Məhkəmə qərarları › İş №2(008)-1806/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1806/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1806/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X1 xx.xx.2012-ci il tarixli 845F18 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 3000 manat, 505,72 manat məbləğində faiz, 2009 manat cərimə borcu olmaqla cəmi, 5514,72 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 18 saylı filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 845F18 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak xərclərinin ödənilməsi məqsədləri üçün 18 ay müddətinə, xx.xx.2014-cü il tarixə qədər illik 28 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Bu müqavilənin təminatı kimi Cavabdeh1 ilə İddiaçı ASC-nin 18 saylı filialı arasında xx.xx.2012-ci il tarixli 845F18 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin borclu Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, cavabdeh ödənişlər etmiş və borcu hazırda iddia ərizəsində göstəriləndən daha azdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 845F18 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərtilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 845F18 zaminlik müqaviləsindən görünür ki, borclunun həmin tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. -xx.xx.2016-cı il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə əsas borcu 3000 manat, faiz borcu üzrə 505,72 cərimə borcu 2009 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə əsas borcu 2574,73 manat, faiz borcu üzrə 1207,08 manat, cəmi 3781,81 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, digər Cavabdeh1 isə kredit borcunun təminatçısı kimi üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının Cavabdeh1 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan iş materialları və qanunvericilik normalarına əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, qalan borcun məbləği iddia tələbində göstərilən məbləğdən azdır. Belə ki, cavabdeh tərəfindən ödənişlər edildikdən sonra əsas borc 2574 manat olmuş, faiz və cərimə borcu qalmamışdır. Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinə dair məhkəmə qeyd edir ki, məhkəmə həmin borcun hansı əsasla yaranmasına münasibət bildirə və iddianı həmin həcmdə təmin edə bilməz. Çünki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, iddiaçı isə iddianın həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət etməyib. Buna görə də, əsas borc maliyyə arayışında göstərilən məbləğində təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixli 845F18 saylı kredit müqaviləsi üzrə 2574 (iki min beş yüz yetmiş dörd) manat əsas borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar