Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1764/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan ümumilikdə 1581.12 manat borcun silinməsi və həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası ünvanda yerləşən həyət evində yaşayır. Həmin ünvana quraşdırılmış qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə dəyişdirildi və bu barədə ******* saylı akt tərtib edildi. Cavabdeh əməkdaşları qaz sayğacını dəyişən zaman sayğacı qaz xəttindən ayırıb yerə qoymuşlar. Bu zaman yoldan keçən avtomobil ehtiyatsızlıqdan qaz sayğacını əzmişdir. Qonşuları da bu hadisənin şahidi olmuşlar. Bir müddət əvvəl müəyyən etmişdir ki, onun adına olan **********00000 saylı abonent hesabına 1581.12 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, sayğacın laboratoriyada yoxlanması barədə MSK 29/1710-00818-1 saylı xx.xx.2022-ci il tarixli akta əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, yoxlamanın nəticəsi olaraq sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırıldığı və s. səbəbdən yararsız olması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evində quraşdırılan qaz sayğacına baxış keçirmiş və guya sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etmə halı müəyyən etmiş, bu səbəbdən də 8856 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Həmçinin, xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən o da ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının zədələnməsi səbəbindən 4320 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 4320 kubmetr qaz itkisi, həmçinin, sayğacdan kənar qazdan istifadə etmədiyi halda, sayğacdan kənar qazdan istifadə etmə halına görə 8856 kubmetr qaz itkisi hesablayaraq onun hesabına ümumilikdə 1581.12 manat borc yazmışlar. Cavabdeh aktları ilə razı deyil. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək akt tərtib etmişlər. Həmçinin, evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırıldığı və s. qeyd olunub. Sayğacın küçədə yerləşdiyi nəzərə alınsa, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Həmçinin, sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Cavabdeh əməkdaşları qaz xəttindən ayrıb çıxartdıqları sayğacı yola qoymuş, yoldan keçən nəqliyat vasitəsi sayğacı əzmişdir. Belə olan halda sayğac müəyyən zədələrə məruz qalmışdır. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Onun sayğacın hesablama mexanizmini zədələməsi üçün heç bir səbəb, əsas və sübut da yoxdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin, həmin müqavilədə göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən evində olan qaz sayğacı üzrə Cavabdeh aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalı, Cavabdeh qanuna zidd hərəkətlərinə son qoymalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sonuncunun təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi, həmçinin, sayğacın mexaniki göstərici çarxlarının sınıq olması müəyyən edilmişdir. Qeyd olunan faktlar barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən dəymiş ziyan hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğac çıxarılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın mexaniki göstərici çarxlarının sınıq olması aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 4320 kubmetr təşkil edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 8856 kubmetr təşkil edir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1062.72 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518.40 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi və sayğacın mexaniki göstərici çarxlarının sınıq olması aşkar edilmişdir. Buna görə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1062.72 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518.40 manat vurulmuş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edilməsini və bunun nəticəsində ziyan vurulmasını sübut edə bilməmişdir. Belə ki, məhkəmə heyəti tərəfindən Cavabdeh əməkdaşı ilə birgə İddiaçı məxsus evə baxış keçirilmiş və cavabdehin təqdim etdiyi fotoşəkillərin iddiaçıya məxsus evə aid olmadığı, iddiaçının kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyi müəyyən olunmuşdur. Cavabdeh əməkdaşı özü aktın səhvən həmin ünvana yazıldığını bildirmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1062.72 manat vurulmuş ziyanın İddiaçı aid edilməsi əsassızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna hesablanmış 518.40 manat borcun silinməsi hissəsində də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1581.12 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 35.81 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1581,12 manat məbləğində borc silinsin və həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pullar hesablanaraq onun smart kart hesabına qaytarılsın. Cavabdehndən 35.81 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1764/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1764/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver