Məhkəmə qərarları › İş №2(008)-1709/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1709/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1709/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140.000 məbləğində manat borcun və 430 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayının sonlarında Cavabdeh bildirmişdir ki, yeni tikilən binadan ev almaq istəyir və bunun üçün pulu həmin evi almağa kifayət etmir. O, cavabdehdən həmin evin harada yerləşdiyini və nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu almaq istədiyi mənzilin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 17 ünvanında yerləşən dördotaqlı mənzil olduğunu bildirmiş və ondan 140.000 manat məbləğində borc pul istəmişdir. Eyni zamanda, demişdir ki, mülkiyyətindəki iki mənzili dəyər-dəyməzə, ucuz qiymətə satmaq istəmir, həmin mənzilləri ən qısa zamanda satdıqdan sonra götürəcəyi borcunu qaytaracağına söz vermişdir. Həqiqətən də, cavabdehin mülkiyyətində iki ədəd ikiotaqlı mənzillərin olduğunu və onları satıb daha böyük mənzil almaq istədiyini bildiyi üçün razılaşmışdır. Təxminən iki aydan sonra cavabdehə evində 140.000 manat məbləğində borc vermişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ondan 140.000 manat məbləğində borc pul almış və aldığı borcu özünə məxsus Bakıxanov qəsəbəsində yerləşən iki mənzili satdıqdan sonra tam ödəyəcəyinə dair söz verərək, borclu olduğunu yanında borcunun etirafı barədə öz əlyazması ilə yazaraq ona təqdim etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş, özünə məxsus evi satsa da, ona borclu olduğu puldan heç bir ödəniş etməmişdir. Göründüyü kimi, 2019-ci ilin yanvar ayından xeyli müddət ötməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamaqla, özgənin vəsaitini qanunsuz özündə saxlamaqla ona maddi ziyan vurmuşdur. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, tələbi qanuni və əsaslıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddiaçının qızı, cavabdehin isə bacısı olduğunu bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçının oğludur. Cavabdeh anasından ev almaq niyyəti ilə 140.000 manat məbləğində pulu borca alsa da, sonradan həmin məbləği hissəhissə qaytarmışdır. Lakin borcun qaytarılması hər hansı sənədlə rəsmiləşdirilməmişdir. Odur ki, nümayəndə, iddianı əsassız hesab edərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan iddiaşı İddiaçı ilə Cavabdeh arasında bağlanmış yazılı razılaşmadan görünür ki, iddiaçı sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 17 ünvanında yerləşən mənzilin alışı məqsədilə cavabdehin mülkiyyətində olan iki mənzilin satışından əldə olunacaq vəsait hesabına qaytarılmaq şərti ilə 140.000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan İddiaçı adına xx.xx.2018-ci il tarixdə açılmış açılmış hesabdan çıxarışlardan görünür ki, o, hesabından 50.000 və 92.100 manat məbləğində pul çıxarmışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı oğlu Cavabdeh ev almaq məqsədilə 140.000 manat məbləğində pulu borca vermiş, oğlu isə bu faktı təsdiq edən, habelə həmin pulu anasına–iddiaçıya qaytaracağına dair yazılı razılıq imzalamışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında təmsil etdiyi şəxsin ev almaq məqsədilə göstərilən məbləğdə pul vəsaitini iddiaçıdan həqiqətən aldığını, lakin sonradan borcunu qaytardığını, lakin borcun qaytarılmasına dair təsdiqedici sənədlərinin olmadığını bildirmişdir. Göründüyü kimi, iddia tərəfi cavabdehə 140.000 manat məbləğində pulun borca verildiyini təsdiq edən yazılı razılaşmanı məhkəməyə təqdim etsə də, eyni zamanda cavabdeh tərəfin özü də həmin məbləğdə pulu borca aldığını etiraf etsə də, sonuncu borcunu qaytardığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh yuxarıda göstərilən razılaşma üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu vaxtında və tam şəkildə qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən, borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 140.000 manat məbləğində pulun borca verilməsi sübuta yetirildiyindən, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 430 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 430 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 140.000 (bir yüz qırx) manat məbləğində ödənilməmiş borc və dövlət rüsumuna görə ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar