Məhkəmə qərarları › İş №2(008)-2004/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2004/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2004/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı qızının Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 2073,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac onun adınadır. Abonent kodu **********00000-dir. Hesabında əsassız olaraq borcun yarandığını öyrəndi və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etdi. təqdim edilmiş sənədlərə əsasən, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında, dəymiş ziyanın hesablanması göstərilmiş və xx.xx.2023-cü il tarixli akta istinad edilmişdir. Lakin həmin aktla razı deyil. Cavabdeh əgər 2023-cü ilin avqust ayında təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Üstəlik, saldoya baxdıqda da aydın olur ki, hər ay ödəniş edir. Cavabdeh yanlışlıqla qonşunun sayğacını onun sayğacı olması qənaətinə gəlmişdir. Qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub- olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin akt formaldır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Bu akt məhz onun sayğaca müdaxilə etməyini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız cavabdeh tərəfindən tərtib edilmişdir. İtirilmiş - təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməyib. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, kənar xəttin ona aidiyyatı yoxdur, əvvəllər də qoşulma olmamışdır. Qonşunun kənar xəttinə görə məsuliyyətə cəlb olunur. Borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, kənar xətlə bağlı akt tərtib edildiyini və iddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. - 26.02.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan iddiaçıya 2023-cü ilin avqust ayı üçün qalıq və aktlara görə 2073,60 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. İddiaçının sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsinə əsalanaraq cavabdeh tərəfindən tərtib edilmiş akt üzrə iddiaçıya 2073,60 manat borc hesablanmışdır. Cavabdehə qeyd olunan pul məbləği dəymiş maddi ziyan kimi hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə işin hallarına qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmasını təsdiq edən sübut yalnız ziyanın hesablanması barədə akt olmuşdur ki, həmin akt da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, sözügedən akt birtərəfli şəkildə tərtib olunduğuna görə aktın əsaslı olaraq tərtib olunmasını müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda 3 sayğac quraşdırılmışdır. Onlardan birinin qonşu həyətə aid olduğu, digər 2 sayğacın isə iddiaçının həyətinə getdiyi, həmin həyətdə də 2 fərqli fərdi yaşayış evinin yerləşdiyi müəyən olunmuşdur. Beləliklə, kənar xəttin iddiaçıya aid olmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan aktda da bu məlumat öz əksini tapmır. Belə olan halda məhkəmə borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 2073,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********00000) 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar