Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-182/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin ona məxsus 13/28 hissəsindən 18.6 kv.m cavabdehə bağışladığından qalan hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil ümumi paylı mülkiyyət kimi 13/28 hissədə İddiaçı, 13/28 hissədə cavabdeh X3 və 2/28 hissədə isə Cavabdeh2 məxsusdur. Cavabdehlərlə bir yerdə yaşamaq mümkün olmadığından, faktiki istifadəsində olan evin ona düşən hissəsinin naturada bölünməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilənlərlə razıdır. Eyni zamanda, İddiaçı onun payından 18.6 kv.m hissəsinin çıxılmaqla payının faktiki ayrılmasını istəyir. Odur ki, nümayəndə həmin rəyin nəzərə alınmaqla iddianın təmin edilməsini, eləcə də hüquqlarını təmsil etdiyi şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin 13/28 hissəsi İddiaçı, 13/28 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış, 2/28 hissəsi isə X2 adındadır. - İddiaçı Bakı şəhəri 29 saylı saylı notariat ofisinin tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən məlum olur ki, İddiaçı öz payından 18.6 kv.m hissəni öz razılığı ilə cavabdehə bağışlamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/351 №-li rəyindən (habelə ona əlavə edilmiş mübahisə predmetinin faktiki istifadə bölgüsü və iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılma qaydasından) görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin iddiaçıya məxsus 13/28 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuş, lakin qeyd olunan mənzilin tərəflər arasındakı faktiki bölgüsü 13/28 hissə paydan qismən kənara çıxmaqla (18.6 kv.m) İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmin rəyin təsviredici hissəsində ekspert tərəfindən müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan tikilinin hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla təcrid şəkildə ayrılmış iki ədəd fərdi yaşayış evindən ibarət olduğu müşahidə edilmişdir. Tikiliyə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasport sənədinin “mənzil planı” hissəsində 1,2,3,4 və 5 nömrəli otaqların faktiki olaraq iddiaçı, 6,7,8 və 9 nömrəli otaqların isə faktiki olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Mübahisə predmeti olan mənzil 61.75 kv.m yaşayış sahəsindən və 60.74 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 122.49 kv.m təşkil edir. İddiaçıya məxsus 13/28 pay hissəsinin ümumi yaşayış sahəsi 56.87 kv.m (122.49 kv.m x 13/28), yaşayış sahəsi 28.66 kv.m (61.75 kv.m x 13/28), yardımçı sahəsi isə 28.20 kv.m-dən (60.74 x13/28) ibarətdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil 13/28 hissədə İddiaçı, 13/28 hissədə Cavabdeh1 adına qeydiyyata alınmış, 2/28 hissədə isə X2 adında qalmışdır. Məhkəmə təqdim edilmiş 10/351 №-li ekspert rəyinə əsasən, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış paylara uyğun bölgünün həyata keçirilməsi mümkün olmasa da, tərəflər arasında faktiki bölgünün 13/28 hissə paydan qismən kənara çıxmaqla (18.6 kv.m) aparılmasının mümkünlüyü barədə nəticəyə gəlinmişdir. Məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi və vəkili həmin nəticə ilə razılaşdığını bildirmiş, eləcə də, yekun məhkəmə qərarının qəbul edilməsi zamanı həmin rəyin nəzərə alınmasını və iddiaçının paylı mülkiyyətindən 18.6 kv.m hissəsinin çıxılmaqla payının naturada ayrılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə, ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni İddiaçı payı onun paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 122.49 kv.m olan 1 saylı mənzilin 13/28 (56.87 kv.m) hissəsindən 18.6 kv.m kənara çıxılmaqla, yəni 38.27 kv.m hissəsi naturada ayrılmaqla bölünməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində məhkəmə xərci mübahisə predmeti olan mənzildə payı qeydə alınmış Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin 13/28 hissəsi – 56.87 kv.m hissəsindən 18.6 kv.m kənara çıxılmaqla, yəni 38.27 kv.m hissəsi naturada ayrılsın. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-182/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-182/2023
24.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver