Məhkəmə qərarları › İş №2(008)-2008/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2008/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2008/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı 3-cü şəxs qismində AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhəri İdarəsi cəlb olunmaqla “əmək müqaviləsinə xitam verilməsi və məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 3-cü şəxs qismində AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhəri İdarəsi cəlb olunmaqla “əmək müqaviləsinə xitam verilməsi və məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-də işləməyi barədə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Əmək müqaviləsinə xitam verilməsi və məlumatların Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhəri İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMCdə iddiaçının adına əmək müqaviləsi bağlanmışdır. Hazırda o, həmin MMC-də işləmir. Lakin barəsində olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bildiriş “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhəri İdarəsinə ərizə ilə müraciət etsə də, "xxxx" MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən müraciətinə baxılmamış və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin, İddiaçı ünvanladığı 3-17-5/2-Ə-35041/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət edilməli olduğu göstərilir; Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən cavabdeh tərəfindən işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün müraciət etsə də, cavabdeh aralarında bağlanmış əmək müqaviləsinə xitam verməmiş və bununla bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-2-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəlsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəlsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehi xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək hüququna malikdir, cavabdeh isə öz növbəsində onun bu barədəki tələblərini yerinə yetirməyə borcludur. Eləcə də əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmalı olduğundan, həmin bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək isə cavabdehin vəzifəsi olduğundan, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar