Məhkəmə qərarları › İş №2(008)-181/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-181/2023

24.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-181/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan nə giriş-çıxışa Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərazi ilə müraciət edərək, çıxarılacaq yekun məhkəmə aktında qətnamənin aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin bilavasitə iştirakı ilə icra edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,112 ha olan 403G saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş ərazidə yaradılmış maneənin cavabdehin hesabına sökülməsi, söküntüdən sonra ərazinin cavabdehin hesabına təmizlənərək gediş-gəliş üçün yararlı hala gətirilməsi məqamlarının qeyd edilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, ünvan verilmiş çıxarışa əsasən, onun mülkiyyətindədir. Bağ sahəsinə giriş-çıxış isə Cavabdeh istifadəsində olan bağ sahəsinin ərazisindədir. Belə ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onun bağ sahəsinə giriş-çıxışı olsa da, qonşusu cavabdeh həmin yolu bağlamaqla, bağ sahəsinə giriş üçün ona yol vermir. Belə olan halda, onun bağ sahəsinə girişi məhdudlaşır və o, öz mülkiyyətindən istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli ekspert rəyindən də aydın olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin texniki pasportunda həmin torpaq sahəsinə giriş-çıxış üçün istifadə olunması nəzərdə tutulan 4 metr enində va 39 metr uzunluğunda olan keçid ərazisində Cavabdeh qanunsuz olaraq həyət tikilisi inşa etmişdir. Həmin tikilinin sökülərək iddiaçının mülkiyyətində olan bağ sahəsinə gediş-gəliş yolunun açılması texniki cəhətdən mümkün, hüquqi cəhətdən isə zəruridir. Belə olan halda, qanunsuz olaraq tikilmiş eni 3,6 metr, uzunluğu isə 19 metr olan həyət tikilisi cavabdeh tərəfindən öz vasaiti hesabına sökülməli, tikilinin inşa edildiyi giriş-çıxış üçün nəzərdə tutulan torpaq sahəsi isə, iddiaçının istifadəsinə yararlı, yəni giriş-çıxış üçün istifadə oluna biləcək şəkildə təmizlənərək, tikintidən əvvəlki vəziyyətinə qaytarılmalıdır. Ona görə də, iddiaçı və cavabdeh arasında indiyədək baş vermiş kiçik münaqişələri nəzərə alaraq hesab edir ki, iş üzrə çıxarılacaq yekun məhkəmə aktında qətnamənin münaqişəsiz və tərəflərdən heç birinin hüquqları pozulmadan icra edilməsi üçün aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin bilavasitə iştirakının, eləcə də, gediş-gəliş üçün maneənin cavabdehin hesabına sökülməsi və keçid üçün nəzərdə tutulan sahənin cavabdeh tərəfindən gediş-gəliş üçün yararlı hala salınmaqla təmizlənməsi hallarının qeyd olunması vacibdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, mübahisə predmeti olan bağ sahəsi 2001-ci ildən onun istifadəsindədir. Həmin bağ sahəsini hansı vəziyyətdə almışdırsa, hazırkı vaxtda da həmin vəziyyətdədir, heç bir müdaxilə etməmişdir. Sonra onda bir sənəd olduğu üçün, digərlərində isə, əlavə sənəd ola bilməsi və həmin yerin başqasının yeri olması ehtimalı ilə bağlar idarəsinə müraciət etmişdir. Lakin həmin bağ sahəsinin başqa sahibinin olmadığı müəyyən olunmuşdur. Daha sonra bələdiyyəyə müraciət edərək ki, onun bağının yanında hər tərəfdən qonuşlarla əhatə olunan və giriş-çıxışı olmayan torpaq sahəsi olduğunu bildirmiş və həmin sahənin ona verilməsini xahiş etmişdir. Bunun nəticəsində, həmin torpaq sahəsini bələdiyyədən ödənişlə almışdır. Daha sonra digər qonşu həmin torpaq sahəsinin bir hissəsini ona satmasını istəmiş, o da razılaşıb satmışdır. Bundan sonra həmin qonşu ondan aldığı torpaq sahəsini iş üzrə İddiaçı satmışdır. Bildirir ki, torpağını satdığı qonşu ilə aralarında heç vaxt yola görə mübahisə olmamışdır. Sonradan İddiaçı onunla prinsipə düşmüşdür. Cavabdeh qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının nəticələri ilə razı olmadıqlarını bildirdi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş ekspert X3 ona verilən suallara cavab olaraq bildirdi ki, həmin sahədə keçid yerinin eni 4 metr, uzunluğu 39 metrdir. Keçid yeri faktiki olaraq cavabdehin istifadəsindədir, bir hissəsi də tikilidir. Orada təxminən 60 santimetr enində yer qalır. 3,6 metr en, 19 metr uzunluq həmin sahədəki tikilinin ölçüləridir. Cavabdehin torpaq sahəsi bir sahədir və onun yuxarı tərəfində iddiaçıya torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə həmin yerdən keçid nəzərdə tutulmuşdur. Torpaq sahələri arasında faktiki sərhəd hasarı yoxdur. 39 metr yerin dəqiq müəyyən edilməsi icra prosesi zamanı mümkündür. Keçid cavabdehə məxsus texniki pasport vasitəsilə müəyyən edilmişdir. Keçid hissənin başlanğıcı, eni dəqiq müəyyən olunmamışdır. Həmin ərazidə sürüşmə ehtimalı yoxdur. Torpaq sahələrinin yeri texniki pasport məlumatlarına əsasən müəyyən edilmişdir. Faktiki yerində olanlar texniki pasportada olan məlumatlarla üst-üstə düşür. İddiaçının evinə keçid yolu 4 metr enində, 39 metr uzuluğunda olan sahədə nəzərdə tutulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və eksperti dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-30/2016 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi 061 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsində yerləşən 1120 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Həmin qurum tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan xx.xx.2016-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - X1 və İstismarı Birliyi və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 29824 saylı müqavilədən görünür ki, Bilgəh qəsəbəsi ərazisindəki 403 nömrəli bağ sonuncuya istifadəyə verilmişdir. - İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2880 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan nin və Cavabdeh istifadısində olan həmin ərazidə yerləşən 4013 saylı bağ sahəsinin ayrııayrılıqda, sərhədləri konfiqurasiyası və giriş-çıxış sahələri yerində müəyyən olunaraq, bu barədə sxem rəyə əlavə olunmuşdur. Müəyyən edilmişdir ki, 403G saylı bağ sahəsinə maneə vardır, yəni cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu zəbt edilmişdir. Mövcud maneə cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yardımşı tikili sökülərək aradan qaldırılmalıdır. Söküləcək həmin hissənin koordinatları müəyyən edilərək koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. - Daha sonra məhkəmənin təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2(008)-240/2022 saylı qərardadı əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/1008 saylı rəydən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0,112 ha sahəsi olan 403G saylı bağ sahəsinin və Cavabdeh istifadəsində olan həmin ərazidə yerləşən 403 saylı bağ sahəsinin ayrı-ayrılıqda, sərhədləri konfiqurasiyası və giriş-çıxış sahələri müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerlşən, sahəsi 0,112 ha olan 403G saylı bağ sahəsinin giriş-çıxış yolunun 403 saylı bağ sahəsinin texniki pasportunda qeyd olunan 4 metr enində 39 metr uzunluğunda olan keçid ərazisindən nəzərdə tutulduğu və həmin ərazidə cavabdehin istifadəsində olan bir mərtəbəli həyət tikilisi eni (3,6 metr uzunluğu 19 metr) inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili söklərək iddiaçının mülkiyyətində olan sahəsi 0,112 ha olan 403G saylı bağ sahəsinə gediş-gəliş yolunun açılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışı zamanı iddia tələbinin əsası araşdırılarkən, həmçinin ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,112 ha olan 403G saylı bağ sahəsinə dair xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəddən görünür ki, torpaq sahəsi dördbucaqlı formasında olmaqla, koordinatları müəyyən edilmişdir. Cavabdeh istifadəsinə verilmiş bağ sahəsinə dair texniki pasportdan müəyyən edilmişdir ki, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ” literli həyət tikililəri mövcud olmuş, torpaq sahəsinin bir tərəfində yol və keçid ilə həmsərhəd olması göstərilmişdir. Ekspert tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, “İİ” literli tikili sökülmüş, “A” literli bağ evinin, “İ” və “İİİ” literli tikililərin ölçüləri, planlı yerləşməsi 403 nömrəli bağ sahəsinə dair texniki pasporta uyğundur. Eyni zamanda texniki pasportda qeyd olunan 4 metr enində, 39 metr uzunluğunda nəzərdə tutulmuş keçid ərazisi faktiki vəziyyətdə cavabdehin istifadəsindədir və həmin keçid ərazidə cavabdehin istifadəsində olan bir mərtəbəli həyət tikilisi – eni 3,6 metr, uzunluğu 19 metr olan tikili inşa edilmişdir. Baxış zamanı əldə edilmiş məlumatlar ilə iş materiallarına əlavə edilmiş ünvan ünvanında yerləşən 0,112 ha torpaq sahəsinin koordinatlarını və 403 nömrəli bağ sahəsinin texniki pasportunda qeyd olunanları kameral şəraitdə müqayisəli şəkildə təhlil edərkən məlum olmuşdur ki, tərəflərə məxsus torpaq sahələri bir-birinə bitişik olmaqla, qonşu sahələrdir. 403G saylı bağ sahəsi 403 saylı bağ sahəsinin şərq tərəfində yerləşir və 403G saylı bağ sahəsinə gediş-gəliş yolu 403 saylı bağ sahəsinin texniki pasportunda qeyd olunan keçid ərazisindədir. 403 saylı bağ sahəsində keçid hissəsində inşa edilmiş eni 3,6 metr, uzunluğu 19 metr olan tikilinin sökülərək sahəsi 0,112 ha olan 403G saylı bağ sahəsinə gediş-gəliş yolunun açılmasının texniki cəhətdən mümkünlüyü ekspert tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan ünvan nə giriş-çıxışın təmin edilməsi məqsədilə, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 403 saylı bağ sahəsinin keçid hissəsində inşa edilmiş eni 3,6 metr, uzunluğu 19 metr olan tikili cavabdehin hesabına sökülməli və 403G saylı bağ sahəsinə maneəsiz giriş-çıxış təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60-cı maddələrinin 1-ci hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının-Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 403G saylı bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə, Cavabdeh istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qonşu - 403 saylı bağ sahəsinin keçid hissəsində cavabdeh tərəfindən inşa edilmiş, eni 3,6 metr, uzunluğu 19 metr olan tikili (403G saylı bağ sahəsinə maneəsiz giriş-çıxış üçün yetərli həddə) cavabdehin hesabına sökülsün və söküntü işlərinin qalıqları cavabdehin hesabına təmizlənsin. Qətnamənin icrası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1008 №-li rəyi, eləcə də orada (3-cü səhifədə) göstərilmiş “403G saylı bağ sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu” adlı sxem nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehə aid edilməklə, əvəzi ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar