Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-191/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi (əməkdaşı) X3 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qarajların təhvil verilməsi, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 06 №-li müqavilə üzrə icra etməli olduğu öhdəliyin - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajın) iddiaçının mülkiyyətinə verilməsi, həmçinin həmin qaraja dair çıxarışın alınması üçün zəruri sənədlərin təhvil verilməsi, son altı il üçün hər ay 200 manat olmaqla ümumilikdə 7200 manat əldən çıxmış faydanın ödənilməsi, hüquqi yardım üçün ödədiyi 75 manat və dövlət rüsumu 100 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində cavabdehlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qarajı) iddiaçıya təhvil verilməsi, iddiaçı isə öz növbəsində ona məxsus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ilə L.Məmmədbəyova küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 525 kv.m qeyri-yaşayış sahəsini tam şəkildə boşaldaraq cavabdehə təhvil verilməsi öhdəliyi götürülməsi ilə bağlı 06 №-li müqavilə bağlamışdılar. Lakin bir müddət sonra müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam təmin olunmasına baxmayaraq cavabdeh tərəfindən təmin edilmir. Belə ki, qeyd edilən ərazidə çoxmərtəbəli yaşayış binasının istismara təhvil verilməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq borclu tərəfindən öhdəlik icra edilmir. Cavabdeh tərəfindən təhvil verilməli olan yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qarajı) qismən təhvil verilmiş və cavabdehin bu hərəkətləri müqavilənin 2.3 bəndinə ziddir. Bununla belə 150 kv.m ümumilikdə 8-9 maşınlıq qaraj olur ki, son 3 ildir ki, qeyri-rəsmi olaraq 4 maşınlıq qarajda istifadə etməyinə şərait yaradılıb. Belə ki, 1 qarajdan 50 manat vəsait aldığı üçün qalan 4 maşınlıq qarajdan hər ay 200 manat vəsait itirir. Göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən müəyyən xərclər çəkilmişdir - hüquqi məsləhət üçün xx.xx.2022-ci ildə 10 manat, cavabdehə xx.xx.2022-ci il tarixində teleqram göndərilməsi üçün 4 manat, iddia ərizəsinin tərtibi, həmçinin cavabdehin, reyestr məlumatlarının alınması üçün xx.xx.2023-cü ildə 65 manat, məhkəmə üçün dövlət rüsumu 100 manat xərclənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək qeyd etdi ki, MTK ilə iddiaçının arasında 150 kv metr sahənin məhz həmin ərazidə verilməsinə dair şifahi razılaşma əldə edilmiş, həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market olduğundan iddiaçı həmin sahəni anbar kimi istifadə etmək niyyətinə olmuş, onun xahişi əsasında MTK tərəfindən arxa hissəyə marketə çıxışı təmin etmək məqsədilə qapı açılmışdır. Xahiş edir iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixli 06 №-li müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ilə L.Məmmədbəyova küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 525 kv metr qeyri-yaşayış sahəsini cavabdehə təhvil vermək, cavabdeh MTK isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qarajı) iddiaçıya təhvil verilmək öhdəlikləri götürmüşdülər. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh çoxmənzilli yaşayış binasını inşa etmişdir. Cavabdehin mövqeyinə görə müqavilədə qaraj sayı nəzərdə tutulmadığından binanın zirzəmi qatından ümumi sahəsi 150 kv metr olan ərazi iddiyaçıya təhvil verilmişdir. Məhkəmə tərəfindən zirzəmiyə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, binanın zirzəmi qatının sonunda iddiaçıya qeyri-rəsmi 150 kv metr sahə təklif edilmişdir. Həmin 150 kv metr sahənin içində 4 avtomobil üçün nəzərdə tutulan qaraj və həmin qarjların arasında olan sahə mövcuddur. İddiaçı hesab edir ki, dörd qarajın arasındakı sahə ümumi istifadədə olan yoldur, cavabdeh hesab edir ki, 150 kv metr bütövlükdə qarajdır, həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market mövcuddur, həmin sahənin arxa hissəsindən marketə pilləkən vasitəsilə çıxmaq üçün qapı açılmış, dörd qaraj iddiaçı tərəfindən icarəyə verilmişdir. Məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7505 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.Tağıyev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində iddiaçıya təklif edilən sahənin ölçüsünün 150,0 kv.metr (16,3 x 9,2) təşkil etdiyi müəyyən edilmiş, iş materiallarında olan layihəyə əsasən, faktiki olaraq iddiaçının istifadəsində olan sahə ümumilikdə zirzəmi kimi nəzərdə tutulmuşdur, Layihəyə əsasən iddiaçının istifadəsinə verilmiş sahə 1, 2, 3 rəqəm oxları və A, B, C, D hərf oxları arasında nəzərdə tutulduğundan, həmçinin binanın zirzəmisində yerləşdiyindən həmin sahəyə sərbəst giriş-çıxış mümkün olduğundan iddiaçıya təklif olunan 150,0 kv.metr sahə sərbəst qarajlar kimi istifadə edilməsi texniki cəhətdən mümkündür, 150,0 kv.metr sahədə neçə qarajın yerləşməsi həmin sahədə saxlanılan nəqliyyat vasitələrinin qabaritlərindən (ölçülərindən), eləcə də qarajların sahəsindən asılı olaraq müəyyən oluna bilər. Məhkəmə ekspert rəyində «Ə.Ağayev» əvəzinə «Ə.Tağıyev» sözlərinin yazılmasını texniki səhv kimi qiymətləndirir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən müqavilənin təfsiri zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edildiyi kimi, tərəflərin arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış, mübahisəli sahə iddiaçıya təxmini həmin ildə təhvil verilmiş, iddiaçı orada qapı açdırmış, qarajları icarəyə vermiş və bununla da o, müqavilə üzrə cavabdehin hərəkətlərini bəyəndiyini nümayiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir və bu əsasdan iddia rədd edilməli, iddia rədd edildiyindən bütün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından ekspertiza tədqiqatının dəyəri 50 manatın yarısı iddiaçıdan, yarısı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh MTK-dan tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-191/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-191/2024
08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver