Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-198/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın boşaldılması, yolun açılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) ilə müraciət edirək:
1. Mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavadbehlər tərəfindən boşaldılması və ona təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi;
2. Vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) ******* manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi;
3. Xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540 000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi;
4. Daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96 000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması;
5. Vurulmuş mənəvi zərərə görə ******* manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən iddiaçıya məxsus olan 2 saylı bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və burada mövcud olmuş iki və üç mərtəbəli evləri, hovuzu, palma və digər növ ağacları ( bağ sahəsinin ətrafı daş hasarla əhatə olunmuşdur) 2012-2015-ci illər ərzində bu şəxs tərəfindən məhv edilmişdir. Bununla bağlı neçə ildir ki, müxtəlif orqanlara müraciət edir. Belə ki, torpaq sahəsinin iddiçıya məxsusluğu mülki məhkəmə icraatı qaydasında həll olunaraq, məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinə bitişik torpaq sahəsi Əliabbas Salahzadənin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Göstərilən işlə bağlı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 186.2.1, 320.1 və 322-ci maddələri ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət icraatı öz yerində, hazırda iddiaçıya məxsus torpaq sahəsindən həmin şəxslərin çıxarılmasını, onların hesabına daşınmaz əmlakın qaytarılması, illərlə daşınmaz əmlakından istifadə edə bilmədiyinə görə vurulmuş 1 000 000 manat mənəvi ziyan zərərin ödənilməsini tələb edir. Dağıdılmış evin 2012-ci ilə qiymətləndirilməsi iki milyon dörd yüz altmış min manat təşkil edir, bu barədə müvafiq audit rəyini hazırkı şikayətə əlavə edir. Hal-hazırda həmin dağıdılmış yerdə və onun torpaq sahəsində altı ildir ki, pullu dayanacaq fəaliyyət göstərir və həmin pullu dayanacağı iş üzrə Cavabdeh2 və əri Salahzadə Əliabbas işlədirlər. Gündə ən azı 150-200 maşın gəlir. Ancaq yay aylarında hər maşına görə beş manatdan hesablayanda günə 1000 manat, ayda 30000 manat, bir ilə ancaq yay ayları üçün 90000 manat edir. Altı il ərzində 540000 manat edir. Həmin şəxslər ər-arvad olduğundan birgə msuliyyət daşıyırlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmişdilər. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 elektron qaydada ərizə yerləşdirərək digər prosesdə iştirakı ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər iclasın bildirişini əlavə etməmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 elektron qaydada ərizə yerləşdirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Nümayəndə həmiq gün saat 10:10-da Səbail rayon Məhkəməsində hazırlıq iclasında iştirak etməli olduğunu bildirmiş və bu barədə sənəd əlavə etmişdir. Məhkəmə nümayəndələrin gəlməmyinin səbəblərini üzrlü hesab etmir. Belə ki, qeyd edildiyi kimi, Nümayəndə1 digər iclasın bildirişini əlavə etməmiş, Nümayəndə2 isə məhkəmə hazırlıq iclasının bildirişini əlavə etmişdir. Məhkəmə hesab edir ki, Səbail rayon Məhkəməsində olan məhkəmə iclası hazırlıq iclası olduğundan, onun təxirə salınması daha məqsədəmüvafiq olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədə yerləşən 25,2 kv metrdən ibarət olan 2 №-li ev İddiaçı mülkiyyətindədir (xx.xx.2004-cü il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi, 6921 № ilə reyestr kitabında yazılmışdır). Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il). Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №528864, sonradan isə DƏDRX tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmşdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il). Həmin torpaq sahəsinə AA № 049475 №-li plan və ölçü verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini aşağıdakı qaydada əldə etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 209 №-li sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisi üçün 2,8 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında "xxxx" MMC 2,53672 ha torpaq sahəsini mülkiyyət hüququ üzrə özəlləşdirmişdir (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il). "xxxx" MMC xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu da yuxarıda qeyd olunan Çıxarışı almışdır (məhkəmə aktları). Məlum olmuşdur ki, iddiaçıya məxsus 0,20 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 209 №-li sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı və digər şəxsin iddiası əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 209 №-li sərəncamı İddiaçı (və digər iddiaçının) mülkiyyətində olan yaşayış evinin həyətyani sahələrlə birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmişdir (qərar apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, şikayətlər təmin edilməyərək qərar qanuni qüvvəsini almışdır). Göründüyü kimi, həmin inzibati iş məhkəmə baxışında olduğu dövrdə, birinci instansiya məhkəməsinin qərarı çıxarılmazdan bir ay əvvəl "xxxx" MMC torpaq sahəsini özəlləşdirmiş, 20 gün sonra Cavabdeh2 satmış, sonuncu da məhz ona satılmış 2,53672 ha torpaq sahəsinə Çıxarış almışdır. Bundan sonra İddiaçı (və digər şəxsin) iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin 23.1.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi İddiaçı (və digər şəxsə) məxsus torpaq sahəsi hissəsində etibarsız hesab edilmiş, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeyd həmin hissədə ləğv edilmiş və dəyişiklərin edilməsi DƏDRX-yə tapşırılmışdır. Həmin qətnamə Ali Məhkəmə tərəfindən xx.xx.2016-cı il tarixdə dəyişdirilmədən saxlanılmışdır. DƏDRX tərəfindən adıçəkilən məhkəmə aktları əsasında dövlət reyestrində düzəlişlər edilmiş, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi azaldılmış, lakin Cavabdeh2 düzəlişlər edilmiş Çıxarışın alınması ilə əlaqədar DƏDRX-yə müraciət etməmişdir (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktub). Məhkəməyə təqdim olunmuş DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən Cavabdeh2 mülkiyyətində 2,1487 ha torpaq sahəsinin qaldığı görünür. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinə getmək üçün öncə şlaqbaumdan içəri daxil olmaq, ondan sonra ödənişli avtomobil dayanacağının ərazisindən keçmək və darvazadan içəri daxil olmaq lazım olur. Darvaza bağlı olduğundan məhkəmə tərkibi iş üzrə tərəflərlə topaq sahəsinə qədər gedə bilməmişdir. Şlaqbaum, ödənişli avtomobil dayanacağı və darvaza Cavabdeh2 məxsus torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulmuşdur. Əvvəllər keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 şlaqbaum, ödənişli avtomobil dayanacağı və darvazanın yerləşdiyi torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/7511 №-li ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına və Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzi MMC-nin tərtib etdiyi mövcud sxemə əsasən İddiaçı İsrayıl oğluna məxsus 0,2 ha torpaq sahəsinin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planının arxiv materiallarına əsasən) cənub-qərb tərəfdən sərhəd boyu, Zağulba prospektinə birbaşa çıxışı olan asfalt örtüklü yol mövcuddur. Qeyd olunan yol əvvəlki vəziyyətdə Cavabdeh2 məxsus 2,53672 ha (sonradan yerdə qalan 2,1487 ha) torpaq sahəsinin daxilində yerləşir. Faktiki vəziyyətdə yolun Zağulba prospektindən giriş hissəsində mühafizə postu mövcud olmaqla şəbəkə restoranına və çimrərlik ərazisinə xidmət edir. İddiaçı İsrayıl oğlunun mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxış mövcud deyil. Hazırda iddiaçı 5 tələb irəli sürmüşdür: Mülkiyyətində olan 0,2 torpaq sahəsinin cavadbehlər tərəfindən boşaldılması və ona təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının sökülməsi; Vurulmuş maddi zərərin əvəzi olaraq ******* manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; Torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540 000 manat pulun ödənilməsi; Dağıdılmış daşınar əşyalara görə 96000 manat pulun, Vurulmuş mənəvi zərərə görə ******* manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi və ona gedən yol Cavabdeh2 tərəfindən zəbt edilmişdir və bu əsasdan iddiaçının birinci tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavadbeh Cavabdeh2 tərəfindən boşaldılmalı və ona təhvil verilməli, həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin edilməli, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları sökülməli, iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, Cavabdeh1 bu tələbə cavab verməli olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia müddətinin tədbiq edilməsinə dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əsasən mübahisələndirilən hadisələr 2004 və 2012-ci illərdə baş vermiş, iddiaçı isə iddia ərizəsini 2021-ci ildə vermiş, MM-də nəzərdə tutulan daşınmaz əşyalarla bağlı 6 illik iddia müddətini ötürmüşdür. Məhkəmə buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 384.0.4-cü maddəsinin mənasına görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Göründüyü kimi, iddiaçının tələbi alıçəkilən 384.0.4-cü maddəsinin təsiri altiına düşdüyündən iddia müddəti tədbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mənəvi ziyanın ödənilməsinə dair məhkəmə aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23-cü maddəsi isə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu müdafiə etmək hüququnu təsbit edir və müvafiq hüquq-müdafiə vasitələrini göstərir. Belə ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə «fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxununlmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin». 23.2-ci maddəsinə əsasən «əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir». 23.4-cü maddəsinə görə isə «şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin ******* manat olmasına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatəti əsasında iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh2 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavadbeh Cavabdeh2 tərəfindən boşaldılsın və İddiaçı təhvil verilsin, həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin edilsin, həmin gedişgəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları Cavabdeh2 tərəfindən sökülsün. İddia qalan hissədə və Cavabdeh1 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh2 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova