Məhkəmə qərarları › İş №2(008)-2026/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2026/2023

14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2026/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Ermənistan Respubikası Masis rayonu Zəhmət kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsini də Ermənistan SSR-nin Masis (Zəngibasar) rayonu Zəhmət kənd sovetindən xx.xx.1954-ci il tarixdə almışdır. Həmin doğum haqqında şəhadətnamədə adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Ermənistan SSR, Zəngibasar rayonu Zəhmət kəndi”, atasının adı “X16”, milliyyəti “azərbaycanlı”, anasının adı “X13”, milliyyəti “azərbaycanlı” yazılmışdır. Bildirir ki, həmin ZJ N 763098 doğum haqqında şəhadətnamə əsasında SSR pasportu almışdır. Onun 5 qardaşı və 3 bacısı var. O, 88-ci illərdə Ermənistandan qaçqın düşmüş və Azərbaycana gələrək burada, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşamışdır. 1994-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Lakin uzun müddətə qayıtmamış və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. O, xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 4 uşaqları var: xx.xx.1978-ci il təvəllüdlü X3, xx.xx.1979cu il təvəllüdlü X4, xx.xx.1980-cı il təvəllüdlü X7 və xx.xx.1982-ci il təvəllüdlü X8. Həyat yoldaşı və uşaqları Azrbaycan Respublikası vətəndaşlarıdır. Hal-hazırda o, doğum akt qeydini qeydiyyata saldıra bilmir. Bu səbəbdən də Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpasını xahiş etmişdir. Lakin Sabunçu rayon Qeydiyyat şöbəsi ona imtina məktubu verərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Onun nikah haqqında şəhadətnaməsində, attestatında və əmək kitabçasında adı “Ərizəçi” qeyd olunmuşdur. Göstərilənlərə əsasən onun xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndində doğulması barədə doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndi”, ata qrafasında “X16”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X13”, ananın milliyyəti olaraq “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi X10 ərizəni dəqiqləşdirərək, Ərizəçi xx.xx.1954cü il tarixdə Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndində doğulması barədə akt qeydinin bərpa olunması və həmin akt qeydində doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndi”, ata qrafasında “X16”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X13”, ananın milliyyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında ərizəçinin nümayəndəsi X10 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X14 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həmkəndli olmuş, eyni məktəbdə oxumuşlar. Ərizəçi ondan iki sinif yuxarı oxuyurdu. Ərizəçinin atası Əsgər, anası Həcər olmuş, hər ikisi vəfat etmişdir. İsrafil 1954-cü ildə doğulmuşdur, gününü və ayını isə xatırlamır. Ərizəçinin valideynləri azərbaycanlı olmuşlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı xx.xx.1954-cü ildə Ermənistanının Masis rayonunun Zəhmət kəndində doğulmuşdur. Masis rayonunun əvvəlki adı Zəngibasar olmuşdur. X1, anaları X9r. Valideynləri milliyyətcə azərbaycanlı olmuşlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid Əliyeva Əsli Əsgər qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı xx.xx.1954-cü ildə Ermənistanının Masis rayonunun Zəhmət kəndində doğulmuşdur. Masis rayonunun əvvəlki adı Zəngibasar olmuşdur. X1, anaları X9r. Valideynləri milliyyətcə azərbaycanlı olmuşlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı xx.xx.1954-cü ildə Ermənistanının Masis rayonunun Zəhmət kəndində doğulmuşdur. Masis rayonunun əvvəlki adı Uluxanlı, daha sonra Zəngibasar olmuşdur. X1, anaları X9r. Valideynləri milliyyətcə azərbaycanlı olmuşlar. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - P 75 ******* nömrəli pasportun surətindən görünür ki, X11 xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasında doğulmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin 78/05/15 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. - tərcüməsi notarial qaydada təsdiq edilmiş İ-OH seriyalı 598743 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 xx.xx.2006-cı il tarixdə nikah qeyd etdirmişlər. - tərcüməsi notarial qaydada təsdiq edilmiş AB seriyalı 264117 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, Ermənistan SSR Masis rayonu Zəhmət kəndində doğulmuş 1954-cü il təvəllüdlü Ərizəçi 1973-cü ildə Ermənistan SSR Masis rayonu Dəmirçi orta məktəbin tam kursunu bitirmişdir. - AZ-İV seriyalı 129600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X6r. - İİİ-CЛ seriyalı 262044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1979-cu il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X6r. - İİ-CЛ seriyalı 373929 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1978-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X6r. - ЗЖ seriyalı 425184 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1950-ci il tarixdə doğulmuşdur, atası X16, anası X9r. - ЗЖ seriyalı 521565 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.1953-cü il tarixdə doğulmuşdur, atası X16, anası X12r. - ЗЖ seriyalı 363530 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.1952-ci il tarixdə doğulmuşdur, atası X16, anası X9r. - ЗЖ seriyalı 763098 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur, atası X16, anası X9r. Doğum haqqında şəhadətnamə yararsız vəziyyətdədir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 24 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi yararsız vəziyyətdə olduğundan, doğum haqqında akt qeydini bərpa etmək, həmin sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 24 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü 24 oktyabr 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndi, atası X16, milliyyəti azərbaycanlı, anası X13, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 24 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü 24 oktyabr 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası Zəngibasar (Masis) rayonu Zəhmət kəndi, atası X16, milliyyəti azərbaycanlı, anası X13, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar