Məhkəmə qərarları › İş №2(008)-2213/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2213/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2213/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız hesablanmış borca görə 201,76 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 68 yaşındadər, ünvan 1 ünvanda elektrik enerjisi üzrə 09020104X900004 saylı abonent istifadəçisidir. O, elektrik enerjisindən istifadəyə uyğun olaraq aylıq ödənişləri tam şəkildə ödəmişdir. Bu günə kimi heç bir borcu olmamışdır. O, 2023-cü ildə bilmişdir ki, ödədiyi işıq pulu bildirişində onun adı deyil, Reyhan adına bildiriş var imiş. İşıq idarəsinə sorğu verilmiş, Sabunçu rayon İşıq İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı adına abunə kodu yoxdur. Sonra araşdırma aparılmış, onun adının səhv yazıldığı müəyyən edilmişdir. İşıq idarəsində hər hansı bir işıq nəzarətçisinin səhvinə görə adı Reyhan olaraq bilinmişdir. Dəfələrlə gedib-gəlməkdən yorulmuşdur. Cavabdeh Azərişıq Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş, cavab vermişlər ki, 2005-ci ildən qalan 201 manat 76 qəpik borcu var, ödənildikdən sonra adı düzəldilə bilər. Onun heç bir borcu olmadığından, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, faktiki yaşadığı ünvan 2 ünvanı 2002-ci ildə inşa edilmişdir. 2004-cü ildə həmin həyət evini alqı-satqı əsasında almışdır. İşıq idarəsi ona demişdir ki, 2005-ci ildə borcu yaranmışdır. Özbaşına tikilmiş ünvan 3ünvanı onun daimi yaşayış evidir. Buna dair onun adına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhər bələdiyyələrinin sifarişi əsasında tərtib edilmiş texniki pasport vardır. Onun yaşadığı evdə qeydiyyatı yoxdur, yaşayış yerində ünvanda daimidir. Elektrik enerjisindən İstifadə Qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən orta gündəlik hesabına uyğun aparılır .Bu günə kimi onun borcu olmamış, borc barəsində də ona bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu rayon enerji təchizatı və satışı idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində İddiaçı adına "xxxx" ASC-nin komputer informasiya bazasında abunə kodu yoxdur. İş materiallarında abunə kodu 09020104X900004 olan abunə haqqında vərəqədən görünür ki, X2 201,76 manat məbləğində borc hesablanmışdır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından müəyyən olunur ki, elektrik enerjisi sərfinə yazılmış borc iddiaçı aid deyildir, abunə haqqında vərəqəyə əsasən X2 aid olmuşdur. Bu səbəbdən elektrik enerjisi sərfinə görə cavabdeh tərəfindən İddiaçı abunə koduna hesablanmış ziyan məbləği "xxxx" ASC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və 09020104X900004 nömrəli abonent koduna hesablanmış 201,76 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət büdcəsi mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlaraəsasənvə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı elektrik sərfiyyatına görə tələb olunan 201,76 manatın silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar