Məhkəmə qərarları › İş №2(008)-2134/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2134/2023

28.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2134/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 100 saylı əmrin ləğv edilməsi, iddiaçının valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində tərbiyəçi vəzifəsinə işə bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 oktyabr 2021-ci ildə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1№-li tam orta internat məktəbində tərbiyəçi vəzifəsində işləmişdir. Məktəbin rəhbərliyinin qoyduğu qadağaya əsasən uşaqların, telefondan, tumdan və saqqızdan istifadə etmələri qadağandır. İddiaçının qrupunda olan Nadir adlı uşaq məktəbdən qaçaraq evlərinə getmişdir. Həmin uşağın valideynlərinə xəbər edərək uşağı məktəbə gətirmişlər. Nadir məktəbə qayıdanda üzərində telefon olduğu üçün iddiaçı direktor müavini Vəfa Qəribovaya məlumat vermişdir. Vəfa xanım əvvəl telefonu almış, bir müddətdən sonra Vəfa xanım telefonu Nadirə qaytarmışdır. Sonra Nadir digər qrupun uşağında tum (semiçka) görüb iddiaçıdan tum tələb etməyə başladı. İddiaçı bu barədə Vəfa xanıma məruzə etdikdə Vəfa xanım təkrar Nadirin telefonunu alaraq iddiaçıya dedi ki, uşağın valideyininə qaytarsın. İddiaçı Nadirin valideynləri ilə əlaqə saxlayaraq telefonu gəlib götürmələrini bildirdi. Sonra telefonu mühafizə işçisinə təqdim etdi ki, Nadirin valideyini gəldikdə ona qaytarsın. Həmin vaxt mühafizənin işçisi iddiaçıya bildirdi ki, telefonun fonunda Nadirlə məktəbin digər şagirdinin qeyri-etik şəkli var. İddiaçı telefonu mühafizədən alaraq Vəfa xanıma telefonda olan şəkili göstərdi. Vəfa xanım əsəbləşərək Nadiri danladı. Bu vaxt Nadir otağa qaçaraq pəncərənin yanında dayanaraq iddiaçını təhqir edərək fincanı pəncərəyə vuraraq pəncərəni sındırdı və şüşə qırığını götürərək özünü öldürəcəyini bildirdi. İddiaçı dərhal Vəfa xanıma zəng etdi lakin, Vəfa xanım telefonu açmadı. Sonra iddiaçı Mərdan müəllimə yığdı, Mərdan müəllim telefonu açaraq niyə ona zəng etdiyini irad tutaraq telefonu yerə qoydu. Sonra iddiaçı digər tərbiyəçiyə zəng etdi və həmin tərbiyəçi hamını köməyə çağıraraq uşağın əlindən şüşə qırığını aldılar. Sonra iddiaçı Nadiri Vəfa xanımın yanına gətirəndə Vəfa xanımın səs-küyündən Nadir özünü kəsdi. Sonra uşaqlar iddiaçıdan şikayət yazdılar ki, iddiaçı onlara telefon vermir. Məktəbdə belə hallar tez-tez olurdu. Bu hadisə 12 noyabr 2022-ci il tarixdə baş verdi. 13 noyabr 2022-ci il tarixdə iddiaçı işə gedən zaman Vəfa xanım ona dedi ki, səndən şikayət var öz xahişin ilə ərizə yaz işdən çıx, ya da rəhbərlik səni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 Ç bəndi ilə işdən çıxaracaqdır. İddiaçı Vəfa xanıma inanmayaraq X3ə yaxınlaşdı. X3 iddiaçıya izahatları verərək tanış oldu. İzahatlarda qeyd olunmuşdur ki, guya iddiaçı uşaqları təhqir etmişdir. Lakin, o, uşaqları təhqir etməmişdir. Sadəcə rəhbərliyin göstərişini yerinə yetirərək telefondan istifadə etmələrinə qadağa qoymuşdur. Sonra məktəbə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları gəldi və uşaqları dindirdi. Uşaqlar dedilər ki, iddiaçı onları təhqir etməmişdir. Sadəcə telefondan istifadə etmələrinə qadağa qoymuşdur. Sonra Vəfa xanım iddiaçını çağıraraq ərizəsini aldı və ona dedi ki, narahat olma iki həftədən sonra səni təkrar işə qaytaracaqlar. Lakin, iddiaçıya söz verilən kimi çağırmadılar və məktəbin başqa tərbiyəçisi zəng edərək, işdən çıxma əmrinin hazır olduğunu bildirdi. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, bildirmişdir ki, ərizəçi 1№li internatın əmri ilə işdən çıxıb və Təhsil Nazirliyi bu iş üzrə cavabdeh deyil. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1№-li tam orta internat məktəbin tərbiyəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsaəsn xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutuduğu vəzifədən azad edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Belə ki, iddiaçını işəgötürən və əmək müqaviləsinə xitam verilməsi barədə əmri verən Təhsil Nazirliyi yox, 1№-li tam orta internat məktəbidir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki mülki iş üzrə məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin qanuni olub-olmamasını yoxlamağı zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar