Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2112/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi və tutulan pulların qaytarılması" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi və tutulan pulların qaytarılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 777,60 manat borcun silinməsi və həmin borca görə tutulan pulların qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsi, 4V nömrəli evə quraşdırılmış qaz sayğacı 26 oktyabr tarixdə dəyişdirildi və bu barədə ******* saylı akt tərtib edildi. Bir müddət əvvəl müəyyən etmişdir ki, adına olan **********00003 nömrəli abonent hesabında 777,60 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün cavabdehə müraciət etdikdə ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş MSK-14-2-2/3-5-11524/Q002 nömrəli xx.xx.2023-cü il tarixli sayğacın laboratoriyada yoxlanması aktında sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzikcızıq izlərinin olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən aydın oldu ki, Cavabdeh əməkdaşları tərəfindən evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 6480 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Cavabdeh heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə təqsirini sübut etmədən, 6480 kubmetr qaz itkisi hesablamış və hesabına 777,60 manat borc yazmışlar. Qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Sayğacın küçədə yerləşdiyi üçün istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda, Cavabdeh əməkdaşları bunu etməmişlər. Ona görə sayğac yoxlamaya aparılarkən də müəyyən zədələrə məruz qala bilər. Həmin sayğacda olan qüsurlara görə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi vəkil X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus sayğac Cavabdeh MSK-14-2-2/3-5-11524/Q002 nömrəli aktına əsasən istismara yararsız olduğu müəyyən edilmişdir. - Cavabdeh qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2-2/3- 5-11524/Q002 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cu il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6480 m³ hesablanmışdır. - 26.10.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, iddiaçıya 2023-cü ilin noyabr ayına aktlar üzrə 777,60 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması əsası ilə akt tərtib edilmiş, akta əsasən 6480 m³ qaza görə 777,60 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 777,60 manat borc silinməlidir. İddia tələbinin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların qaytarılması barədə hissəsini məhkəmə münasibət bildirərək qeyd edir ki, borc cavabdeh tərəfindən əsassız hesablandığından iddiaçıdan tutulan pullar qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00003) əsassız hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin və həmin borca görə tutulan pul məbləği ona qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-2112/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2112/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver