Məhkəmə qərarları › İş №2(008)-1900/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1900/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1900/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı cavabdehdən aldığı qüsurlu malların dəyişdirilməsi və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılması, aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxx” MMC-dən aldığı qüsurlu malların dəyişdirilməsi və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh “xxxxxxxxxx” MMCnin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək “xxxxxxxxxx” MMC-dən aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə cavabdeh qurumdan 1800 manat təzminatın ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin oktyabr ayında “xxxxxxxxxx” MMC-dən müəyyən edilmiş müqavilə əsasında, illik zəmanət müddəti və kredit şərti ilə Xiaomi A-2 Lite markalı mobil telefon və 500Gb-lıq yaddaş kartı almışdır. Lakin cəmi bir neçə aydan sonra həmin mobil telefonda yaranmış problemlə əlaqədar həmin mağazaya müraciət etməli olmuşdur. Şirkətin servis xidmətində mobil telefona baxış zamanı yaranmış problemin istehsalçının özündən qaynaqlandığı aşkarlandıqdan sonra cihazı təmir üçün servis xidmətinə təhvil vermişdir. Təmir müddəti başa çatdıqdan sonra mobil telefonu servis xidmətindən təhvil alarkən bir neçə gün servisdə qalmasına baxmayaraq məhsulda elə həmin gün servisin özündə yenidən eyni qüsur aşkarlandı. İkinci dəfə də mobil telefonun yenidən təmir edilməsi ilə razılaşmalı olmuşdur. Ancaq üçüncü dəfə mobil telefonda yenidən eyni qüsur meydana gəldiyi üçün artıq onu təmir etdirməyi əhəmiyyətsiz olduğunu nəzərə alaraq cavabdeh şirkətdən mobil telefonun yenisi ilə əvəz edilməsini tələb etmişdir. Cavabdeh şirkət öz məhsulunun əvvəlcədən keyfiyyətsiz olduğu faktını nəzərə almadan mobil telefonun yenisi ilə əvəz etməkdən imtina edərək yenidən təmir etdirəcəklərini və bundan əlavə heç bir tədbir görülməyəcəyini bildirərək, ona satılan keyfiyyətsiz məhsula görə isə kredit ödənişini davam etdirməyini tələb etdi. Belə olduqda o məhsulu texniki servis xidmətində qoyaraq həmin məhsuldan imtina etmiş və bu məhsula görə cavabdehliyin artıq şirkətin özünə aid olduğunu bildirərək ona dəymiş ziyanın ödənilməsini və kredit müqaviləsinin ləğvini tələb etmişdir. Onun, yəni müqaviləni bağlayan tərəfin razılığı olmadan cavadeh şirkətin əməkdaşları müqavilə şərtlərini pozaraq məhsulu müqaviləni bağlayan şəxslə deyil, məhsulun istifadəçisi olan ailə üzvü ilə tam razılıq belə olmadan bitərəfli qaydada təmir etmək üçün mobil telefona texniki müdaxilə etmişlər. Şirkətin servis xidməti və operatorları isə bu cihaza servisdənkənar müdaxilə etdirdiyi barədə hətta ona böhtan da atmışlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı satılmış telefonun ekranında qüsurlar var. Həmin qüsur istehsalçı tərəfindən keyfiyyətsiz işin görülməsi nəticəsində yaranmamışdır. İddiaçıya qarşı borcun ödənilməsi barədə məhkəmədə iddia qaldırıldıqdan sonra o, hazırki iddia ilə müraciət etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə və müqavilənin 1 №-li əlavəsinə əsasən “xxxxxxxxxx” MMC tərəfindən İddiaçı hər ay 49 manat ödmək şərti ilə Xiaomi Mİ A-2 Lite markalı mobil telefonu satmış, ödəniş cədvəli tərtib edilmişdir. Həmin Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmeti alıcının 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil vermək, 3.2.5-ci bəndinə əsasən alıcı nisyə malı yoxlayıb qəbul etmək vəzifələrini öhdələrinə götürmüşlər. Müqavilənin 3.2.6-cı bəndinə əsasən alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Rəsmi səlahiyyətli təmir mərkəzindən kənar heç bir yerdə əmlak üzərində hissə dəyişikliyi, imei dəyişdirilməsi və həmçinin proqram təminatı dəyişikliyi edə bilməz. Eyni zamanda iddaiçıya 12 ay müddətinə zəmanət talonu verilmişdir. Həmin talonda zəmanətli təmirin aylnız istehsaçının günahından baş vermiş güsurlara aid edilməsi, 14 gün ərzində məhsulun əmtəə görüntüsünün pozulmadığı və malın işlədilmiş olmadığı təqdirdə müştərinin istəyi ilə qaytarıla və ya dəyişdirilə bilməsi barədə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00010384 saylı müraciətdən görünür ki, İddiaçı “xxxxxxxxxx” MMC-dən aldığı yuxarıda qeyd edilən telefonda olan qüsurlarla bağlı “xxxxxxxxxx” MMC -yə müraciət etmişdir. Müraciətdə müştəri tərəfdən göstərilən defekt aşağıdakı olmuşdur: donur, öz özünə proşivka verir, şəkil yollmaq olmur heç bir halda, nə blütuz nə votsap, 3-cü dəfə eyni problem. Məhsulun vəziyyətinə aid olan sütunda «rəng qopuqları, ləkələr, ekran, qoruyucuda çat və hava var» qeyd edilmişdir. İddiaçı telefona görə borcunu ödəməmişdir və ona qarşı məhkəmədə iddia qaldırılmışdır. İş materiallarında olan xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçının «xxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 384 manat əsas borcu, 115 manat cərimə borcu, 499 manat borcu vardır. Hazırda iddiaçı “xxxxxxxxxx” MMC-dən aldığı qüsurlu malların dəyişdirilməsini və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılmasını, aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə 1800 manat təzminatın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 583.4-cü maddəsinə əsasən satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Ekspertizaya təqdim ediləcək Xiaomi A-2Lite markalı telefonunda yaranmış qüsurlar və onların səbəbi müəyyən edilsin.

2. “xxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmiş Xiaomi A-2Lite markalı telefonunda yaranmış qüsurlar istehsalçının keyfiyyətsiz işin görülməsi nəticəsində yaranmışdırmı?

3. həmin qüsurlar aradan qaldırılan qüsurlardırmı? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/351 №-li ekspert rəyindən görünür ki, qərardadda ekspert qarşısında qoylumuş suallar kompüter texniki ekspertizanın həll etdiyi suallar dairəsinə aid olmadığı üçün həmin suallar üzrə tədqiqat işləri aparılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsinin şərtlrinə əsasən alıcı, yəni İddiaçı, nisyə malı yoxlayıb qəbul etmək vəzifəsini öhdəsinə götürmüş, yəni o, telefonu alarkən telefon tam yararlı vəziyyətldə olmuşdur. Qarantiya müddüti ərzində telefonun təmiri ilə müraciət etdiyi zaman telefonun üzərində rəng qopuqları, ləkələr, çat və hava aşkar olunmuşdur, halbuki 14 gün ərzində məhsulun əmtəə görüntüsünün pozulmadığı və malın işlədilmiş olmadığı təqdirdə müştərinin istəyi ilə qaytarıla və ya dəyişdirilə bilməsi barədə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar