Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2133/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 2020-ci il tarixli aktın ləğv edilməsi, ona işığa görə əsassız hesablanmış 1775.81 manat cərimənin silinməsi və köhnə borc kimi - Barmek borcu adlandırılan 192.95 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2008-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında işığın alqı-satqısı müqaviləsi imzalanaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni işıq sayğacı quraşdırılmışdır. 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatmasını ona bildirərək sayğacı çıxırmış və onu yeni tipli sayğacla əvəz etmiş və bu barədə akt tərtib etmiş və həmin akta ona imza etdirmişlər. Sonradan ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 2020-ci il tarixli, akt və həmin akt əsasında tərtib edilmiş qərar, həmin qərarda işıq sayğacına müdaxilə nəticəsində ona 1775.81 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt işıq sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi işığa görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat işıq sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bundan əlavə köhnə borc kimi - Barmek borcu adlandırılan 192.95 manat borc onun adına hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımırdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bundan başqa cavabdeh təşkilat işıqsayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirməmiş və heçbir əsas olmadan ona cərimə hesablamışdır. Aralarında bağlanmış müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və onun təqsirli olmağını sübuta yetirməmişdir. Barəsində tərtib olunmuş akt etibarsız hesab olunmalı və ona işığa görə əsassız hesablanmış ona 1775.81 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin köhnə borc kimi - Barmek borcu adlandırılan 192.95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz etməyərək, borcun hansı səbəbdən yazılmasını sübut edən sənədlərin təqdim edilməsi mümkün olmadığından iddia tələbi üzrə məsələnin həllini məhkəmə mülahizəsinə buraxdığını bildirmiş və eyni zamanda bildirmişdir ki, sözügedən akt mövcud olmasada abonentin saldosundan görünür ki, iddiaçının 1774.81 manat borc Bakıelektrikşəbəkənin vaxtında yaranmış borc məbləği, digər borc məbləği barmek borcu olduğundan, hazırda həmin borclar cavabdeh təşkilat tərəfindən dondurulmuş borc hesab edilri. İddiaçı məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Aydəmirov Novruzəliyə məxsus abonentin saldosundan görünür ki, görünür ki, abonentin 192.96 manat və 1774.81 manat borcu mövcuddur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ İ seriyalı, 443530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə qaraciyər çatışmazlığından ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə üzrə nümayəndəliyinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə doğulmuşdur. X1, X5r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13- cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə ilk növbədə iddia tələbinin ilkin-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 2020-ci il tarixli aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdeh təşkilat tərəfindən ünvan 2 ünvanında yerləşən **********002X3 saylı abonent barəsində əsassız akt tərtib edilmiş olduğunu bildirsədə, sözügedən aktı məhkəməyə təqdim etməmiş, cavabdeh isə izahat verən zaman belə bir aktın mövcud olmadığı bildirdiyindən, iddia tələbi 2020-ci ildə tərtib edilmiş aktın ləğv edilməsi hissədində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin- işığa görə əsassız hesablanmış 1775.81 manat cərimənin silinməsi və köhnə borc kimi - Barmek borcu adlandırılan 192.95 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümyəndəsidə izahat verərək bildirmişdir ki, **********002X3 saylı abonentə məxsus saldodan sözügedən borcların mövcud olmuş olduğu görünsədə, həmin borcların yaranma əsaları təşkilata məlum olmadığından iddia tələbi 192.95 manat borcun silinməsi hissəsində tam, 1775.81 manat borcun silinməsi hissəsində isə qismən yəni saldoda müəyyən edilən məbləğ həddində 1774.81 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********002X3 saylı abonentə hesablanmış 192.95 (bir yüz doxsan iki manat, doxsan beş qəpik) manat borc və 1774.81 (bir min yeddi yüz yetmiş dört manat səksən bir qəpik) manat borc cəmi 1967.76 (bir min doqquz yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2133/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2133/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver