Məhkəmə qərarları › İş №2(008)-1759/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1759/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1759/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1949cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, İİ Çağan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası xx.xx.1949-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə yaşadığı Şamaxı rayonu İİ Çağan kəndindəki evdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün qeydiyyatda olduğu ünvan üzrə 11 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Lakin anasının poliklinikada dispanser qeydiyyatda olmaması səbəbindən poliklinika ona tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Bildirdi ki, xx.xx.2024-cü il tarixində anasının vəziyyəti qəfil pisləşəndə təcili tibbi yardım çağırmışlar, lakin onlar gələnə qədər saat 16:45-də artıq anası vəfat etmiş və Şamaxı rayon TTYS-nin həkim briqadası ona yalnız ölüm halını təsdiq edən akt vermişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dədəgünəş kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-75-23/291 2024 saylı xx.xx.2024-cü il tarixli arayışda X2 Şamaxı rayonu İİ Çağan kənd qəbirstanlığında dəfn edildiyi təsdiqini tapır. Anası 2023-cü ildən insult - beyin qan dövranının pozulması xəstəliyindən əziyyət çəkmişdir. Anasının vəfat etməsi faktının müəyyən edilməsi pensiya məsələsi ilə bağlı zəruridir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X4 onun arvadı olmuşdur. xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu İİ Çağan kəndindəki evlərində infarkt keçirərək ürəyi dayanmışdır. Həmin vaxt oğlanları və nəvəsi evdə olmuşlar. Arvadı ölüdüyü günün səhəri Şamaxıda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X4 onun anası olmuşdur. Sağlığında ürəyindən tez-tez şikayət etmişdir. O, ürək çatışmazlığıdan xx.xx.2024-cü il tarixdə yaşadığı Şamaxı rayonu İİ Çağan kəndindəki evdə vəfat etmişdir. Ona anasının ölüm xəbərini kiçik qardaşı vermişdir. Anası ölüdüyü günün səhəri Şamaxıda dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, X4 onun nənəsi olmuşdur. Nənəsi 2024-cü ilin iyul ayında Şamaxı rayonu İİ Çağan kəndindəki evlərində vəfat etmişdir. Mərhum ölüdüyü günün səhəri Şamaxıda Çağan kənd qəbirstanlığında dəfn olunmuşdur. O, nənəsinin dəfnində və yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 02624765 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixdə doğulmuşdur. - AЗ №1211252 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi X2 oğludur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkimə qədər ölüm halını təsdiq edən xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzi” PHŞ Şamaxı TTTYS-nin əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. - Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Dədəgünəş kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından məlum olur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 rayonu, Çağan kənd qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə İdraəsi 11 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X4 poliklinikaya müraciəti etmədiyinə görə və poliklinikada dispanser qeydiyyatda olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası xx.xx.1949cu il təvəllüdlü X4 xx.xx.2024-cü-cü il tarixdə yaşadığı Şamaxı rayonu, İİ Çağan kəndində vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması ilə bağlı anasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, İİ Çağan kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar