Məhkəmə qərarları › İş №2(008)-1749/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1749/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1749/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş haqqın əvəzi olaraq 150 (yüz əlli) manatın Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzili xx.xx.2001-ci il tarixdə almış və halhazırda da mülkiyyətindədir. İş üzrə cavabdeh olan Cavabdeh ilə 04 oktyabr 2003-cü ildə nikah bağlamışlar. Nikahından üç övladı doğulmuşdur. Nikaha daxil olduqdan sonra əsasən başqa ünvanlarda yaşamışlar. Çox az-az hazırki ünvana gəlmişlər. Rusiya Federasiyası Moskva şəhərinin İzmayılov rayonunun 300 saylı məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə arasında bağlanmış nikah pozulmuşdur Artıq birgə yaşamır, birgə təsərrüfat aparmır, həyat yolları tamamilə ayrıdır. O, tez-tez Bakı şəhərində olur və buraya gəldikdə mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən zəbt olunması səbəbindən qohuməqrəbanın evinə qonaq olur. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə mənzilinə getmək istəyərkən cavabdehi və onun atası tərəfindən ona ağır xəsarət yetirilmiş, ona qarşı ağır cinayət törədilmişdir. Dəfələrlə cavabdehdən mənzili tərk etməsini tələb etsə də o, buna məhəl qoymamışdır. Halbuki, cavabdehin xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 32, 28 saylı mənzil var idi və cavabdeh orada yaşaya bilərdi. Cavabdeh həmin mənzili 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariusunda bağlanmış alqı-satqı müqaviləsi əsasında satmış, mülkiyyətindən çıxarmışdır. Həmçinin, cavabdeh ona qarşı Moskva şəhərində birgə nikah dövründə əldə edilmiş iki mənzilin bölünməsi və payının müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin mübahisəli ünvana 2003-cü ildən sonra yaşadığını və hüquq münasibətlərinin həmin tarixdən sonra yarandığını düşünsə hazırki münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməklə mübahisə həll edilməlidir. Cavabdehin 2009-cu ildən yaşayışa yararlı vəziyyətdə xüsusi mülkiyyətində mənzilin olması, aralarındakı münasibətlərin pisləşməsindən sui-istifadə edərək mülkiyyətində olan mənzili satması, üstəlik də birgə nikah dövründə əldə edilmiş hesab edərək Moskvada yerləşən iki mənzillə bağlı ona qarşı iddia tələbi irəli sümrəsi ilə onun hazırki mübahisəli mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmış hesab olunur. Cavabdeh mənzili qəsdən satmışdır ki, hazırki mübahisə yaranacağı təqdirdə yaşamağa yaşayış sahəsinin olmaması dəlilini irəli sürməyə əsası olsun. Cavabdeh mülkiyyətində olan mənzildən təyinatı üzrə istifadə edərək yaşamaq və mənzilini tərk etmək əvəzinə öz mənzilini satmış, onun mənzilində isə yaşamaqda davam etmişdir. Digər tərəfdən, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin bir məqsədi vardır ki, başqa yaşayış yeri və yaşayış sahəsi əldə etmək imkanı olmayan şəxsə yaşadığı yaşayış sahəsinə oxşar, yaşayış sahəsində müəyyən müddət ərzində yaşamaq imkanı verilsin, indiki halda cavabdeh öz mənzilini satmaqla mənzilin dəyəri olan 125.000 (yüz iyirmi beş min) manatı əldə etmişdir. Həmin məbləğlə onun mülkiyyətində olan mənzildən daha yaxşı şəraitli yaşayış sahəsini satın ala, yaşayış sahəsinə olan zəruri ehtiyacını qarşılaya bilər. Cavabdeh bunu etməməklə onun mülkiyyət hüquqlarına qeyri-qanuni müdaxilə edir, hüquqlarının realizə ediləsini məhdudlaşdırır. Bütün qeyd etdikləri cavabdehin bu yaşayış sahəsində yaşamağa ehtiyacının olmadığını, istifadə hüququnun saxlanılmasının zəruriliyinin aradan qalxdığını sübut edir və bu da onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə əsas yaradır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması ilə yanaşı cavabdehdən 30 manat dövlət rüsumu, 150 manat hüquqi yardım üçün xərcin də tutulmasını xahiş etmiş, burada texniki yanlışlığa yol verilərək dövlət rüsumu 100 manat deyil, 30 manat göstərilmişdir, ona görə də iddia tələbi həmin hissədə dəqiqləşdirərək 30 manatı 100 manat kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdeh ilk dəfə nikahın pozulması, uşağın ananın yanında saxlanması, aliment və əmlak bölgüsü tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı öz qardaşı vaistəsi ilə Cavabdeh ilə barışmış və iddia tələbinə məhkəmədə baxılmamış saxlanılmışdır. Bundan sonra keçən müddət ərzində Qasımov İddiaçı Çiçəki aldadaraq tərəflərin birgə mlkiyyətində olan hər bir əmlakı satmış və əldə edilən pul vaistəsindəni Cavabdeh hər hansı bir məbləğ verməmişdir. Daha sonra bütün əmlaklar satıldıqdan sonra o nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbini qəbul etmədiklərini, istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilməsinə etiraz etmədiklərini bildirişdir. Eyni zamanda cavabdehin mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə satılmış evin isə tərəflərin birgə nikah dövründə satılmış olduğunu bilirərək, cavabdehin başqa yaşamağa yerinin olmamasını məhkəmənin diqqqətinə çatdırmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 071053 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2001-ci il tarixində qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 86 saylı Mənzil Kommunal İstismar Sahəsinin 02 nömrəli. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 70 ünvanında İddiaçı qeydiyyatdadır. Rusiya Federasiyası adından 30 may 2022-ci il tarixli Qərarın surətindən görünür ki, xx.xx.1971-ci ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuş İddiaçı ilə xx.xx.1981-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Dırnis kəndində doğulmuş Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixində 782 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 31.05 kv.m mənzili X1 125.000 manata satmışdır. Cavabdeh Moskva şəhəri İzmaylova rayon Məhkəməsinə ünvanlamış birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı Moskva şəhəri Prerva küçəsi ev 26 korp 1 ünvanında yerləşən 77 saylı mənzilə Cavabdeh ½ hissəsində payının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə mülki işin hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzil xx.xx.2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh isə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və cavabdeh sözügedən mənzilə rəsmi qeydiyyata alınaraq həmin mənzildə yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirir ki, cavavbdeh ilə onun arasında bağlanmış nikah pozulduğundan cavabdehin onun mənzilindən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. İddiaçı cavabdehin sözügedən mənzilə kompensasiya verilmədən xitam verilməsini isə onunla əsaslandırır ki, cavabdehin Xətai rayon ərazisində evi olduğunun, həmin evi xx.xx.2021-ci il tarixdə 125.000 manat satdığından habelə Moskav Məhkəməsinin icraatında tərəflərin birgə nikah dövründə əldə etmiş olduğları mənzilə pay hüququnun tanınmasına dair iddia ərizəsi olduğunu və bununladada cavabdehin zəruri yaşamağa yer ehtiyacının olması halının aradan qaldırmışdır. Lakin məhkəmə iddiaçının diqqətinə çatdırararq qeyd edir ki, cavabdehin mülkiyyətində olan Xətai rayonunda yerləşən mənzil tərəflərin birgə nikah dövründə yəni xx.xx.2021-ci il tarixdə satıldığından həmin alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş pul məbləği tərəflərin birgə təsərrüfatına sərf edilmiş hesab edilir və iddiaçı tərəf bu halın əksini göstərə biləcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, hazırda Qasımova Çiçəyin əmlaka pay hüququnun tanınması tələbi dair iddia tələbi adiyyatı məhkəmənin icraatındadır. Nəqədər ki, əmlaka pay hüququ tanınmasına dair iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir, cavabdehin müvəqqəti yaşayış yerinə olan zərurəti aradan qaldırılmamış hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının keçmiş ailə üzvü olduğundan və onun sözügedən mənzilə istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1dən əvvəl yaranmış olduğundan, onun həmin məzilə istifadə hüququ yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya ödəməklə xitam verilməsi mümükün olduğundan, hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin ikinci hissəsinə-mənzildən çıxarılma hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbi istifadə hüququna xitam verilmə hissədə təmin edilməmişdirsə digər hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar