Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-187/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən abonent kodu **********00000 olan İddiaçı yaşadığı ünvandakı cavabdeh tərəfindən qoyulmuş qaz sayğacındakı qüsurların cavabdehin öz hesabına aradan qaldırılması, 20 manat dövlət rüsumunun və artıq ödənilmiş 470 manat məbləğindəki pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini qaz təminatı ilə təchiz etmiş və bununla bağlı cavabdeh qurumla arasında müvafiq müqavilə imzalanmışdır. Həmçinin bildirir ki, bu ünvanda yaşayan sakinlərin demək olar əksəriyyətinin evinə quraşdırılmış smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənmişdir. Çox təəssüflər olsun ki, bütün sakinlər smart sayğacların əvəz olunmasından narazıdılar. Çünki sakinlər smart tipli sayğacların abonent üçün daha etibarlı olduğunu düşünürlər. Mexaniki sayğaclarda manipulyasiya imkanları daha çoxdur. Onlar smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsini anlaya bilmirlər. Çünki Smart tipli sayğaclarda abonentə artıq borc yazmaq demək olar ki, mümkün deyil. Amma mexaniki sayğaclar quraşdırılandan narazılıqlar çoxalıb. Bu sayğaclar sərfiyyatı həddən artıq, təxminən 2-3 dəfə şişirdir. Bu hal ya mexaniki sayğacların qüsurlu olmasının təzahürüdür, ya da ki, X4 Sahəsinin pul qazanmaq oyunudur. Həmçinin sərfıyyat çox yazılsa da bu günkü günə kimi davamlı olaraq istifadə etdiyi qaz sərfiyyatının pulunu ödəmişdir. Sərfİyyatın çox yazılmasına dair cavabdeh quruma müraciət etsə də, həmin qurumdan bildiriblər ki, yaranmış mübahisə ilə bağlı ya borcu tam ödəməli, ya da ki, məhkəməyə müraciət etməlidir. Hesab edir ki, yaşayış evini qaz təminatı ilə təchiz etmək üçün cavabdeh tərəfindən qoyulmuş qaz sayğacındakı qüsurlar cavabdehin öz hesabına aradan qaldırılmalı və artıq ödənilmiş 470 manat məbləğindəki pul vəsaiti ona qaytarılmalıdır. Qeyd etmək istəyir ki, heç vaxt təbii qazdan istifadə qaydalarını pozmamış, istehlakçı olaraq üzərinə düşən öhdəliyi zamanında yerinə yetirmişdir, təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlər etmiş və bu səbəbdən heç vaxt borcu yaranmamışdır. Mexaniki qaz sayğacının istismara yararsız olmasında və ya qaz təchizatının problemli olmasında onun heç bir günahı yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, smart tipli qaz sayğacı mexaniki sayğac ilə əvəz edilmişdir. Sayğacda heç bir qüsur olmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - xx.xx.2021-ci il tarixli saldodan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2021ci il üçün 152.10 manat 2020-ci il üçün isə 228,60 məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qaz sayğacında yaranmış qüsurların cavabdeh tərəfindən qaldırılmalı olduğunu bildirsə də, sayğacda hansı qüsurların olmasını əsaslandırmamış və borcun əsassız səbəbdən yaranmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 470 manat məbləğində borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmışdır və bu borc iddiaçı tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Qazın alqı-satqısı barədə tərəflər arasında bağlanan müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Odur ki, cavabdeh qurumun təqsiri ücbatından iddiaçıya əsassız borcun hesablanması öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “yaşadığı ünvandakı cavabdeh tərəfindən qoyulmuş qaz sayğacındakı qüsurların cavabdehin öz hesabına aradan qaldırılması, 20 manat dövlət rüsumunun və artıq ödənilmiş 470 manat məbləğindəki pul vəsaitinin ona qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-187/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-187/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver