Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-205/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdeh qurumla aralarında bağlanmış müqaviləyə əsasən yaşadığı ev təbii qazla təchiz edilmiş və həmin ünvana qaz sayğacı quraşdırılmışdır. Lakin sonradan smart qaz kartından pul tutulması halları baş verdiyindən, bunun səbəbi barədə Cavabdehndən maraqlanmışdır. Həmin vaxt ona, barəsində xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1036,80 manat və xx.xx.2022- ci il tarixli ******* saylı akta əsasən 2073.60 manat məbləğində təbii qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən ona cəmi 3110.40 manat borcun hesablanması bildirilmişdir. Lakin ona bu barədə heç bir sənəd təqdim edilməmiş, o, yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, ona sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən aktlar tərtib edilən zaman onun iştirakı təmin edilməmiş, bu barədə məlumatı olmamışdır. Halbuki, Cavabdeh əməkdaşları heç vaxt onun yaşadığı ünvanda olmamış, həmin həyətdə qanunsuz qoşulma halını aşkar etməmişlər. Heç vaxt təbii qazdan qanunsuz formada istifadə etməmiş, qeyri-qanuni qoşulma hallarına yol verməmiş, hər zaman istehlak etdiyi təbii qazın dəyərini ödəmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən ünvan 2 ünvanında təbii qazdan sayğacdankənar əlavə xətlə qeyri-qanuni istifadə halları aşkar olunmuş və bununla bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. İstehlakçı tərəfindən təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə hallarını nəzərə alınaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin təbii qazdan sayğacdankənar əlavə xətlə qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00001 olan abonentin təbii qazdan sayğacdankənar qeyri-qanuni olaraq istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 17280 m3 itki hesablanmışdır. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən (təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr, abonentin saldosu) təbii qazdan qeyri-qanuni (qaz sayğacından kənar) istifadəyə görə itirilmiş qazın dəyəri 3110.40 manat məbləğində müəyyən olunur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Məhkəmə qeyd edir ki, akt tərtib edən qurumun nümayəndəsi tərtib edilmiş aktlar üzrə zərərin tutulması üçün daha tutarlı sübutlar təqdim etməlidir. Qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair abonentə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, abonentə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim etməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Göstərilənlərə əsasən, eləcə də, iş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyini nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, abonent İddiaçı təbii qazdan sayğacdankənar qeyri-qanuni olaraq istifadə etməsi təsdiqini tapmadığından, onun hazırkı iddiası əsaslıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı istifadəsində olan **********00001 saylı abonent koduna əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, 51,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı istifadəsində olan **********00001 saylı abonent koduna əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 51,10 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-205/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-205/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver