Məhkəmə qərarları › İş №2(008)-1767/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1767/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1767/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili X1, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 3228.60 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3258.60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 06.03.2020-ci il tarixdə 4695 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********53 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto şəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 21.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 597,60 manat; - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 270 manat; - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 885,60 manat; - 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; - 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; - 06.03.2020-ci il tarixli 0255933 saylı akt əsasında 59 manat; olmaqla, “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 2402,60 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə 2020-ci il üçün 568 manat, əvvəlki illərdən isə 258 manat faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borcu qalmışdır. Cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə 3228.60 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nümayəndənin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” “Azəriqaz” İstehsalat Birliyi ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.03.2020-ci il tarixli, 4695 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 6-da yerləşən 10 saylı evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış **********00000 saylı abonent saldosundan abonentin 3228.60 manat məbləğində borcu olduğu müəyyən olunur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 6-da yerləşən 10 saylı evə 21.02.2019-cu il, 30.04.2019-cu il, 30.12.2019-cu il, 30.01.2020-ci il, 28.02.2020-ci il və 06.03.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (597,60 manat); ******* saylı (270 manat), ******* saylı (885,60 manat), ******* saylı (295,20 manat); ******* saylı (295,20 manat) və ******* saylı (59 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq ümumilikdə 2402,60 manat pul vəsaiti hesablanmışdır. Lakin, ilk iki akt (0197732 saylı və ******* saylı aktlar) istisna olmaqla, həmin aktların hamısında yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, ilk dəfə 21.02.2019-ci il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquqmühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Beləliklə, məhkəmə 21.02.2019-cu il tarixli, ******* saylı və 30.04.2019-cu il tarixli, ******* saylı aktları mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin aktlar üzrə tələb olunan 597,60 manat və 270 manat məbləğində pulun, eləcə də, 2020-ci il üçün 568 manat, əvvəlki illərdən isə 258 manat borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə, ümumilikdə 867,60 manat məbləğində dəymiş ziyan və borca görə, ümumilikdə 826 manat məbləğində pul vəsaiti, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin olunduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 867,60 (səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində dəymiş ziyan, 826 (səkkiz yüz iyirmi altı manat) manat məbləğində borc və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1708,60 (min yeddi yüz səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar