Məhkəmə qərarları › İş №2(008)-1885/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1885/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1885/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ildə məcburi köçkün kimi məskunlaşdığı və 1992- 2019-cu illərdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağa köçürülməyinə və kirayə pullarına görə ona dəyən 2000 (iki min) manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1975-cü il tarixində Şuşa şəh, Aşağı Quşçular kəndində anadan olmuşdur. Bildirir ki, 1992-ci il tarixində o, İddiaçı, X4, qardaşı Cavabdeh və digər ailə üzvləri Şuşa şəhərindən məcburi köçkün düşmüşdür. Elə həmin vaxtdan da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, 304 saylı otağına yerləşdirilmişdir. Həmin 304 saylı otaq 2 ayrı otaqdan ibarətdir. Həmin vaxtı o və anası X1 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otaqda, qardaşı Cavabdeh isə həmin 304 saylı otağın sol hissəsindəki otaqda yerləşdirilmişdir. Onlar uzun müddət həmin ünvanda hərə öz otağında yaşayırdı. Heç kim bir birinin otağına müdaxilə etmirdi. Qardaşı Cavabdeh 2005-ci il tarixində ailə həyati qurmuşdur. X4 isə 07.10.2017-ci il tarixində rəhmətə getmişdir. 2019-cu ilin dekabr ayında o X6 ilə qeyri-rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Bundan sonra həyat yoldaşının da evi olmadığı üçün müvəqqəti olaraq 1 aylıq yeni ailə kimi başqa yerdə kirayə yaşamışlar. 1 aydan sonra o, öz otağına qayıtmaq istəyərkən qardaşı Cavabdeh onu öz otağına buraxmamışdır. O, ona evsiz qaldığını, yaşamağa yerinin olmadığını bildirsə də, qardaşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, 304 saylı otağın qapısını bağlayaraq onu çöldə qoymuşdur. Bundan sonra o əlacsız qalaraq həyat yoldaşı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində hər ayı 100 manata kirayə qalımışdır. O hal-hazırda məktəbdə kitabxanaçı işləyir və 289 manat əmək haqqı alır. Kreditləri var. Hal-hazırda kirayə pulunu ödəməyə çətinlik çəkir. Həyat yoldaşı işləmir. O, qardaşı Cavabdeh nə qədər xahiş etsə də, o onu öz otağına buraxmır. Onda olan məlumata görə 304-saylı otağın sağ hissəsindəki onun istifadəsində olan otağın qapısını qıraraq ona məxsus əşyaları talayıblar və qardaşı yaşayış yerini böyüdərək həmin hissəni də ələ keçirib. Bundan sonra dəfərlərlə qardaşına istifadəsinə verilən, məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağa girməyi üçün icazə istəsə də, tələb etsə də, qardaşı həmin 304-saylı otağın ümumi qapısı bağlayaraq onun həmin otağa buraxmamışdır. Bütün bunlarla bağlı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa rayon İcra Hakimiyyətinin Quşçular kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə müraciət etsə də, ona şifahi olaraq məhkəməyə müraciət etməyini məsləhət bilmişlərdir. Qardaşının qanunsuz əməlləri barəsində Sabunçu Rayon Polis idarəsinə müraciət etmişdir. Oradan da ona şifahi olaraq məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir.. Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoruna qardaşının bu zorakı hərəkəti barədə müraciət etmişdir, onlar da onun oraya yerləşdirildiyini təsdiq etsələr də, hazırki problemin həlli üçün ancaq məhkəməyə müraciət etməli olduğunu bildirmişlərdir. O, 1992-ci ildə öz doğma Şuşa şəhərindən məcburi köçkün düşüb iztirab çəkmişdir. İkinci dəfə qardaşı Cavabdeh bu iztirabı ona yaşadır. Məcburi köçkün kimi məskunlaşdığı, 1992-ci ildən 2019cu ilin dekabr ayına kimi yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağa onu buraxmır. O, kirayə evlərdə yaşayır. Qardaşı onun ailə qurmağını bəhanə gətirib onu evə buraxmır. Onun bir insan kimi, məcburi köçkün kimi, şəhid ailəsi kimi hüquqları qardaşı tərəfindən pozulub. O da pozulan hüquqlarını bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda qardaşı Cavabdeh tərəfindən onun hüquqlarının pozması nəticəsində o, 2 ildən çoxdur ki, kirayə qalır və ümumi olaraq həmin illər üçün kirayə haqqı olaraq 2000 (iki min manat) xərci çıxmışdır. Hal-hazırda evsizdir, yaşamağa yerim yoxdur. O, İddiaçı 1992-ci ildə məcburi köçkün kimi məskunlaşdırıldığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağa köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Allahverdiyev Əli Aydın oğlu məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi, Bakı şəhəri, Sabunçu rayonu sektoru 21 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şuşa rayonundan məcburi köçkün kimi Pirşağı qəsəbəsi, Gilavar küçəsi, Sanatoriyada məskunlaşmışdır. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1975-ci il tarixdə Şuşa rayonunda doğulmuş, hazırda Sabunçu rayonunda məskunlaşmışdır. Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 21 nömrəli 19.01.2022-ci il tarixli arayışından görünür ki, Şuşa rayon Quşçular kənd sakini İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Gilavar sanatoriyasında 1992-ci ildən 2019-cu ilin dekabr tarixinədək yaşamışdır. İ korpus, otaq 304-ün sağ hissəsində. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh bacı qardaşdırlar. İddiaçı 1992-ci il tarixdən 2019-cu il tarixədək məcburi köçkün kimi Pirşağı qəsəbəsi, Gilavar küçəsi, Sanatoriyada məskunlaşaraq yaşamışdır. 2019-cu il tarixdən iddiaçı qeyri-rəsmi nikaha daxil olmuş, 1 aylıq kirayədə yaşamışdır. Sonradan o məskunlaşdığı ünvana qayıtmaq istəsə də, qardaşı Cavabdeh həmin otağı zəbt edərək onu həmin ünvana buraxmamışdır. Məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağda 1992-ci ildən yaşamağa başladığını nəzərə alaraq hesab edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı mübahisəli ünvana köçürülməlidir. Məhkəmə iddia tələbinin kirayə pullarına görə ona dəyən 2000 (iki min) manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanının dəyməsini və maddi ziyanın dəymiş oluğu halda bunu dəyərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab dir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının yaşayış yerinə köçürülməsi barədə qətnamənin qəbul olunması onun yaşayış yerindən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin yaşayış yerindən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının 1-ci korpusunun, otaq 304-ün sağ hissəsindəki otağa köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar