Məhkəmə qərarları › İş №2(008)-172/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-172/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-172/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" QSC-nə qarşı “mebellərin geri qaytarılması, kredit müqaviləsinin etibarsız sayılması, ödənilmiş kredit məbləğinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" QSC-nə qarşı “mebellərin geri qaytarılması, kredit müqaviləsinin etibarsız sayılması, ödənilmiş kredit məbləğinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulması səbəbindən mebellərin geri qaytarılması, cavabdeh "xxxx" QSC ilə onun arasında bağlanan 566-EKC-0021-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılaraq ödədiyi 936 (doqquz yüz otuz altı) manat kredit məbləğinin cavabdehlər tərəfindən ona qaytarılması və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 5*** (beş min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev 109 ünvanında yerləşən Cavabdeh1 mebel satış mağazasından ümumi dəyəri 4212 manat olan mətbəx mebeli sifariş vermişdir. Cavabdeh1 mebel satış mağazasının işçiləri gəlib evinə baxaraq mebelin dizaynını müəyyən etmişlər və həmin mağazaya gedərək Boyalı MDF materialından olan mətbəx mebelinin sifarişini vermişdir. Mətbəx mebelinin sifarişi zamanı həmin mebelin 1 metrini təxmini olaraq 700 manata razılaşmışlar. Satış icraçısı X7 ilə razılaşmalarına əsasən mebelin materialı ən keyfiyyətli materialdan olmalı idi. O, Cavabdeh1 mebel satış mağazasının satış icraçısı ilə müqavilə bağlamışdır. Sonra icraçı ona bəzi sənədləri imzalatdırdı, hansı ki, həmin sənədlərdə sifariş verdiyi mebelin bütün detalları və materialları göstərilmişdir. Həmin mebeli nağd almaq üçün pulu yox idi. Bu səbəbdən də mağazanın təşəbbüsü ilə onların öz kredit təşkilatı olan "xxxx"a müraciət etmişlər. "xxxx" zaminə ehtiyac olduğunu bildirmişdir. Onlara qohumu olan Qocayeva Gülgəzin zamin dura biləcəyəni bildirmişdir. O, zaminin nə vaxt gəlib imza etməli olduğunu soruşanda, Cavabdeh1 mebel satış mağazasının satış icraçısı zaminə ehtiyac olmadığını və sənədləri rəsmiləşdirilməsi üçün "xxxx" kredit təşkilatına göndərdiyini bildirmişdir. "xxxx" kredit təşkilatında aylıq 234 manat olmaqla 18 ay müddətinə ümumi 4212 manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. Bundan sonra Cavabdeh1 mebel mağazası onun sifariş verdiyi mebeli hissə-hissə gətirib quraşdırmışdır. Təxminən 1 həftə sonra aldığı mətbəx mebelinin korpus hissələri şişərək yararsız hala düşmüşdür. O, dərhal istehlakçı hüquqlarından istifadə edib Cavabdeh1 mebel mağazasına mebelin keyfiyyətsiz materiallardan yığıldığını və bu səbəbdən də yararsız hala düşdüyünü bildirərək, mebeli geri qaytarmalarını tələb etmişdir. Lakin Cavabdeh1 mebel mağazasının rəsmiləri buna etiraz etdilər və gəlib yaranan problemi həll edəcəklərini bildirdilər. Bundan sonra ona 4 ayın ödənişini birdən etməsini istədilər və material üçün pul lazım olduğunu bildirdilər. O, həmin 4 ayın da pulunu ödədi. Lakin uzun müddət keçəndən sonra hansıki 30 iş günü müddətinə təmir etməli olduqları halda, 2 ay sonra Cavabdeh1 mebel mağazası öz ustalarını göndərərək yararsız hala düşmüş hissələri dayişdirdi və ona bildirdilər ki, guya ki, bu dəfə keyfiyyətli hissələrlə əvəz ediblər. Lakin bir neçə gün sonra yenə həmin hissələr və digər hissələr yararsız hala düşdü. Bundan sonra o, Cavabdeh1 mebel mağazasına qəti şəkildə narazılığını bildirdi. Həmin mağazadan ona heç yerə şikayət etməməyini xahiş etdilər və tez bir zamanda yararsız hala düşmüş mebelin hissələrini yeniləri ilə əvəz edəcəklərini bildirdilər. Bugünə kimi 936 manat ödəməsinə baxmayaraq, ona söz verdikləri kimi ən keyfiyyətli materiallar əvəzinə, ən keyfiyyətsiz və ucuz materiallardan mebel vermişlər. Bir istehlakçı kimi 14 gün keçməmiş yaranan problemlərə görə mebeli geri qaytarmağı tələb etsə də, qanunları pozaraq ona imtina etdilər. Aralarında bağlanan müqavilənin 5.3-cü maddəsinə əsasən 30 iş gününə təmir işinin yekunlaşmalı olduğu halda bugünə kimi, yəni 7 aydır mebel sökülmüş halda evdə qalıb. Dəfələrlə müraciətinə baxmayaraq, aralarında bağlanan müqavilənin 8.1-ci maddəsinin müddəalarına riayət etmirlər. O, bir vətəndaş kimi bu 7 ay ərzində ağır sarsıntı və iztirab keçirmişdir. Cavabdeh1 mebel mağazasının bu qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda ziyan dəyib, evinin mətbəxi 9 aydır ki, yararsız qalıb. Bundan əlavə, Cavabdeh1 mebel mağazasının icraçı işçisi zaminin adından qanunsuz olaraq kredit müqaviləsi sənədlərini imzalamışdır. Bütün bu qanunsuzluqlar və özbaşınalıqlar Cavabdeh1 mebel mağazasının qanunları heçə sayması və vətəndaş hüquqlarını kobudcasına pozması deməkdir. Hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Həmin idarədən ona xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirdilər ki, guya ki, Cavabdeh1 MMC ilə mebelin bütün materiallarının MDF materialı ilə dəyişdirilməsi ilə bağlı razılığa gəlmişdir. Halbuki o, Cavabdeh1 MMC-nin rəsmi işçiləri ilə görüşmüş, lakin onlar mebelin materiallarını MDF ilə dəyişməkdən imtina etdilər. Bundan əlavə onlara "xxxx" ilə bağlanmış 566-EKC-0021-22 sayli kredit müqaviləsinin də qanunsuz və etibarsız olduğunu bildirmişdir. Çünki həmin müqavilədə zamin kimi adı yazılan qohumu Qocayeva Gülgəzin heç bir imzası yoxdur. Həmin imza çox güman kimi saxtalaşdırılaraq başqa şəxs tərəfindən imzalanmışdır. Bu yaxınlarda "xxxx" əməkdaşları qohumu Qocayeva Gülgəzin işlədiyi bağçaya gedərək qanunsuz olaraq kreditin Qocayeva Gülgəzin əmək haqqına yönəldilməsi üçün direktordan qanunsuz tələb etmişlər. Qohumu işlədiyi kollektiv içində çətin vəziyyətə düşüb və etibarına xələl gəlib. Həmçinin də direktor onu işdən çıxaracağını bildirib. Heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq vətəndaşın iş yerinə gedərək saxta müqavilə əsasında pul tələb etmək cinayətdir. Cavabdehlə aralarında bağlanan xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin 8.1-ci bəndində göstərilmişdir ki, zəmanət müddəti ərzində eyni qüsur 2 dəfədən artıq təkrarlanarsa və yaxud 4 dəfədən artıq fərqli qüsurlar aşkarlandıqda, yaranmış qüsur 30 iş günü ərzində aradan qaldırılmadıqda və ya təmiri mümkün olmadıqda sifarişçi heç bir əlavə dəyər ödəmədən məhsulu lazımi keyfiyyətli məhsulla dəyişdirə və ya qaytara bilər. Müqavilədən də görünür ki, cavabdeh müqavilənin şərtlərinə riayət etmir, bir vətəndaş kimi hüquqlarını pozur. Uzun müddətdir ki, evinin içi dağınıq vəziyyətdə, sökülmüş mebel hissələri ilə doludur. Bütün yuxarıda göstərilən qanunsuz olaraq cavabdeh "xxxx" tərəfindən saxta imza ataraq 566-EKC-0021- 22 sayli kredit müqaviləsi bağlayaraq, Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinə və aldığı mebelin sifariş materiallarını və ölçüsünü göstərilən protokoldakı razılaşmaya riayət etmədiyi və həmin müqavilələrin şərtlərini kobudcasına pozduğu üçün hesab edir ki, kredit və podrat müqavilələri ləğv edilməli və "xxxx"a ödədiyi 936 manat ona qaytarılmalıdır. Cavabdehlərin bu hərəkəti nəticəsində əsəb xəstələyinə tutlmuş, mənəvi ziyan və iztirab çəkmişdir. Evi bərbad halda qalmışdır. Cavabdeh1 MMC tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşdırma protokolu bağlanmışdır. Sifariş verilmiş mallar kreditlə əldə edilmişdir. Həmin protokolda müqavilə üzrə sifarişçinin verdiyi mətbəx mebelinin parametrləri (ölçü, rəngi, material tərkibi və s.) razılaşdırılmışdır. Razılaşmada mətbəx mebelinin fasad hissələrinin və cokolun (süpürgəliklərin) materialının boyalı MDF materialından hazırlanması göstərilmişdir. Mebelin bütün korpusu boyalı MDF olması barədə razılaşma yoxdur. Sifariş verilmiş mətbəx mebeli hazır olandan sonra 2022ci ilin əvvəlində müştərinin evində quraşdırılıb təhvil verilmişdir. Mətbəx mebeli müştəriyə təhvil verilərkən müştəriyə mebeldən istifadə qaydaları, zəmanət şərtləri, həmçinin müqavilənin 6-cı bəndində göstərilən şərtlərə riayət edilməsi tövsiyə olunmuşdur. Mebel təhvil verildikdən bir müddət sonra İddiaçı mebeldə qüsurun olması barədə mağazaya şikayət etmişdir. Şikayətin yerində araşdırılması ilə bağlı 2022-ci ilin aprel ayında Şirkətin əməkdaşları (dizayner, usta, satışdan sonra xidmət meneceri) müştərinin evində olmuşlar. Baxış zamanı müəyyən olunmuşdur ki, müştərinin evində son dəfə su sızması olmuş və mebelin korpus hissəsində (korpus hissəsi DSP materialından ibarətdir) 2 detalda şişmə var. Müştəriyə (iddiaçıya) mebelin su ilə təmasdan qorunması tövsiyə edildi. Müştəri məmnuniyyətini nəzərə alaraq mebeldə yaranmış qüsurun əvəzsiz aradan qaldırılması təklif olunsa da, müştəri bununla razı olmadı. 2022-ci ilin may ayının sonlarında Anar Abdulayev əməkdaş(lar)la əlaqə saxlayaraq yaranmış qüsurun aradan qaldırılmasına razılıq verdi. 2022-ci ilin iyun ayında əməkdaşlar müştərinin evində oldular və mebeldə yaranmış qüsur aradan qaldırıldı. Mebel quraşdırılan yerdə (divarda) nəmişlik olur və nəmişliyin DSP materiallı mebeldə daimi təmasda olması istər-istəməz mebeldə şişkinlik yaradır. 2022-ci ilin iyul ayında müştəri yenidən mebeldə yaranmış qüsurla bağlı mağazaya şikayət etdi. Müştəri iddia edir ki, quraşdırılan mebellər keyfiyyətsizdir. Müştəriyə dəfələrlə izah olundu ki, mebelləri su ilə təmasdan qorumaq və mebeldən istifadə qaydalarına ciddi əməl etmək lazımdır. Ümumi təsdiq edilmiş bir anlayış var ki, mebelin səthi hər zaman quru qalmalıdır, səthinə su və digər mayelər düşərsə mütləq zamanında təmizlənməldir. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Müştəriyə (hətta müqavilədə razılaşdırılmayan) bütün detalların boyalı MDF-dən hazırlanaraq dəyişdirilməsi təklif olunsa da, müştəri qətiyyən razı olmadı. İddiaçı mebellərin geri qaytarılmasını tələb etdi. Müştəri əməkdaşların evinə gəlməsini, yaranmış qüsurun dəyişdirilməsini istəmədi. İstehlakçı təhvil aldığı əşyanın (malın) istifadə və ya saxlanılma qaydalarına riayət etmirsə (məsələn, mebeli mütəmadi olaraq rütubətli yerdə saxlamaq, mebelin səthinə su sızdırmaq və s.) istehsalçı buna cavabdeh deyildir. Yaranmış qüsur aradan qaldırıla bilməyən qüsur deyil. Müştəri məmnuniyyəti və loyallığı cavabdeh üçün hər zaman önəm kəsb edir. 2022-ci ilin oktyabr ayında müştəri mətbəx mebelinin bütün detallarının boyalı MDF materialından dəyişdirilməsinə razı olduğunu bildirdi. Əməkdaşlar müştəri məmnuniyyətini nəzərə alaraq müqavilədə və onun eskizində razılaşdırılmayan şərtlərin, yəni mətbəx mebelinin bütün korpus hissəsinin boyalı MDF materialı ilə əvəz edilməsinə razılığını bildirdilər, lakin İddiaçı bildirdi ki, adına rəsmləşmiş kredit müqaviləsi ləğv edilsin və yeni kredit rəsmləşdirilsin. Yeni şərtlərlə kredit müqaviləsi bağlandıqdan sonra mətbəx mebelinin bütün korpusu boyalı MDF ilə əvəz edilsin. Cavabdeh1 MMC kredit təşkilatı olmadığından kredit və kredit müqaviləsindən irəli gələn mübahisələrə, şertləre baxılması məsələsi BOKT "xxxx" QSC-nə aiddir. İddiaçı iddia ərizəsində iddia edir ki, Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2022-ci İİ tarixli podrat müqaviləsinin 8.1-ci bəndi Cavabdeh1 MMC tərəfindən pozulmuşdur. xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin 8.1-ci bəndinə əsasən zəmanət müddəti ərzində eyni qüsur 2 dəfədən artıq təkrarlandıqda və yaxud 4 dəfədən artıq fərqli qüsurlar aşkarlandıqda, yaranmış qüsur 30 iş günü ərzində aradan qaldırılmadıqda və ya təmiri mümkün olmadıqda, sifarişçi heç bir əlavə dəyər ödəmədən məhsulu lazımi keyfiyyətli məhsulla dəyişdirə və ya qaytara bilər. Yuxarıda və iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi yaranmış qüsurlar eyni və fərqli olub. İlk dəfə qüsur yarananda 30 iş günü ərzində aradan qaldırılmışdır. Sonradan yaranmış qüsurun aradan qaldırılmasında iddiaçı əməkdşaların evinə daxil olmasına izn verməməsi olub. Cavabdeh1 MMC müqavilənin şərtlərinə əməl edir, müqavilənin şərtlərini pozmayıb və üzərinə götürdüyü öhdəlikləri icra edir. Yaranmış qüsur mebelin daimi nəmişlik ilə təmasda olması ilə əlaqədardır, bu etiraz ərizəsinə əlavə dilmiş fotoşəkildən də açıq-aydın görünür ki, divarda nəmişlik var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Cavabdeh1 MMC malın lazımi keyfiyyətli mal ilə dəyişdirilməsindən boyun qaçırmır. Cavabdeh qüsurlu malın lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və s.) mala dəyişdirərəkən yaranmış fərqi (xərcləri) qarşılayır. İddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulması səbəbindən mebellərin geri qaytarılması, cavabdeh BOKT "xxxx" QSC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması, ödədiyi 936 manat kreditin cavabdehlər tərəfindən qaytarılması və dəymiş mənəvi ziyanın əvəzi olaraq 5*** manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsi qeyd edilmişdir. İddia tələbi qarışıqdır və kredit və kredit münasibətlərinin, şərtlərinin Cavabdeh1 MMC-nə aidiyyəti yoxdur. Hesab edirlər ki, iddia tələbləri ayrıca icraatda baxılmalıdır. Bununla bağlı vəsatət təqdim edilmişdir. 5*** manat mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə isə Ali Məhkəmənin 03 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumun Qərarı mövcuddur. Plenumun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Cavabdeh1 MMC tərəfindən iddiaçıya əmlak və qeyri-əmlak xarakterli zərər vurulmayıb, istehlakçı hüquqları pozulmayıb. Mənəvi zərər iddia tələbi kimi irəli sürülürsə mütləq qaydada hərəkət və hərəkətsizliklə səbəbli əlaqə olmalı və hallar əsaslandırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X5 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh "xxxx" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh1 MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişi ilə bu Müqavilədə göstərilən mətbəx mebeli məhsulunu hazırlamağı və bu Müqavilədə göstərilən ünvanda quraşdırmağı, sifarişçi isə həmin məhsulu bu Müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən zəmanət müddəti ərzində eyni qüsur 2 dəfədən artıq təkrarlandıqda və yaxud 4 dəfədən artıq fərqli qüsur aşkarlandıqda, yaranmış qüsur 30 iş günü ərzində aradan qaldırılmadıqda və ya təmiri mümkün olmadıqda sifarişçi heç bir əlavə dəyər ödəmədən məhsulu lazımi keyfiyyətli məhsulla dəyişdirə və ya qaytara bilər. -"xxxx" QSC (Borcverən) ilə İddiaçı (Borcalan) arasında bağlanmış 566-EKC-0021- 22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bu Müqaviləyə əsasən borcverən borcalana Cavabdeh1 MMC-nin istehsal etdiyi müxtəlif növ və çeşidli mətbəx mebellərini almaq məqsədi ilə 4212 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Bu Müqaviləyə əsasən alınmış mətbəx dəsti 010 Cavabdeh1 002121 Legno Dəst 1 ədəd borcverənin xeyrinə girov qoyulur. Girov predmeti borcalanda qalır. Kredit borcalana kreditdən istifadə haqqı illik 0% hesablanmaqla 19 ay müddətinə verilir. -566-EKC-0021-22 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədən görünür ki, İddiaçı 19 ay müddətində hər ayın 31-dən gec olmayaraq "xxxx" QSC-nə 234 manat ödəməlidir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, «Müraciətinizlə bağlı aparılmış araşdırma zamanı Cavabdeh1 MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 531 nömrəli məktubda mağaza ilə aranızda bağlanmış xx.xx.2022-cı il tarixli podrat müqaviləsində və həmin müqaviləyə əlavə edilən qiymət razılaşması protokolunda mətbəx mebelinin parametrlərinin (ölçü, rəng, material tərkibi və s.) razılaşdırıldığı, razılaşmada mətbəx mebelinin fasad hissələrinin “MDF” materialından hazırlanmasının göstərildiyi, mebel hazırlandıqdan sonra 2022-ci ilin əvəllərində mənzilinizdə quraşdırıldığı, Sizə təhvil verildiyi zaman mebeldən istifadə qaydaları, zəmanət şərtləri barədə məlumat verildiyi, müqavilənin 6-cı bəndində göstərilən şərtlərə riayət edilməsinin tövsiyə olunduğu bildirilmişdir. Bir müddət sonra mebeldə yaranan qüsurla bağlı mağazaya şikayət etdiyiniz zaman qüsurun səbəblərinin araşdırılması məqsədilə şirkətin əməkdaşları tərəfindən evinizdə mebelə baxış keçirildiyi, baxış zamanı evinizdə su sızması olması səbəbindən mebelin korpus hissələrinin şişdiyinin aşkarlandığı, mebelin su ilə təmas etməməsinin Sizə tövsiyə olunduğu, müştəri məmnuniyyətini nəzərə alaraq zərər görmüş hissələrin əvəzsiz aradan qaldırılmasının Sizə təklif edildiyi, lakin bununla razılaşmadığınız qeyd olunmuşdur. Daha sonra 2022-ci ilin may ayında qüsurun əvəzsiz aradan qaldırılmasına razılıq verdiyiniz, 2022-ci ilin iyun ayında sözügedən qüsurun aradan qaldırıldığı bildirilmişdir. 2022-ci ilin iyul ayında eyni qüsurla bağlı təkrar müraciət etdiyiniz zaman yenidən su sızması halının aşkarlandığı və istifadə qaydaları barədə təkrar məlumat verildiyi, mebelə ad bütün hissələrin “MDF” materialından hazırlanmasının təklif edildiyi, hal-hazırda bu istiqamətdə işlərin görüldüyü, bu prosesin təxminən 2022-ci ilin noyabr ayının sonunadək icra olunacağı qeyd edilmişdir. Məktubda qeyd edilən məlumatların dəqiqləşdirilməsi məqsədilə Dövlət Xidmətinin əməkdaşı tərəfindən telefon (***-***-**-**) əlaqəsi saxlanılan zaman mətbəx mebelinin bütün tərkib hissələrinin “MDF” materialından hazırlanması ilə bağlı mağaza ilə razılığa gəldiyiniz barədə verdiyiniz məlumat nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, Cavabdeh1 MMC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə, həmçinin satış icraçısı tərəfindən zaminin özü olmadığı halda sənədlərə imza atıldığı və rəsmiləşdirilməsi ilə bağlı "xxxx" QSC barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır». -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3450 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş Cavabdeh1 MMC tərəfindən quraşdırılmış mebellərə çəkilmiş xərc təxminən 4500,0 manat müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının tələbi üç hissədən ibarətdir: - xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulması səbəbindən mebellərin geri qaytarılması; - 566-EKC-0021-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılaraq ödənilmiş 936 (doqquz yüz otuz altı) manat kredit məbləğinin geri qaytarılması; - 5*** (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi. Məhkəmə, iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, «...mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı mübahisədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulduğunu, keyfiyyətsiz mətbəx mebelinin hazırlandığını, mebel hazırlanarkən keyfiyyətsiz və ya ucuz materiallardan istifadə edildiyini, mebeldəki qüsurların Cavabdeh1 MMC-nin təqsirli hərəkətləri nəticəsində yarandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək evində quraşdırılmış mətbəx mebelindəki qüsurların Cavabdeh1 MMC-nin təqsiri ucbatından əmələ gəlməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Mətbəx mebelinin yararsız vəziyyətdə olan fotoşəkillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin fotoşəkillər mətbəx mebelindəki qüsurların Cavabdeh1 MMC-nin təqsiri nəticəsində yarandığını təsdiq etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 588.2. satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, podrat müqaviləsinin predmeti olan mətbəx mebeli 2022-ci ilin əvvələrində iddiaçının mənzilində quraşdırılaraq təhvil verilmiş, bu zaman mebeldən istifadə qaydaları, müqavilə şərtləri iddiaçıya izah edilmişdir. Bir müddət sonra iddiaçı mebeldə yaranan qüsurla bağlı Cavabdeh1 MMC-nə müraciət etmişdir. Cavabdeh1 MMC iddiaya etirazında bildirmişdir ki, cəmiyyətin əməkdaşları tərəfindən qüsurun araşdırılması məqsədi ilə iddiaçının mənzilində quraşdırılmış mebelə baxış keçirmiş, baxış zamanı evdə su sızması olması səbəbindən mebelin korpus hissələrinin şişdiyini müəyyən etmişlər. Əməkdaşlar mebelin su ilə təmas etməməsini iddiaçıya tövsiyə etmiş, müştəri məmnuniyyətini nəzərə alaraq zərər görmüş hissələrin əvəzsiz aradan qaldırılmasını iddiaçıya təklif etmişlər. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. 2022-ci ilin may ayında iddiaçı qüsurun əvəzsiz aradan qaldırılmasına razılıq vermiş və 2022-ci ilin iyun ayında sözügedən qüsur aradan qaldırılmışdır. 2022-ci ilin iyul ayında iddiaçı eyni qüsurla bağlı təkrarən MMC-nə müraciət edən zaman MMC-nin əməkdaşları tərəfindən yenidən su sızması halı aşkarlanmış və mebeldən istifadə qaydaları barədə iddiaçıya təkrar məlumat verilərək, mebelə ad bütün hissələrin “MDF” materialından hazırlanması təklif edilmiş, iddiaçı da bu təkliflə razılaşmışdır. Qeyd olunan hallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinin araşdırılması barədə məktubda da öz əksini tapmışdır. Sonradan iddiaçı Cavabdeh1 MMC-nin təklifinə etiraz etmiş, əvvəlki kredit müqaviləsi ləğv edilərək yeni şərtlərlə müqavilə bağlandığı təqdirdə mebelin bütün korpusunun boyalı MDF ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi Cavabdeh1 MMC mebelin qüsurlu hissələrinin dəyişdirilməsini müqavilə öhdəliyi olduğu üçün deyil, müştəri məmnuniyyətini nəzərə alaraq iddiaçıya təklif etmiş, eyni zamanda, yuxarıda qeyd edildiyi kimi mebeldəki qüsurların MMC-nin təqsiri nəticəsində yaranması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulması səbəbindən mebellərin geri qaytarılmasını tələb etməsi əsassızdır. Məhkəmə, iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı müqavilə azadlığı prinsipi çərçivəsində kredit müqaviləsini bağlayaraq, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilədə hər bir tərəfin iradəsi tam ifadə olunmuş, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə, 566-EKC-0021-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması hissəsində də iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Eyni zamanda, məhkəmə hesab edir ki, kredit müqaviləsinin etibarsız sayılması üçün əsaslar olmadığından, müqavilə üzrə ödənilmiş 936 (doqquz yüz otuz altı) manat pulun qaytarılması hissəsində də tələb əsassızdır. Məhkəmə, mənəvi zərərin ödənilməsi hissəsində də iddianı əsassız hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" QSC-nə qarşı “mebellərin geri qaytarılması, kredit müqaviləsinin etibarsız sayılması, ödənilmiş kredit məbləğinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu dövlət büdcəsinə aid edilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" QSC-nə qarşı “mebellərin geri qaytarılması, kredit müqaviləsinin etibarsız sayılması, ödənilmiş kredit məbləğinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və X1, KOD 21***5, VÖEN **********, müxbir hesab AZ41NABZ013601*********03944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar