Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-208/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ : İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 14a saylı mənzildən 18 kv.m sahəli otaq ilə 19 kv.m sahəli otaq arasındakı qapı keçidinin öz vəsaiti hesabına bağlanması yolu ilə və həmin hissəyə əvvəlki 14a mənzil nömrəsinin saxlanılması ilə 18 kv.m sahəli otaqdan ibarət payının naturada ayrılması, cavabdehin üzərinə öz hesabına 19 kv.m sahəli otağından həmin yaşayış sahəsi 14b saylı mənzil hesab edilməklə, həyət tərəfə qapı keçidi açmaq vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 14a saylı mənzilin mülkiyyətçisi anası X3muşdur. Onun vəfatından sonra miras əmlaka birinci növbəli vərəsələr o və bu iş üzrə cavabdeh olan qardaşı Cavabdehdir. Ona verilmiş vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilin A hissəsinə dair dövlət reyestrindən onun adına çıxarış təqdim edilmişdir. Mənzilin ikinci hissəsinin mülkiyyətçisi məsələsi açıq qalmışdır və bu hissə hələ də vəfat etmiş X4 adına qalmaqda davam edir. Həmin mənzilin ümumi sahəsi 46,20 kv.m-dir. Mənzil 3 mərtəbəli evin birinci mərtəbəsində yerləşir, hər birinin sahəsi 19 kv.m və 18 kv.m olan iki iç-içə otaqdan, 7,2 kv.m sahəli mətbəxdən və 2 kv.m sahəli ayaqyolundan ibarətdir. 18 kv.m sahəli otaq onun istifadəsində, 19 kv.m sahəli otaq isə cavabdehin istifadəsindədir. Cavabdeh qanun üzrə vərəsə olaraq mirasın qalan hissəsinə vərəsəlik şəhadətnaməsi almamışdır. Cavabdeh 19 kv.m sahəli otaqda 3 nəfər ailə üzvü, özü isə, oğlu ilə birlikdə yaşayır. Tərəflər kommunal xidmətlərə görə ödənişləri ayrı-ayrılıqda edirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsilə mübahisəli 3 otaqlı mənzil X6 və X7 arasında bölünmüşdür. Mətbəxdən 18 kv.m sahəli otağa giriş qapısı açmaq şərtilə 18 kv.m və 19 kv.m sahəli iki otaq 14a saylı mənzil hesab edilməklə X2 istifadəsində saxlanılmışdır. 19 kv.m sahəli bir otaq X2 yaşayış sahəsinə olan keçid qapısının bağlanması şərtilə X5 istifadəsində saxlanılmışdır. Cavabdeh və ailəsi öz otağına girib-çıxmaq üçün onların yaşadığı sahədən keçir. Bu onlara böyük narahatlıq yaradır. Mənzil birinci mərtəbədə yerləşir. Odur ki, 18 kv.m sahəli otaq ilə 19 kv.m sahəli otaq arasındakı qapı keçidini bağlayaraq, eyni zamanda 19 kv.m sahəli otaqdan həyət tərəfə qapı keçidi açmaqla iç-içə olan otaqların ayrılmasına texniki imkan vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, iş üzrə məhkəməyə təqdim ekspert rəyləri ilə razılaşmır. Odur ki, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil ona və bacısı İnnaya anasından miras qalmışdır. Mənzil iki otaqdan ibarət olub, bir otağında o, ailəsi – arvadı və azyaşlı uşaqları ilə, digər otağında isə bacısı və oğlu birlikdə yaşayırlar. Mətbəx və sanitar qovşaq ümumi istifadələrindədir. Məhkəməyə təqdim edilmiş rəylə razıdır. Odur ki, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(008)-2680/2005 saylı qətnaməsindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 14 saylı, 3 otaqlı mənzilin 2 hissəyə bölünməsi, 19 kv.m olan bir otaq, sahəsi 7 kv.m olan bir mətbəx, sahəsi 8.17 kv.m olan bir dəhliz, sahəsi 3.69 kv.m olan hamam və sahəsi 1.11 kv.m olan ayaqyolu X5 istifadəsində saxlanılmaqla, xüsusi mülkiyyətinə verilərək adına qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi, mövcud vəziyyətdə sahələri 18 kv.m və 19 kv.m olan, sahəsi 7,2 kv.m olan bir mətbəx , sahəsi 2 kv.m olan bir hamam-tualet 14 “a” saylı mənzil hesab edilməklə X2 (özü, oğlu, qızı) istifadəsində saxlanılaraq mətbəxdən mənzilə giriş qapısı açılmaqla, onun xüsusi mülkiyyətinə verilərək adına qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi, sahəsi 18 kv.m otaqla sahəsi 19 kv.m otağın arası və sahəsi 19 kv.m olan otaqla sahəsi 8.17 kv.m olan dəhlizin arasının daşla hörülərək bağlanılması qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 14a saylı mənzilin ½ hissəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmış, qalan ½ hissə isə açıq qalmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4853/2021 saylı tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4056 №-li rəyindən görünür ki, mübahisəli mənzilin bir giriş-çıxış qapısının olmasını, yardımçı tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/352 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri ünvan 1 ünvanında yerləşən 14a saylı mənzilinin bir giriş-çıxış qapısının olmasını, yardımçı (mətbəx, ayaqyolu, hamam) tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, xx.xx.2022-ci il tarixli, 10/4056 №-li və xx.xx.2023-cü il tarixli, 10/352 №-li ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə yuxarıda göstərilən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, ünvan 1 ünvanında yerləşən 14a saylı mənzilin naturada ayrılaraq İddiaçı ½ hissə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığını işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Belə olan halda, məhkəmə, bütün göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatlarının dəyəri qismində cəmi 100 manat məbləğində müəyyən edilmiş ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i̇ : İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-208/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-208/2023
11.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver