Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-190/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsinin cavabdeh tərəfindən boşaldılması, tikilmiş hasarın və evin cavabdehin hesabına sökülməsi və mərzlənmə nişanları müəyyən edildikdən sonra yeni hasarın cavabdehin şəxsi hesabına tikilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2 saylı bağ sahəsi ona məxsusdur. Cavabdeh tərəfindən bağ sahəsi qanunsuz olaraq zəbt edildiyindən onun tərəfindən 2014-cü il tarixində Sabunçu Rayon Məkəməsinə müraciət olunmuşdur. xx.xx.2014-cu ildə 2(008)-6305/2014 saylı iş üzrə iddiası təmin edilərək qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən qanunamüvafıq qaydada icra edilərək cavabdeh həmin bağ sahəsindən məcburi qaydada çıxarılmışdır. Lakin, buna baxmayaraq, X1 bir müddət sonra yenidən adı çəkilən bağ sahəsinə qanunsuz olaraq gəlmiş və bağ sahəsinin darvazasına qıfıl taxaraq bağlamış, bununla da onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, torpaq sahəsi ona şirkət tərəfindən verilib. Əvvəllər başqa bir yerdə onun torpağı olmuş, həmin torpaq bir şirkət tərəfindən alınmış, əvəzinə isə hazırda mübahisə predmeti olan torpaq verilmişdir. Sözügedən torpaq sahəsinə çıxarış veriləcəyinə dair söz vermişdilər, lakin həmin sözə əməl edilməmiş və hazırda torpağın heç bir sənədi yoxdur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6305/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən İddiaçı istidadəsinə verilmiş 5572 saylı bağ sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir; - Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 32852 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 5572 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir; - xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 151 saylı, xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2000-ci il tarixdən 2008-ci illər üçün 5572 saylı bağ sahəsinə görə vergi borcu yoxdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Ləhiş bağlar maasivində yerləşən İddiaçı məxsus 5572 saylı bağ sahəsi naməlum vətəndaşlar tərəfindən tutularaq qanuni sərhədlərə uyğun gəlməyən ölçüdə hasarlanmışdır. - Məhkəmə Ekspertiza Mərlkəzinin 10/1705 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağı sahəsi X2 məxsusdur və qeyd olunan bağ sahəsinin hüdudlarında tikili mövcud deyil. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********89 saylı mütəxəssiz rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərildiyi ölçülmüş, ərazinin koordinatları daxilində yerləşən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5572 saylı bağı ərazisinə uyğun gəlir. İddia olunan torpaq sahəsi hasara alınmış, içərisində bir neçə yerdən giriş qapısı olan 1.2478 ha ərazinin hüdudları daxilində yerləşir. Lakin iddia edilən və naturada göstərilən torpaq sahəsində tikili mövcud deyil. Aparılmış inventarlaşmaya dair ekspertiza xərcinin dəyəri cəmi 194,34 manat təşkil edir. Məhkəmə araşdırması ilə müəyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə xx.xx.2004-cü il tarixldə bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsusdur, cavabdehin isə həmin torpaq sahəsinə heç bir sənədi mövcud deyil. Məhkəmə qətnaməsi ilə daha əvvəl cavabdehin oradan çıxarılması qət edilmiş və qətnamə icra olunmuşdur. Lakin hazırda həmin torpaq sahəsi yenidən cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, xx xxx 2010-cu il). Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ var, cavabdeh isə mübahisəli torpaq sahəsini hər hansı bir hüquq əldə etmədən zəbt etmiş və həmin torpaq sahəsinin mülkiyyətçisi olacaq iddiaçının gözlənilən xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaradır. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsi cavabdeh Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı və cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin tikilmiş hasarın və evin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan mütəxəssis və ekspertiza rəylərindən göründüyü kimi cavabdeh tərəfindən sözügedən torpaq sahəsində ev və ya hər hansısa tikili inşa edilməmişdir. Yalnız cavabdeh tərəfindən 5572 saylı bağ sahəsinə hasar hörülmüşdür. Həmin hörgü bağ sahəsinin real hüdudlarını əks etdirmədiyindən və cavabdeh tərəfindən qanunsuz olaraq tikildiyindən cavabdehin hesabına sökülməlidir. Bundan başqa iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsinin mərzlənmə nişanları müəyyən olunduqdan sonra yeni hasarın cavabdehin vəsaiti hesabına tikilməsi hissəsində rədd edilməlidir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı daha öncədən sözügedən bağ sahəsində hər hansı hasarın mövcud olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə olan halda əvvəldən bağ sahəsinin hasarının mövcud olması öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza xərci 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa mütəxəssiz rəyinin verilməsi üçün müəyyən olunmuş 194,34 manat məbləğində ekspertiza xərci iddiaçı tərəfindən könüllü surətdə ödənildiyindən (xx.xx.2020ci il tarixli qəbz) həmin məbləğ və iş üzrə ödənilmiş dövlət rüsumunun tutulması tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsindən çıxarılsın. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsinin hasarı Cavabdeh hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-190/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-190/2021
03.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver