmlaka dair vərəsəlik müddətinin buraxılması ilə əlaqədar müddətin bərpa edilməsi ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, ünvan 5 ünvanında yerləşən 54 saylı fərdi yaşayış evinin 3/6 hissəsi X10 adına qeydiyyata alınmışdır. Sözügedən ünvanla bağlı idarənin arxiv qovluğunda 1976-cı il tarixli texniki pasport mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı iddiasının faktiki əsası kimi ona istinad etmişdir ki, atasının xx.xx.2017-ci il tarixdə ölməsindən məlumatı olsa da, ondan miras əmlakın qəbulu müddətinin uzadılması barədə ərizə ilə 5 il 6 ay sonra - xx.xx.2023-cü il tarixdə müraciət etməsinə səbəb, atasının, anasının, ərinin, qayınanasının ölümündən dərin sarsıntı keçirməsidir. Halbuki, atasının ölümündən təqribən 4 il sonra anası, əri və qayınanası ölmüşlər. Bu 4 il ərzində, məlum şəxslərin ölümünə qədər iddiaçı hansı səbəbdən notariat ofisinə, habelə mirasın qəbulu müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməməsini izah edə və əsaslandıra bilməmiş, bu barədə tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, məhkəmə iclasında verdiyi izahatında özü də (həmçinin üçüncü şəxslər də hər biri ayrılıqda olmaqla) qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baləmi Dadaşov küçəsi ünvanında yerləşən 54 saylı evdə mərhum X10 oğlu X19 ailə ilə birlikdə yaşayır. Beləliklə, sözügedən miras əmlakın Baba Hacıyev tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, iddiaçı 1997-ci ildə X13 ilə nikaha daxil olmuş və həmin ildən ona (yaxud sonuncunun anası X3) məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 81 ünvanında yerləşən 83 saylı mənzildə daimi yaşamağa başlamış, həmin ünvanda qeydiyyatda olmaqla, hazırda da orada yaşamağa davam edir. İddiaçının əri və ərinin anası vəfat etdiklərindən, onlardan qalmış mirasın iddiaçı tərəfindən faktiki qəbulu aşkardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci və 1153-cü maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Normaların məzmunundan göründüyü kimi, vərəsəlik hüququ şəxsin ölümündən sonra onun əmlakının vəziyyətini və bununla bağlı yaranan münasibətləri tənzimləyir. Qanunda miras əmlak kimi, miras qoyandan qalmış və başqalarına özgəninkiləşdirilə bilən miras kütləsi (əmlakın aktivi və passivi) nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsəlikdə miras qoyana məxsus əmlak xələfiyyət (varislik) qaydasında onun vərəsələrinə keçir və sonuncular həmin əmlak üzərində mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübutetmə yükünə görə hazırkı işdə iddia ərizəsində sadalanan cehiz və qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddia tərəfi ərizədə göstərilən əşyaların cavabdehdə olmasını məhkəmə baxışı zamanı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Ona görə də, iddia əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürməsinin səbəbi kimi istinad etdiyi halların üzrlü hesab edilməsi üçün əsas yoxdur, habelə buna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir, odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı, X17 və X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunduğu “mirasın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar