Məhkəmə qərarları › İş №2(008)-200/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-200/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-200/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh hüquqi varisləri X5 və X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh hüquqi varisləri X6 və X4 qarşı “cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh hüquqi varisləri X6 və X4 qarşı “cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 4 saylı evin 34 saylı mənzilində mətbəx-məişət cihazlarının, kanalizasiya, su boru xətlərinin və PQ-4 məişət tipli qaz piltəsinin qonaq otağından mətbəx üçün ayrılmış otağa cavabdehin hesabına köçürülərək yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 4, mənzil 32 onun xüsusi mülkiyyətindədir. Mənzili iki otaqdan ibarətdir. Yuxarı mənzilin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 4 saylı evin 34 saylı mənzilin sahibi qonşu - Cavabdeh 15 ildir ki, həmin mənzilə köçmüşdür. Mənzilə köçdüyü vaxtdan onu qanunsuz hərəkətləri ilə narahat edir. Belə ki, əvvəl evini uzun müddət təmir etmiş, daha sonra evinin konstruksiyasını kobud şəkildə pozaraq, qanunazidd şəkildə mətbəxi zala keçirmişdir. Tavanı, yəni beton atmasını deşmiş, evin içindən hava təmizləyici çıxarmışdır, icazəsiz dama çıxan qəza nərdivanını kəsib götürmüş, PQ-4 məişət tipli qaz piltəsinin qonaq otağında, QSQ tipli su qızdırıcısının balkonda quraşdırmış, mövcud-texniki təhlükəsizlik qaydalarını pozmuş, layihədənkənar mənzil daxilində yenidənqurma və yenidənplanlaşdırma işləri apararaq mətbəx otağının mühəndis-kommunikasiya xətlərinin, mətbəx-məişət cihazlarının yerini dəyişərək qonaq otağında mətbəx yaratmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, öz evində qazın, tüstünün, yemək və kanalizasiya qoxusundan otura bilmir. Evinə su motoru quraşdırdığından, su gələn vaxtlar nəvələri sudan istifadə edəndə onları cərəyan vurur. Bununla bağlı o, cavabdehə dəfələrlə iradını bildirsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bununla bağlı aidiyyatı qurumlara müraciət etmiş və müvafiq cavablar almışdır. Belə ki, Energetika Nazirliyinin Enerji X1 xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus mənzilin qaz təsərrüfatına baxış keçirilmiş, PQ-4 məişət tipli qaz piltəsinin yerinin mətbəxdən qonaq otağına, su qızdırıcısının isə hamam otağından balkona dəyişdirildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə 20/21Q-0143 nömrəli akt tərtib edilmişdir. Müvafiq tədbir görülməsi və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə məktub ünvanlanmışdır. İstehsalat Birliyindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 4 saylı evin 34 saylı mənzilin qaz təsərrüfatına baxış keçirilmiş, quraşdırılmış Zenner G 4 markalı qaz sayğacının çıxış hissəsindən rezin boru ilə xətt çəkildiyi, PQ-4 məişət tipli qaz piltəsinin qonaq otağında, QSQ tipli su qızdırıcısının balkonda quraşdırıldığı, mövcud texniki təhlükəsizlik qaydalarının pozulduğu aşkar edilmiş və qaz cihazlarının əvvəlki yerinə qaytarılması üçün istehlakçıya 3 iş günü müddətində vaxt verilmişdir. xx.xx.2021-ci il tarixdə İstehsalat Birliyinin əməkdaşları tərəfindən qeyd olunan ünvana təkrar baxış keçirilmiş, qaz cihazlarının əvvəlki yerinə qaytarılmadığı aşkar edilmiş, istehlakçıya təkrar xəbərdarlıq edildikdən sonra mənzilin qaz təchizatı dayandırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 59,1 kv.m olan 34 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən layihədənkənar mənzil daxilində yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq mətbəx otağının mühəndis-kommunikasiya xətlərinin, mətbəx məişət cihazlarının yerini dəyişərək qonaq otağında mətbəx yaratmışdır. Bununla da, Mənzil Məcəlləsinin 24-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırda pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin hüquqi varisləri X11 və X3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyətdədir və məişət əşyalarının başqa yerə keçirilməsi barədə kimsə mülkiyyətçiyə göstəriş verə bilməz. Kanalizasiya, su xətləri və qaz plitəsinin dəyişdirilməsi məsələsi isə ekspert rəyi ilə müəyyən edilir. Əgər mənzilin konstruksiyası dəyişdirilibsə, yalnız aidiyyəti qurumlar mənzilin əvvəlki vəziyyətə gətirilməsini tələb edə bilər. Bununla belə, 2006-cı ildən etibarən mənzilin planında dəyişiklik edilməmiş, yalnız təmir işləri aparılmışdır. Məhkəməyə təqdim edilmiş sxem isə sübut kimi qəbul edilə bilməz, çünki sxemi yalnız səlahiyyətli qurum təqdim edə bilər. Digər tərəfdən hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa sübyektiv hüququ belə yoxdur. Göstərilənlərə əsasən, nümayəndə tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 32 saylı mənzili üzərində xx.xx.2016cı il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 34 saylı mənzili üzərində xx.xx.2006cı il tarixdə Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh qalan miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv.m olan, iki otaqlı mənzildən ibarətdir və vərəsələri X11 və X8 hər biri miras əmlakdan ½ irs almalıdır. - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, filialın əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 34 saylı mənzilinə baxış keçirilmiş, PQ-4 məişət tipli qaz plitəsinin yerinin mətbəxdən qonaq otağına, su qızdırıcısının isə hamam otağından balkona dəyişdirildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli, 20/21Q-0143 akt tərtib edilmişdir. Müvafiq tədbirlər görülməsi və nəticəsi barədə agentliyin Bakı filialına məlumat verilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə müraciət edilmiş və daxil olmuş cavab məktubunda xx.xx.2021-ci il tarixdə sözügedən ünvanda yaşayan qonşu Cavabdeh məxsus mənzilin qaz təsərrüfatına baxış keçirildiyi, quraşdırılmış Zenner G-4 markalı, **********7 nömrəli qaz sayğacının çıxış hissəsindən rezin boru ilə xətt çəkildiyi, PQ-4 tipli qaz plitəsinin qonaq otağında, QSQ tipli su qızdırıcısının balkonda quraşdırıldığı, mövcud texniki-təhlükəsizlik qaydalarının pozulduğu bildirilmiş, qaz cihazlarının əvvəlki yerinə qaytarılması üçün istehlakçıya vaxt verilmiş, xx.xx.2021-ci il tarixdə birliyin əməkdaşları tərəfindən qeyd olunan ünvana təkrar baxış zamanı qaz cihazlarının əvvəlki yerinə qaytarılmadığı aşkar edilmiş və istehlakçıya təkrar xəbərdarlıq edildikdən sonra mənzilin qaz təchizatı dayandırılmışdır. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti ünvanında yerləşən 4 saylı binanın balans sahibi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 sayli Xüsusi Təyinatli Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 59.1 kv.m olan 34 nömrəli mənzilin mülkiyyətçisi layihədənkənar mənzil daxilində yenidənqurması və yenidən planlaşdırılması işləri apararaq, mətbəx otağının mühəndis-kommunikasiya xətlərinin, mətbəx məişət cihazlarının (qaz və su) yerini dəyişərək qonaq otağında mətbəx yaratmışdır. İddiaçıya yaranmış mənzil mübahisəsinin qarşısının alınması, o cümlədən pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia ərizəsində və iddiaçının izahatında qeyd edilən xüsusatların araşdırılması xüsusi bilik tələb edən, bu sahədə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən və həm də xüsusi tədqiqetmə metodlarının və vasitələrinin köməyi ilə müəyyən edilməsi məqsədilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-317/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinin və həmin nazirliyin X14 Xidmətinin mütəxəssisləri, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məlumata əsasən, ekspert Röyal Talıbov iş üzrə mühəndis-texniki ekspertizasının aparılmasının qeyri mümkünlüyünü onunla izah etmişdir ki, mənzildə mətbəx-məişət cihazlarının, kanalizasiya, su boru xətlərinin və PQ-4 məişət tipli qaz plitəsinin mənzilin mətbəxindən qonaq otağına keçirilməsinin müəyyən edilməsi xüsusi bilik tələb etmir, Məhkəmə-Ekspertizası Mərkəzində yemək, kanalizasiya və s. xoşagəlməz qoxuların yaranıb-yaranmamasını və qoxuların təsir normalarını müəyyən edən qurğu və avandanlıq yoxdur, həmçinin mərkəzdə həmin tədqiqatların aparılması üçün xüsusi biliyə malik mütəxəssis fəaliyyət göstərmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin 4-cü ərazi X14 İdarəsinin X14 şöbəsinin böyük inspektoru Ədalət Kərimov, inspektor Həsən Əliyev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 147 saylı MKİS-in rəisi Zahir Mirzəhmədov, RİHB-nin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi Ariz Cəfərov və İddiaçıla birlikdə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş yanğın-texniki müayinə aktından məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 34 saylı mənzili daxilində sahibi rekonstruksiya işləri apararaq mənzilin mətbəx otağını ləğv edərək yataq otağına çevirmiş, mətbəx otağını isə qonaq otağında yerləşdirdiyindən həmin mənzildə bişirilən yemək və digər xoşagəlməz və ağır kanalizasiya iyi 32 saylı mənzilin qonaq otağına dolduğundan öz mənzilində yaşamaq dözülməz vəziyyətə çatmışdır. Müayinə zamanı 34 saylı mənzilə baxış keçirilərək fotoşəkillər çəkilmişdir. 34 saylı mənzildə həqiqətən rekonstruksiya işləri aparılaraq mətbəx otağı qonaq otağında yerləşdirilmiş, qonaq otağına döşəmə altı ilə su və kanalizasiya xətti çəkilmiş, mətbəx mebelinin üzərində elektrik plitəsi quraşdırılmış, lakin qaz təchizatı ilə təmin edilməmişdir və həmin otaqda divarda dəlik açılaraq havalandırma kanalı çardaq sahəsinin altına çıxarılmışdır. Müayinə zamanı 32 saylı mənzildə dəm qazı iyi hiss edilməmiş, lakin ağır xoşagəlməz qoxu mənzilin qonaq otağında hiss edilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 32 saylı mənzilinin mülkiyyətçisi İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, həmin evin 34 saylı mənzilində aparılmış rekonstruksiya işləri nəticəsində, mətbəxin yerinin dəyişdirilərək qonaq otağına keçildiyini, bununla ona məxsus mənzildə dözülməz qoxunun yarandığını iddia edərək, mətbəxin məişət cihazlarının, kanalizasiya və su boru xətlərinin, yemək hazırlamaq üçün plitənin mətbəx üçün ayrılmış otağa köçürülməsini xahiş edir. Cavabdeh tərəf isə mənzilin planının onlar tərəfindən dəyişdirilmədiyini, olduğunu kimi aldıqları, digər tərəfdən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş üzrə xüsusi bilik tələb edən sullara aydınlıq gətirilməsi məqsədilə, iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin hər dəfə müxtəlif səbəblərdən buna dair qərardad icra edilmədən geri qaytarılmışdır. Sonuncu dəfə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixli məlumata əsasən icra edilmədən geri qaytarılmışdır. Həmin məlumatda göstərilmişdir ki, Məhkəmə-Ekspertizası Mərkəzində yemək, kanalizasiya və s. xoşagəlməz qoxuların yaranıb-yaranmamasını və qoxuların təsir normalarını müəyyən edən qurğu və avandanlıq yoxdur, həmçinin mərkəzdə həmin tədqiqatların aparılması üçün xüsusi biliyə malik mütəxəssis fəaliyyət göstərmir. Belə olan halda, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 32 və 34 saylı mənzillərində X5, İddiaçı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin 4-cü ərazi X14 İdarəsinin rəisi X9, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 sayli Xüsusi Təyinatli Mənzil-Kommunal Təsərrüfati Birliyinin nümayəndəsi X2, həmin birliyin 147 saylı MKİS-in rəisi Zahir Mirzəhmədovun, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X10 iştirakı ilə keçirilmiş yerli məhkəmə baxış ilə müəyyən edilmişdir ki, 34 saylı mənzildə həqiqətən rekonstruksiya işləri aparılaraq, mətbəx qonaq otağına keçirilmiş, qonaq otağının mətbəx guşəsində yemək hazırlamaq üçün elektrik plitə, üzərində aspirator, çanaq-kran quraşdırılmış, su kanalizasiya boru xətləri aşkar edilmiş, həmçinin iddiaçıya məxsus evdə spesifik qoxu hiss olunmuşdur. Eləcə də, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş yanğın-texniki müayinə aktı ilə də, sözügedən evin 34 saylı mənzili daxilində sahibi tərəfindən rekonstruksiya işləri aparılmaqla, mənzilin mətbəx otağının ləğv edilərək yataq otağına çevrilməsi, mətbəx otağının qonaq otağında yerləşdirilməsi - səbəbindən həmin mənzildə bişirilən yemək və digər xoşagəlməz və ağır kanalizasiya iyinin 32 saylı mənzilin qonaq otağına dolduğu, həmçinin qonaq otağına döşəmə altı ilə su və kanalizasiya xəttinin çəkilməsi, mətbəx mebelinin üzərində elektrik plitəsinin quraşdırılması və həmin otaqda divarda dəlik açılaraq havalandırma kanalının çardaq sahəsinin altına çıxarılması müəyyən edilmiş, 32 saylı mənzildə dəm qazı iyi hiss edilməsə də, ağır xoşagəlməz iyi hiss edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 34 saylı mənzilində mətbəxin avandanlıqları ilə birlikdə qonaq otağına köçürülməsi nəticəsində, həmin evin 32 saylı mənzili ağır qoxuya məruz qalmışdır. Bu hal İddiaçı 32 saylı mənzilin mülkiyyətçisi kimi hüquqlarını əhəmiyyətli dərəcədə pozaraq, onun həmin mənzilində yaşamasını mümkünsüz vəziyyətə gətirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, sözügedən evin 34 saylı mənzilinin qonaq otağında yerləşdirilmiş mətbəx-məişət cihazları – yemək bişirmək üçün plitə (elektrik və ya təbii qazla işləyən), aspirator, mətbəx çanaq və kranı, kanalizasiya və su boru xətləri oradan çıxarılıb, mənzilin plan-sxemi üzrə mətbəx üçün ayrılmış otağına geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh hüquqi varisləri X5 və X3 hesabına və onlar tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ünvanında yerləşən 4 saylı evin 34 saylı mənzilinin qonaq otağında yerləşdirilmiş mətbəx-məişət cihazları – yemək bişirmək üçün plitə (elektrik və ya təbii qazla işləyən), aspirator, mətbəx çanağı və kranı, kanalizasiya və su boru xətləri mənzilin qonaq otağından çıxarılaraq, mənzilin plan-sxemi üzrə mətbəx üçün ayrılmış otağına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar