Məhkəmə qərarları › İş №2(008)-2099/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2099/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2099/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5262.98 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5292.98 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 10.03.2020-ci il tarixdə 04-117 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti tərəfindən **********00001 saylı abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********1 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq, qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırıİmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 31.05.2017-ci il tarixli, ******* saylı akt əsasında 159,40 manat; - 14.07.2017-ci il tarixli, ******* saylı akt əsasında 42,20 manat; - 16.08.2017-ci tarixli, ******* saylı akt əsasında 31,60 manat; - 11.09.2017-ci tarixli, ******* saylı akt əsasında 25 manat; - 25.10.2017-ci tarixli, ******* saylı akt əsasında 42,20 manat; - 28.11.2017-ci tarixli, ******* saylı akt əsasında 187,40 manat; - 22.01.2018-ci tarixli, ******* saylı akt əsasında 814,80 manat; - 14.02.2018-ci tarixli, ******* saylı akt əsasında 284,40 manat; - 14.03.2018-ci tarixli, ******* saylı akt əsasında 201,20 manat; - 20.04.2018-ci tarixli, ******* saylı akt əsasında 115,20 manat; - 22.05.2018-ci tarixli, ******* saylı akt əsasında 38,80 manat; - 27.08.2018-ci tarixli, ******* saylı akt əsasında 345,60 manat - 28.09.2018-ci tarixli, ******* saylı akt əsasında 115,20 manat; - 31.10.2018-ci tarixli ******* saylı akt əsasında 57,60 manat; - 28.12.2018-ci tarixli, ******* saylı akt əsasında 194,40 manat; - 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; - 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; - 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; - 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; - 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat; - 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; - 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; - 10.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 98,40 manat olmaqla, “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 4337,40 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə 2020-ci il üçün 100,30 manat, əvvəlki illərdən isə 825.28 manat faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borcu qalmışdır. Cavabdeh 2018-2020-ci illər ərzində təbii qaza cəmi 30 manat pul ödəmişdir. Bu da ona göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatının dayandırılmasına (bu barədə kəsim aktları tərtib olunub) baxmayaraq, o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən başqa, həyati təhlükəyə və qaz xətlərinə də ziyan vurulmasına səbəb olur). Cavabdeh tərəfindən cüzi ödəniş edildikdən sonra onun “Azəriqaz” İstehsalat Birliyinə olan borcu (itirilmiş təbii qazın dəyəri üzrə) saldo üzrə ümumilikdə 5262,98 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə onun arasında 10.03.2020-ci il tarixdə 04-117 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 2 saylı evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********00001 saylı abonent kodu verilmişdir. O, heç vaxt iddiaçı tərəfindən məhkəməyə təqdim olunan aktlarda göstərilən vaxtlarda sayğacdankənar qaz xəttinə qoşulmamış və qazdan sayğacdankənar istifadə etməmişdir. O, yalnız bir dəfə, yəni 2017-ci ilin yay aylarındak sayğacdankənar qaz xəttinə qoşularaq, təxminən üç ay qazdan bu üsulla istifadə etmiş və bir daha sayğacdankənar qaz xəttinə qoşulmamışdır. İddiaçı tərəfin təqdim etdiyi aktların heç biri onun iştirakı ilə və onun ünvanında yazılmamışdır. Əgər, həqiqətən də aktları tərtib edən şəxslər onun ünvanına gələrək qanunsuz qoşulma aşkar etmiş olsaydılar, həmin qanunsuz qoşulmanı ləğv edər və bu barədə aktda qeyd edərdilər. O, yalnız 2017-ci ilin yay aylarındak bir dəfə qaz xəttinə sayğacdankənar qoşulduğu üçün 31.05.2017-ci il tarixli, ******* saylı akt üzrə ondan tələb olunan 159,40 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini qəbul edir. Əsassız olduğu üçün digər aktların heç birini qəbul etmir. Eyni zamanda, 2020-ci il üçün faktiki istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 100,30 manat, əvvəlki illərdən isə 825.28 manat “Azəriqaz” İstehsalat Birliyinə borcu qaldığını etiraf edir. Ona görə də, hazırkı iddia tələbi üzrə ondan yalnız ümumilikdə 1084,98 manat məbləğində borcun tutulmasına etiraz etmir və qalan hissələrdə iddia tələbinin təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” “Azəriqaz” İstehsalat Birliyi ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 10.03.2020-ci il tarixli, 04-117 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 2 saylı evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00001 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış **********00001 saylı abonent saldosundan abonentin 2020-ci il üzrə 5274,38 manat məbləğində borcu olduğu müəyyən olunur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent kodu **********00001 olan Cavabdeh oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 2 saylı evə 31.05.2017-ci il, 14.07.2017-ci il, 16.08.2017-ci il, 11.09.2017-ci il, 25.10.2017-ci il, 28.12.2017-ci il, 22.01.2018-ci il, 09.02.2018-ci il,14.03.2018-ci il, 20.04.2018-ci il, 21.05.2018-ci il, 27.08.2018-ci il, 28.09.2018-ci il, 31.10.2018-ci il, 25.12.2018-ci il,31.01.2019-cu il, 28.02.2019-cu il, 29.03.2019-cu il, 30.04.2019-cu il, 30.05.2019-cu il 28.06.2019-cu il 31.07.2019-cu il 30.08.2019-cu il 30.09.2019-cu il 30.10.2019-cu il, 29.11.2019-cu il 30.12.2019-cu il 30.01.2020-ci il 28.02.2020-ci il 10.03.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (159,40 manat); ******* saylı (42,20 manat), ******* saylı (31,60 manat), ******* saylı (25 manat); ******* saylı (42,20 manat); ******* saylı (187,40 manat); ******* saylı (814,80 manat); ******* saylı (284,40 manat); ******* saylı (201,20 manat); ******* saylı (115,20 manat); ******* saylı (38,80 manat); ******* saylı (345,60 manat) ******* saylı (115,20 manat); ******* saylı (57,60 manat); ******* saylı (194,40 manat); ******* saylı (133,20 manat); ******* saylı (133,20 manat); ******* saylı (133,20 manat); ******* saylı (133,20 manat); ******* saylı (32,40 manat); ******* saylı (32,40 manat); ******* saylı (32,40 manat); ******* saylı (32,40 manat); ******* saylı (32,40 manat); ******* saylı (32,40 manat); ******* saylı (100,80 manat); ******* saylı (252 manat); ******* saylı (252 manat); ******* saylı (252 manat); ******* saylı (98,40 manat) saylı aktlar tərtib edilmiş (30 dəfə qanunsuz qoşulma aşkar edilərək, 30 akt tərtib edilmişdir) və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq ümumilikdə 4337,40 manat pul vəsaiti hesablanmışdır. Lakin, həmin Aktların hamısında yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, ilk dəfə 31.05.2017-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülübgörülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında yalnız bir dəfə, yəni 2017-ci ilin yay aylarınadək sayğacdankənar qaz xəttinə qoşularaq, təxminən üç ay təbii qazdan bu üsulla istifadə etdiyini, sonradan həmin qoşulmanı aradan qaldırdığını, bir daha sayğacdan kənar qaz xəttinə qoşulmadığını və 2017-ci ilin yay aylarınadək bir dəfə qaz xəttinə sayğacdankənar qoşulduğu üçün 31.05.2017-ci il tarixli, ******* saylı akt üzrə ondan tələb olunan 159,40 manat məbləğində pulun tutulması və 2020-ci il üçün 100,30 manat, əvvəlki illərdən isə 825.28 manat borclu olduğu hissələrində iddia tələbini qəbul etdiyini bildirərək, iddia tələbini qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün olmasa da, cavabdeh məhkəmə baxışı zamanı 31.05.2017-ci il tarixli, ******* saylı akt üzrə tələb olunan 159,40 manat məbləğində pulun və 2020-ci il üçün 100,30 manat, əvvəlki illərdən isə 825.28 manat borcun ondan tutulmalı olmasını etiraf etdiyindən, iddia həmin hissələrdə sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə, 159,40 manat və borca görə 925,58 manat məbləğində pul vəsaiti iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin olunduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 159,40 (yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində dəymiş ziyan, 925,58 (doqquz yüz iyirmi beş manat əlli səkkiz qəpik) manat məbləğində borc və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1099,98 (min doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar