Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1955/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi "babası X1 miras qalmış əmlaka hər bir şəxsin ayrı-ayrılıqda payının müəyyən edilərək mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının təsdiq edilməsi" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "babası X1 miras qalmış əmlaka hər bir şəxsin ayrı-ayrılıqda payının müəyyən edilərək mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının təsdiq edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədə maraqlı şəxs qismində Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qeyd olunmuşlar. Ərizəçi həmin ərizədə göstərmişdir ki, mərhum babası X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən ev və 0,031770 ha həyətyanı torpaq sahəsi varislər arasında bölünmüş, Maraqlı şəxs1 1/2 hissə, ona və digər vərəsələr Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3 hər birinə 1/8 hissə pay müəyyən edilmişdir. Miras əmlakın bölünməsi ilə bağlı vərəsələr arasında narazılıq yarandığına görə könüllü olaraq torpaq sahəsinin bölünməsi və hər vərəsənin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Ərizəçi öz xahişini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsi ilə əsaslandırmışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 7-ci bəndində deyilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. X4 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə 5 nəfərin, o cümlədən Ərizəçi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ərizəçiyə reyestrdən bu barədə çıxarış verilmişdir. Ərizəçi həmin çıxarışın surətini hazırkı ərizəyə də əlavə etmişdir. Bu isə onu deməyə əsas verir ki, göstərilən evə və torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Ərizəçi hazırkı ərizəsindən görünür ki, onun əldə etmək istədiyi hüquqi nəticə babasından miras qalmış və hazırda onunla birlikdə cəmi 5 nəfərin ümumi paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada bölünməsindən ibarətdir. O, hətta hazırkı ərizəsində miras qalmış əmlaka hər bir şəxsin ayrıayrılıqda payının müəyyən edilməsini də xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin məsələ xüsusi icraat qaydasında baxılmalı məsələ deyil. Paylı mülkiyyətin mülkiyyətçiləri sözügedən əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmirlərsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə məhkəməyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Ərizəçi hazırkı ərizədə müəyyən olunmasını xahiş etdiyi "babası X1 miras qalmış əmlaka hər bir şəxsin ayrı-ayrılıqda payının müəyyən edilərək mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı" məhkəmə tərəfindən müəyyən edilə bilən faktlara aid deyil, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Bundan başqa, ərizənin baxılmaq üçün qəbul olunmasından imtina edildiyinə görə ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Eyni zamanda, müəyyən edildi ki, hazırkı ərizə imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə, bu nöqsan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas hesab olunsa da, məhkəmə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina etdiyinə görə ərizənin həmin əsasla qaytarılmasına zərurət olmadığı qənaətinə gəldi. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "babası X1 miras qalmış əmlaka hər bir şəxsin ayrı-ayrılıqda payının müəyyən edilərək mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının təsdiq edilməsi" barədə ərizəsinin yolverilməzliyinə görə həmin ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X6.
Məhkəmə qərarları › İş №2(008)-1955/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1955/2024
19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver