Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1899/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X6 İddiaçının nümayəndəsi X3 və vəkili X13, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində olan tikilinin sökülərək qanuni sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 288T saylı bağ sahəsindən və ona bitişik olan etibarnamə əsasında ona aid olan ümumilikdə 0,10 ha (10 sot) ərazini əhatə edən bağ sahəsindən çıxarılması, yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasına və cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi anası X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Pirşağı qəsəbəsi, bağlar massivində 10 sot 288T nömrəli bağı boş torpaq sahəsi olaraq Hüseynağa Həsənağa oğlundan bağın icarəyə verilməsi haqqında 24750 nömrəli, xx.xx.1993-cü il tarixli müqaviləyə əsasən etibarnamə əsasında almış, sonradan onun adına rəsmiləşdirilmişdir. Lakin, X4 aldığı torpaq sahəsini hasara almağa imkan verməmiş və torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu bildirmişdir. Bu barədə polisə müraciət etmişlər. Polisdə aparılan araşdırma zamanı torpaq sahəsinin ona məxsus olması bildirildikdən sonra o, torpaq sahəsini hasara almış, orada kiçik bir ev tikmiş, lakin tikintisini tam çatdıra bilməmişdir. Həmin vaxt AR ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarış almaq üçün müraciət etmişdir. AR ƏMDK-nin DƏDRX-dən isə qeyd edilən torpaq sahəsinin mübahisəli olduğu üçün ona yalnız 6 sot üçün torpaq sahəsinə çıxarış verilmişdir. Qalan 4 sot torpaq sahəsinin isə Həsənağa Hüseynağa oğlunun adına qalmış, bu mübahisənin həll etdikdən sonra həmin hissəyə də maneəsiz dövlət reyestrindən müvafiq çıxarış alacaqdır. Bundan başqa, onunla Pirşağı bələdiyyəsi arasında bağlanmış 1161 saylı icarə müqaviləsinə əsasən həmin ərazidə 650 kv.m torpaq sahəsi də onun istifadəsindədir. Ona bağı zəbt edənin kimliyi sonradan məlum olmuşdur. Məlum olmuşdur ki, bağ sahəsi onun əvvəllər tanımadığı şəxs X4 tərəfindən hal-hazırda torpağı zəbt edən Cavabdeh verilmişdir. Torpaq sahəsini cavabdeh heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt etmişdir. Həmin şəxslər onun mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Hal-hazırda o, həmin bağ sahəsindən istifadə edə bilmir. Oranı zəbt edənlər isə qanunsuz hərəkətlərindən çəkinmirlər. Belə ki, təxminən 1 il bundan əvvəl o, bağ sahəsinə gələrkən orada tikdiyi hasara və evə sərf edilən daşların cavabdeh tərəfindən qanunsuz olaraq söküb özünə yeni hasar tikilməsi üçün istifadə etdiyini aşkar etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə də ona 2000 manat məbləğində ziyan dəymişdir. Uzun illər istifadəsində olmuş həmin bağ sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X8 və vəkili X18 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbnin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında qeyd etdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287 saylı bağ sahəsini (0,05 ha) X4 ilə xx.xx.2018-ci il tarixdə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin bağ sahəsinin onun xüsusi mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A 301800 №-li torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Lakin, iddiaçı torpaq sahəsinə hasar çəkərək onun girişinə məhdudiyyət qoymuş və bunun nəticəsində o, özünə məxsus torpaq sahəsinə girə bilmir. Odur ki, məhkəmədən iddia tələbnin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməldir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Hüseynağa Həsənağa oğlu arasında Pirşağa qəsəbəsində 0,10 hekatrlıq bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1993-cü il tarixli 24750 №-li Müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Hüseynağa Həsənağa oğlunun adına həmin 1000 kv m torpaq sahəsinin 630,15 kv m hissəsinə dair xx.xx.2009-cu il tarixdə A № 221137 №-li plan və ölçü verilmişdir. Bundan sonra Hüseynağa Həsənağa oğlu həmin torpaq sahəsində ev tikdirmiş və Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyyətinə müraciət edərək onun hüquqi qeydiyyata alınmasını xahiş etmişdr. Sabunçu rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 686 №-li Sərəncamı ilə 630,15 kv metr torpaq sahəsinin üzərində inşa edilən evin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. xx.xx.2009-cu il tarixdə Hüseynağa Həsənağa oğlunun adından etibarnamə əsasında imza edən X9 (hazırki iş üzrə iddiaçının anası və nümayəndəsi) Əmlak Msələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək 0,10 ha torpaq sahəsinə dəyişiklək edib faktiki sahənin 640 kv m qeyd edilməsinə və bununla bağlı özəlləşdirib dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2010-cu il tarixdə Hüseynağa Həsənağa oğlunun adına 288T saylı bağ evinə və 0,063015 ha torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə ******* №-li Reyestrdən Çıxarış verilmişdir. Həmin bağ evini və torpaq sahəsini hazrki iş üzrə iddiaçı Cəfərova X11 Həsənağa oğlundan satın almışdır (Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2010 -cu il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi). Adıçəkilən müqavilən yenə də Hüseynağa Həsənağa oğlunun adından etibarnaə əsasında iddiaçının anası və nümayəndəsi X8 imzalamışdır. Beləliklə, İddiaçı və onun anası və nümayəndəsi X8 torpaq sahəsinin 10 sot deyil, 6,3015 sot olduğunu bilmişdilər. Hazırda həmin bağ evi və torpaq sahəsi (0,063015 ha) İddiaçının xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Adıçəkilən torpaq sahəsinin qonşuluğunda Cavabdeh mülkiyyətində olan 5 sot torpaq sahəsi yerləşir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287 saylı bağın 0,05 ha olan torpaq sahəsi aşağıdakı qaydada Cavabdeh mülkiyyətinə keçmişdir: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287T saylı bağ sahəsinin 0,9 ha olan torpaq sahəsi X5 xüsusi mülkiyyətində olmuşdur. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). X10 həmin bağ sahəsinin 0,09 ha olan torpaq sahəsini X1 bağışlamışdır (Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2010 -cu il tarixli şəxsi torpaq sahəsinin bağışlama müqaviləsi). X4 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287T saylı bağ sahəsinin 0,09 ha olan torpaq sahəsinin 0,04 ha hissəsini X2 (5 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2018 -ii il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi), 0,05 ha hissəsini isə Cavabdeh (5 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2018 -ii il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi) satmışdır. İddiaçı iddia edir ki, onun mülkiyyətində 0,06 ha topaq sahəsinin olmasına baxmayaraq, ilkin sənədlərə əsasən torpaq sahəsi 10 sot olmuşdur və cavabdeh qalan təxminən 4 sotu zəbt etmişdir. Hazırda iddiaçı torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində olan tikilinin sökülərək qanuni sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunduğu kimi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287 saylı bağ sahəsinin 0,5 ha olan torpaq sahəsi cavabdehin qanuni mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan 0,063015 torpaq sahəsi ilkin olaraq Hüseynağa Həsənağa oğluna 1993-cü ildə10 sot ayrılsa da, 2009-cu ildən başlayaraq həmin torpaq sahəsi artıq 0,063015 ha olmuş, bunu iddiaçı da, anası da bilmişlər. 10 sot torpaq sahəsinin qalan hissəsi Hüseynağa Həsənağa oğlu tərəfindən özəlləşdirilməmiş və iddiaçıya satılmamışdır. Cavabdeh həmin toraq sahəsində isə qanuni əsaslarla yerləşmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1899/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1899/2020
08.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver