Məhkəmə qərarları › İş №2(008)-1959/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1959/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1959/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə istifadə qaydasının müəyyən edilməsi və kommunal xərclərinin ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qalıdraraq ünvan 1 ünvanında yerləşən 2 otağın hər birinə ayrıca giriş-çıxış qapısının müəyyən edilməsi, 2-ci mərtəbədə cavabdehin köçürüldüyü otağa ayrıca giriş qapısının açılması, evin hər bir istifadəçisinə ayrıca kommunal xidmətlərinin (su, qaz, işıq, telefon) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən evi əri ilə birlikdə almış və yaşamışlar. Ev 2 mərtəbəli evdir. Əri öz anasını birinci mərtəbədə yerləşdirmişdir. Ərinin birinci arvadından olan qızı Cavabdeh1 həmin evdə heç bir zaman yaşamamğına baxmayaraq iddiaçıdan xəbərsiz evə qeydiyyata düşmüş, sonradan atası bəzən Günayı həmin evə gətirmiş, Günay birinci mərtəbədə nənəsinin yanında olurdu. Əri 2016-cı ilə ölmüşdür. Günay məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. İcra məmurları tərəfindən Qünay ikinci mərtəbəyə köçürülmüş, halbuki o, nənəsinin yanında birinci mərtəbədə yaşamışdır. Evin kommunal xidmətlərinin haqqını cavabdehlər ödəmirlər. Bundan başqa, Günay hər gələndə iddiaçı ilə mübahisə edir, nənəsi Cavabdeh2 ilə birlikdə hədə-qorxu gəlirlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanında yerləşən ev (sonradan – mübahisəli ev) özbaşına tikilidir. İddiaçı və Cavabdeh1 həmin evdə qeydiyyatdadılar. Elektron sistemdə Cavabdeh2 barədə məlumat olmadığından məhkəmə onun qeydiyyatda olduğu ünvanı müəyyən edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 istifadə hüququnun mövcud olmaması və qeydiyyatdan çıxarılması barədə İddiaçı iddiası rədd edilmiş, mübahisəli mənzilə köçürülmə barədə Cavabdeh1 iddiası təmin edilmişdir. İddiaçının izahatına görə, Cavabdeh1 ikinci mərtəbəyə köçürülmüşdür, halbuki məhkəmə qətnaməsində Günayın evin hansı hissəsinə köçməsi barədə göstəriş olmamışdır. Hazırda iddiaçı 2 otağın hər birinə ayrıca giriş-çıxış qapısının müəyyən edilməsi, 2ci mərtəbədə cavabdehin köçürüldüyü otağa ayrıca giriş qapısının açılması, evin hər bir istifadəçisinə ayrıca kommunal xidmətlərinin (su, qaz, işıq, telefon) ayrılmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan hüquqi əsaslara görə iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisəli ev iddiaçının adına dövlət qeydiyyatından keçməmişdir. Belə bir iddianın qaldırılması üçün iddiaçının mülkiyyətçi və ya qanuni sahib olması vacibdi. Yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində İddiaçı iddiasının rədd edilməsi üçün əsaslardan biri onun Günaya qarşı iddia qaldırmaqda subyektiv hüququnun olmaması olmuşdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin evdə İddiaçı və Cavabdeh1 ilə yanaşı 16 nəfər qeydiyyatdadılar və onların heç birinin yaşayış sahəsin üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə də müraciət edə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi: ünvan 1 ünvanında yerləşən 2 otağın hər birinə ayrıca giriş-çıxış qapısının müəyyən edilməsi, 2-ci mərtəbədə cavabdehin köçürüldüyü otağa ayrıca giriş qapısının açılması, evin hər bir istifadəçisinə ayrıca kommunal xidmətlərinin (su, qaz, işıq, telefon) ayrılması barədə İddiaçı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar