Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2074/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 borc qismində verdiyi 6000 (altı min) manat məbləğində nağd pulun, ödəniləcək pul məbləğinin gecikdirilməsinə görə illik 5 % əldən çıxmış fayda olaraq pulun, eyni zamanda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 6000 (altı min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2020 -ci ilin may ayında qarşılıqlı razılaşma əsasında borc münasibəti yaranmışdır. Beləki, həmin vaxt Cavabdeh pula ehtiyacı yarandığından, qısa müddət ərzində qaytaracağı şərti ilə ondan borc pul istəmişdir. Bu zaman Cavabdeh ilə aralarındakı dostluq münasibətlərinə güvənərək ona köməklik göstərməkdə razılaşmışdır və 6000 (altı min) manat məbləğində pulu təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə öz aralarında cavadehin əl-yazması ilə yazılmış razılaşma bağlamışlar. Həmin kağıza əsasən cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 18 ay müddətinə, hər ay üçün əldə etdiyi maaşının yarısı miqdarında, yəni aylıq 330 (üç yüz otuz) manat məbləğində pulu hissə-hissə ona ödəməyə razılaşdı. B u n u n l a da onların aralarında ödəniş qaydaları müəyyənləşdirildi. Lakin bundan sonra cavabdeh aralarındakı dostluq münasibətindən istifadə edərək ona borcu götürdüyü vaxtdan etibarən bugünədək heç bir ödəniş etməmişdir. Cavabdeh köməklik məqsədilə verdiyi 6000 (altı min) manat məbləğində borc pulun müəyyən hissəsini digər başqa şəxslərdən borc götürərək ona təqdim etmişdir. Dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, bugünə qədər heç bir nəticə əldə edə bilməmişdir. Belə ki, ilk vaxtlar borcunu qaytarmağı tələb etdikdə cavabdeh ona vəziyyətinin pis olduğunu və bu səbəbdən geri ödəniş etməyi üçün ona bir neçə ay vaxt verməyini istədi. Belə olan halda o aralarında olan tanışlıq münasibətinə arxayın olaraq, müəyyən qədər vaxt verməyə razılaşmışdır. Lakin bundan sonra cavabdeh yaranmış bu vəziyyətdən sui-istifadə edərək ona bu müddət ərzində heç bir ödəniş etməmişdir. Belə olduqda o, cavabdehə köməklik göstərmək üçün başqa şəxslərdən aldığı borc pulu qaytarmaq üçün bankdan kredit götürmək məcburiyyətində qalmışdır. Bankdan götürdüyü kreditdən istifadəyə görə onun üçün kifayət qədər yüksək dərəcədə faiz ödəyir. Beləliklə, o cavabdehə verdiyi 6000 (altı min) manat borcu geri əldə edə bilməməklə birlikdə bank qarşısında da maddi ziyana məruz qalmışdır. Artıq üzərindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər onun tərəfindən ona verilmiş borcları geri qaytarmamışdır. Bu da aralarında olan dostluq münasibətlərinə mənfi təsir etmiş, düşdüyü vəziyyət ona həm maddi, həm də mənəvi cəhətdən sarsmışdır. Hətta bu qədər pulun verilməsi zamanı ona həddindən artıq çox etimad etdiyindən borc müqaviləsi bağlanılması üçün notariat ofisinə getməyi belə tələb etməmişdir. Lakin cavabdeh onun etibarını sarsaraq artıq hüquqi vasitələrə əl atmağa məcbur etmişdir. Bu məqsədlə də pozulmuş hüquqlarının bərpası üçün o ədalət mühakiməsini həyata keçirən məhkəmələrə müraciət etmişdir. Bütün göstərilənlərə əsasən, Cavabdeh verdiyi 6000 (altı min) manat məbləğində nağd pulun, ödəniləcək pul məbləğinin gecikdirilməsinə görə illik 5 % əldən çıxmış fayda olaraq pulun, tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona görə geri qaytarılmasına dair son ümidi ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək iddiaçıdan cəmi 3500 manat məbləğində borc pul götürdüyünü bildirdi. Aralarındakı şifahi razılaşmaya əsasən pulu birdəfəlik ödəyəcəyini bildirmişdir. Lakin iddiaçıdan aldığı borc məbləğini qaytara bilmədiyi üçün maaş kartının iddiaçıya təqdim etmiş və faizləri iddiaçı özü maaş kartında çıxartmışdır. Sonradan maaş kartını dəyişən zaman maaş kartını iddiaçıya verməmişdir. Bununla da 3500 manat borc alsa da, iddiaçıya 6000 manat borcu olduğunu əlyazısı ilə yazaraq imzalamışdır. İddiaçıdan o cəmi 3500 manat məbləğində borc pul almışdır, qaytara bilmədiyi üçün o pul faizlərlə şişərək 6000 manat etmişdir. Bu səbəbdən də iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli Cavabdeh əlyazmasında görünür ki, İddiaçı 6000 (altı min) manat borcu olduğunu etiraf etmiş və 18 ay olmaqla hər ay ödəniləcək tarixlər göstərilməklə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə vaxtında ödənilməsi üçün pul vəsaiti vermişdir. İddiaçı tərəfindən verilmiş olduğu pulun məbləğinin 6000 manat olduğu qeyd edərərək və bu halı təsdiq edən cavabdeh tərəfindən yazılmış əlyazmanı da mülki işin materiallarına əlavə etmiş , cavabdeh isə həmin məbləğin daha az 3500 manat məbləğində olduğunu və həmin məbləği ödəmiş olduğunu israr etsə də, bu halları təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı bir tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2074/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2074/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver